“Mən Bakını qorumaq üçün mitinqə qoşulacağam” – Çingiz Abdullayev
Xalq yazıçısı Çingiz Abdullayev İçərişəhərdə divarın uçurulmasına və restoran tikintisinə qarşı çıxıb.
İnterPosta.info-nun məlumatına görə, o, özünün “Facebook” səhifəsində doğma şəhərinin qorunması naminə mitinqə birinci çıxacağını bildirib. “İçərişəhər bizim şəhərimizin, xalqımızın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və indimiz, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə qala divarının dağıdılmasının fotoşəkilləri var. Restoran barədə danışırlar. Hələ heç nə aydınlaşmamış vaxtından əvvəl qərar vermək istəmirəm.
Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir və çox yanlışdır. Əgər lap bərpa işləri də gedirsə, orada heç restoran olmayacaqsa belə (lakin deyirlər ki, yenə olacaq). Axı insanları belə dəlilik səviyyəsinə çatdırmamaq mümkündür. Mətbuat katibləri, yaxud məlumat xidmətləri vasitəsilə insanlara nəyin baş verdiyini izah etmək olar. Kimsə mənə izahat versin ki, nəyə görə mütəmadi olaraq insanları alçaldıb, onların fikirləri və istəkləri ilə hesablaşmırlar. Nə qədər olar?” – Çingiz Abdullayev yazır.
“Bir daha dəqiqləşdirim – bu qeyd dağıdılmış divar haqqında deyil. Bu qeyd bu şəhərdə yaşayan insanlara dərin hörmətsizlik haqqındadır. Bu, Mənim şəhərimdir. Pirşağıdakı qəbiristanlıqda mənim 40-a yaxın ən əziz qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn edilib, burada uşaqlarım anadan olub.
Bu, bütün dünyada ən çox sevdiyim şəhərdir. Və əgər sabah bu şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. Bu şəhərdə bizim hazırkı Prezidentimiz anadan olub. Bu, onun da şəhəridir. Bu şəhərdə bizim Birinci vitse-prezidentimiz də dünyaya gəlib. Bu, onun da şəhəridir. Bu, bizim şəhərimizdir! Biz də müdafiə etməsək, onu kim müdafiə edəcək?” – Çingiz Abdullayev bildirib./Virtualaz.org
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26