Interposta.Info

Süpürgəçiləri Bakı Metrosundan “süpürüb atdılar” - Özəl şirkətlə müqavilə bağlandı

Ölkə
 15-01-2019, 19:24     10 519

“Bakı Metropoliteni” QSC stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib. Bu qərarın qəbul edilməsinə səbəb stansiyalarda təmizlik işlərinin özəl şirkətlərdən birinə həvalə olunmasıdır.

Qərar uzun illərdir Metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub.

Təmizlik işçiləri bu məsələdə hüquqlarının qorunması üçün artıq müxtəlif dövlət orqanlarına müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyirlər. Bir sözlə, Metropoliten rəhbərinin bu qərarı onları çətinliklə qazandıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər işsiz qalmalarının ailələrinə ciddi sosial problem yaradacağını bildiriblər.

Mənbə bildirir ki, əslində QSC rəhbərliyi ilə şirkət arasında razılaşma olub və bu razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa bilərlər. Amma, şirkət rəhbərliyi təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Şirkət işçilərdən birinin kök, birinin yaşlı olduğunu deyərək və digər bəhanələr gətirərək təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Digər tərəfdən isə, yeni şirkət işçilərə Metropolitendən aldıqlarından daha az əmək haqqı təklif edir.
Süpürgəçiləri Bakı Metrosundan “süpürüb atdılar” - Özəl şirkətlə müqavilə bağlandı
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarın verməsinin səbəblərini açıqlayıb: “2014-cü ildə QSC yarananda ölkə başçısı "Bakı Metropoliteni"nin rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnologiyaların tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”.

Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi “Tais İFK” MMC şirkətinə həvalə edilib: “Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerlər vasitəsilə təcrübəni öyrənib və qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürsün. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki, şirkətdə çalışmaq istəmirsə, Metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”.(unikal.org)
Süpürgəçiləri Bakı Metrosundan “süpürüb atdılar” - Özəl şirkətlə müqavilə bağlandı
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC təmizlik işlərini tenderdə qalib gələn “Tais İFK” MMC-yə həvalə edəcək. Bununla bağlı QSC ilə şirkət arasında müqavilə imzalanıb.

Bildirilir ki, “Bakı Metropoliteni” QSC tərəfindən 11.12.2018-ci il tarixdə keçirilmiş 2 lot üzrə “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ elektrik mallarının və stansiyalarda təmizlik işləri xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-2 stansiyalarda təmizlik işləri xidmətinin alınması üzrə “Tais İKF" MMC qalib elan olunub. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 1 999 994,08 (bir milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan dörd manat 08 qəpik) manat məbləğində 11.01.2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanıb./Virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26