Interposta.Info

Bu gün Bakıda möhtəşəm parad keçiriləcək

Ölkə
 15-09-2018, 09:08     10 431

Paytaxtımızın işğaldan azad edilməsinin yüz illiyi təntənəli şəkildə qeyd olunacaq
Bu gün - 15 sentyabrda Bakıda möhtəşəm hərbi parad keçiriləcək. Azadlıq meydanında baş tutacaq parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunub. Paradın aparıcısı əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq. O, bu il 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi paradın da aparıcısı olub.

Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

Qafqaz İslam Ordusunun azad etdiyi şəhərdə keçiriləcək bu möhtəşəm paradda Azərbaycan prezidenti İlham Əliyevlə bərabər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Hərbi təyyarələrimiz sentyabrın 14-də bu tarixi günlə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib. “Report”un məlumatına görə, uçuşlar, əsasən, paradın keçiriləcəyi Azadlıq meydanı və Bakı buxtasının üzərindən olub. Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Məlumat üçün bildirək ki, Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşdırmalarla bağlı “Qafqazinfo”ya açıqlama verən BŞDYPİ-nin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov alternativ yolları qeyd edib. O bildirib ki, hərəkət Bakı-Salyan yolunun 14-cü km-dən Dağüstü yolla Yasamal rayon və yaxud “20 Yanvar” ərazisindən keçməklə təmin olunacaq:

“20-ci sahədən hərəkət Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Səbayel və yaxud Yasamal rayon ərazisindən keçməklə təşkil edilir.

Eyni zamanda, Bayıl qəsəbəsindən keçərək Bayraq Meydanı kimi tanınan ərazidən Mikayıl Hüseynov küçəsi ilə Teleteatr inzibati binasının yanından “Sovetski” kimi tanınan ərazidən Yasamal və s. kimi ərazilərə hərəkət təmin ediləcək.

“Dalğa Plaza” inzibati binasının yanından Mikayıl Hüseynov və Səbayel rayon Bayıl qəsəbədaxili yollarla hərəkət etmək mümkün olacaq.

Həmçinin, Mehdi Hüseyn küçəsi Teleteatr inzibati binasının yanından alternativ yol kimi hərəkət Parlament prospekti istiqamətində nəzərdə tutulub. Afiyəddin Cəlilov, Yusif Səfərov küçəsindən hərəkət yalnız Yusif Səfərov küçəsi ilə 10-cu zavod dairəsindən keçməklə Nəriman Nərimanov və metronun müxtəlif stansiyaları istiqamətində nəzərdə tutulub. “28 May” və Yusif Səfərov küçələrinin kəsişməsindən hərəkət edərək Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva keçməklə Nəsimi rayon ərazisi üzrə təşkil edilib və s.

Keçirilən tədbirin mahiyyətini hər bir sürücü düzgün qiymətləndirib alternativ variantlardan istifadə etməyə çalışmalıdır".

Qeyd edək ki, sözügedən yollarda hərəkətin məhdudlaşdırılması səhər saat 06:00-dan hərbi parad tam bitənə kimi nəzərdə tutulub.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26