Interposta.Info

Azərbaycanlı milyarder 436 milyonluq yaxtanı keçmiş həyat yoldaşından geri aldı

Ölkə
 1-04-2019, 08:40     10 319

Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Fərhad Əhmədov 436 milyon dollarlıq yaxtasını keçmiş həyat yoldaşından geri alıb. Bu barədə məhkəmə qərar çıxarıb.

Bizimyol.info xəbər verir ki, həmin yaxta biznesmenlə həyat yoldaşı Tatyana arasında uzun müddət davam edən boşanma prosesi zamanı qadına verilmişdi. F.Əhmədov Britaniya məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib. Dubayda apellyasiya məhkəməsi onun şikayətinə baxıb və sözügedən qərarı ləğv edib.
Britaniya məhkəməsinin qərarına əsasən, neft-qaz milyonçusu boşanmadan sonra keçmiş həyat yoldaşına 600 milyon dollar ödəməliydi.

"Bloomberg” agentliyi Fərhad Əhmədov və həyat yoldaşı arasında nikahın pozulması prosesini "Britaniya tarixində ən bahalı boşanma” kimi qiymətləndirib. Amma Dubay məhkəməsi belə nəticəyə gəlib ki, yaxtanın biznesmendən alınması mümkün deyil, ona görə də Britaniya məhkəməsinin qərarı ləğv olunmalıdır.

"Fərhad Əhmədov qərardan razıdır. Britaniya məhkəməsinin qərarı kimi, keçmiş həyat yoldaşının da onun aktivlərini ələ keçirmək cəhdləri yanlış idi”, – biznesmenin nümayəndəsi Dubay məhkəməsinin qərarını şərh edərkən belə deyib.

Məhkəmədə Fərhad Əhmədov iddia edib ki, Tatyana ilə hələ 2000-ci ildə Rusiyada ayrılıblar. Amma ingilis hakim Çarlz Heddon-Keyv deyib ki, onların həmin vaxt ayrıldığını təsdiqləyən mötəbər sübut yoxdur. Əhmədovun məhkəməyə təqdim etdiyi sənədlər isə saxtadır.

Britaniyalı hakim əlavə edib ki, məhkəmə prosesinin axırlarında əmlak bölgüsü araşdırılarkən Fərhad Əhmədov yaxtasını Dubaya qaçırıb. Hesab edib ki, oradakı əmlaka Britaniya məhkəməsinin əli çatmayacaq: "O həm də yaxtasını başqa şirkətlərin adına qeydiyyatdan keçirərək, onu gizlətməyə çalışıb”.

Məhkəmə Fərhad Əhmədovun aktivlərinin dondurulmasına da qərar verib. Məqsəd isə bu olub ki, keçmiş arvadı ona çatası pulları ala bilsin.

Amma Dubay məhkəməsi belə nəticəyə gəlib ki, yaxtanın müsadirəsi səhv qərardır. Həm Fərhad Əhmədov, həm də keçmiş həyat yoldaşı Tatyana Əhmədova Rusiya vətəndaşlarıdır. T.Əhmədovanın həm də Böyük Britaniyada yaşayış hüququ var.

Dünyada zənginlərin reytinqini müəyyənləşdirən "Forbes” jurnalı Fərhad Əhmədovun var-dövlətinin 1.4 milyard dollardan çox olduğunu yazır.

Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. 1970-ci ildə Rusiyaya gedən Əhmədov 1987-ci ildə "Tansley Trading” şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26