Interposta.Info

Ağdam köçkünü əldən düşmüş inəklərdən imtina edib - təfərrüat (VİDEO)

Ölkə
 5-01-2019, 09:36     10 865

Vaqif Seyidov: “Heyvanlar çox xəstə, yaşlı, sağlamlığı yox idi, balaları yox idi, qısır idilər”
“2018-ci ilin martında özünüməşğulluq proqramına yazıldım. Təlimlərdən sonra biznes-plan yazdıq. Biznes planda yazılmışdı ki, 5 min manatlıq heyvanla təmin olunacağıq. Daha dəqiqi, 3 baş yanıbalalı, südlük, iribuynuzlu heyvanla təmin olunacaqdıq. 12 noyabr 2018-ci ildə Yevlax Məşğulluq İdarəsinin işçiləri mənə heyvan gətirdilər. 2 ədəd heyvan idi, hərəsinin 300-400 manat qiyməti olardı. Bu heyvanlar çox xəstə, yaşlı, sağlamlığı yox idi, balaları yox idi, qısır idi. Ona görə də imtina etdim, götürmədim. Çünki biznes planda 5 min manatlıq heyvan yazmışdılar”.

Bunu Ağdam köçkünü Vaqif Barat oğlu Seyidov sosial şəbəkədə yayılmış çıxışında deyir.

Vaqif Seyidov sosial şəbəkədəki çıxışında deyir ki, məşğulluq mərkəzinin əməkdaşları ona ağ kağızlara imza atdırmaq istəyiblər: “İnəyin birinin belində yara da vardı. Məşğulluğun əməkdaşlarının yanında tanımadığım şəxslər də vardı. Soruşdum, adlarını da demədilər. Bu adamlar mal bazarının alverçiləridir. Heç bir sənədləri də yoxdur. Yevlax Məşğulluq Mərkəzinin əməkdaşları məndən tələb etdilər ki, verdikləri ağ kağıza yazım ki, 2 ədəd boğaz heyvan almışam. Mən də dedim ki, yaza bilmərəm, düzgün deyil, bu inək qısırdır, heç boğaz da deyil. Heç boğaz olsaydı da, götürməzdim, çünki bu heyvanların qiyməti 300-400 manatdır. Bizə təlimdə deyirdilər ki, heyvanı 2 il saxlamalıyıq. Həmin heyvanlar bizə cərimə olaraq verilir. Eşitmişəm ki, həmin heyvanları biz götürməyəndən sonra kolbasa sexlərinə aparıb təhvil veriblər. Çünki həmin heyvanlar saxlamaq üçün yararsızdır. Sıradan çıxmış heyvanlardır. 200-300 manata alıb, dövlətə birini 2500 manata satırlar və bizə verirlər”.

Vaqif Seyidov ölkə rəhbərliyindən kömək istəyib: “Xahiş edirəm ki, mənə 3 baş yanıbalalı, sağlam, südlük heyvanın verilməsində köməklik edin. Əgər mənə sağlam, südlük inəklər verilsəydi, südünü satıb ailəmi dolandırardım, balasını da saxlayardım, böyüdərdim, maldarlıq biznesimi inkişaf etdirərdim. İşsizlik statusum da ləğv olunardı, ailəmi dolandıra bilərdim”.

Ümumiyyətlə, Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də az deyil. Proqrama qoşulanlar dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, qotur olmasından ciddi şəkildə narazıdırlar.

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi.

Oxşar problem Şəkidə də yaşanıb. İpəkçi.info saytı bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Şəkidə də vətəndaşlara heyvanların verilməsi zamanı məlum oldu ki, sakinlərə qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib.

Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərinin icrası üçün ötən ilin iyul və avqust aylarında ümumi dəyəri 30,3 milyon manat olan 3 müqavilə imzalayıb. Müqavilələr satınalma müsabiqəsi keçirilmədən birbaşa bağlanıb. Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb. Vətəndaşlara qotur, qısır, şil, dişsiz, son dərəcə əldən düşmüş, çıxdaş heyvanları da məhz bu MMC-lər vətəndaşlara sırayır və ya buna cəhd edirlər.

İnterPosta.info

Ağdam köçkünü əldən düşmüş inəklərdən imtina edib - təfərrüat (VİDEO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26