Interposta.Info

Bakıda bina tikənlər daha bir icazə sənədi almalıdır-baş nazirdən qərar

Ölkə
 27-02-2019, 08:57     10 492

İndi tikinti üçün dövlət ekoloji ekspertizasının rəyi də lazım olacaq
“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na dəyişikliklər edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci yarımbəndindən sonra aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilib:

“3.1.1.6. ”Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi."

Prezident İlham Əliyev ötən ilin avqustunda “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

2018-ci il 28 dekabr tarixli fərmanla isə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”təsdiq edilib.

Qərara görə, tikintiyə icazənin alınması ilə bağlı müraciət və tikintiyə icazənin əldə edilməsi “bir pəncərə” əsasında həyata keçirilir.

Belə ki, sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur.

Müraciətə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə) və sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilir. Baş nazirin imzaladığı qırarla indi bu sənədlərə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi də əlavə olunmalıdır.

Yeri gəlmişkən, 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblər./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26