Interposta.Info

İlham Əliyev 3 sərəncam imzaladı

Ölkə
 4-02-2019, 19:19     10 360

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İnterPosta.info
xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***
Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində mühüm xidmətlərini nəzərə alaraq ustad sənətkar Seyid Şuşinskinin anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26