Interposta.Info

Ölkəmizi ən təhlükəsiz dövlətlər sırasında

Ölkə
 7-07-2018, 09:03     10 306

“Azərbaycandakı sabitlik millətin iradəsinin məhsuludur, bunu hər birimiz qorumalıyıq”
Azərbaycan Amerikanın ictimai rəy institutu olan “Qallup”un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb. Report xəbər verir ki, sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib.

Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub.

Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı suallar ünvanlanıb. Sorğunun yekununda reytinq tərtib olunub və ona Sinqapur liderlik edib. Siyahıda ikinci yeri Norveç, İslandiya və Finlandiya bölüşüb. İlk onluğa Özbəkistan, Honkonq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Niderland daxil olub.

Azərbaycanın 25-ci sırada qərarlaşmasının təsadüf olmadığı qeyd olunur. Son illərdə dünyanı ağuşuna alan terror aktlarının ölkəmizdə yaşanmaması, eləcə də bu tipli hadisələrin baş verməməsi belə bir nəticəni ortaya çıxarıb. Son günlərdə ölkə daxilində enerji sahəsində baş verənlərdən doğan təhlükəli vəziyyət, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi belə sorğunun nəticələrinə təsir etməyib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müharibə keçmişi olan ölkələrdə sabitliyə nail olmaq o qədər də asan məsələ deyil: “Azərbaycan müəyyən bir inkişaf yolu keçdi. Ölkəmizdə hər kəs dərk etdi ki, mən qohuma, qonşuya, yaxud da fərqli düşünən insana qarşı qəzəbimi silahla ifadə edə bilmərəm. Doğrudur, bunlar çox qeyri-sabit bir regionda baş verməkdə idi. Biz Qərbdə tədbirlərdə iştirak edəndə bizdən coğrafiyamızı soruşanda deyirik ki, Rusiya və İranın, o cümlədən Osmanlı imperiyasının yadigarı olan Türkiyənin qonşuluğundayıq. Dərhal bizə deyirlər ki, çox ağır bir bölgədəsiniz. Aralıq bir ərazidə sən daim cinahlardan gələn axınların, narkotikdən tutmuş qaçaqmalçılığa qədər, yaxud da terrorçu qrupların hamısının hədəfindəsən. Dediyiniz təhlükəsizlik qiymətləndirmələri və əmsalları konkret olaraq ölçülür. Bu adi şeylərlə ölçülmür. Burada sosial parametrlərdən tutmuş iqtisadi, siyasi şəraitə qədər hamısının özünəməxsus yeri var. Bu sabitlik sakitlik anlamında deyil, daxili bir dinamizmə malikdir. Biz hamımız onu yaxşı anlayırıq ki, bu, yalnız hakimiyyətin sərvəti deyil, bir qüvvəyə malik deyil, bütövlükdə bu millətin üstünlüyüdür və onu daxildə hamımız qeyd edirik. Azərbaycanda son günlərdə enerji sektorunda baş verənlər təkcə iqtisadi ziyanlar vurmadı. Özü ilə bərabər dayanaqsızlıq gətirdi. Vətəndaş liftdə qalırsa, özünə qarşı panik hərəkət törədirsə, fərq etmir ki, sən onu silahla qətlə yetirirsən, yoxsa hansı şəraitdə olur. Bu, müəyyən qədər güvəncimizə xələl gətirmiş oldu. Həmçinin Gəncədə atılan atəşin də səsi Bakıda eşidilmişdi. Bu yaxşı sayıla bilməzdi. Biz onu məramından və məqsədindən asılı olmayaraq qətiyyətlə pisləməliyik. Çünki bu təkcə icraedici orqanın təmsilçisinə qarşı törədilmir. Bizim hamımızın öyündüyü və tanımaq istədiyi hüquqi prinsiplərə ziddir. Hər kəs öz münasibətlərini silahla həyata keçirmək istəsə, gerçəkdən də bu, hamının hamıya qarşı mübarizəsini doğurardı ki, bu da heç kəsə fayda verə bilməzdi. Ona görə də Azərbaycandakı sabitlik millətin iradəsinin məhsuludur. Bunu hər birimiz qorumalıyıq. Əgər haradasa problemlərimiz varsa, onu da anlayışla, dialoqla aradan qaldırmalıyıq. Prezident seçkiləri zamanı ilk debatda ölkədə vətəndaş sülhünün olduğu şəraitdə siyasi qarşıdurmaların, yaxud düşmənçiliyin çox böyük ziyan vurduğunu qeyd etmişdim. Barış üçün yolların aranmasını təklif etmişdim. Bu gün də eyni mövqedə qalıram. Hesab edirəm ki, bu, ziyanlı bir tendensiyadır. İqtidar və müxalif qüvvələr bir-birinin qapısını açmağı bacarmalıdır. Ona görə dediyiniz hesabatlar beynəlxalq münasibətlərə səbəb olur, investorlara təsir edir. Riskli ölkələrlə kim təmasda olmaq istəyər?”

Deputatın Azərbaycanın təhlükəsizliyinin gələcəkdə də qorunacağına inamı tamdır: “Əminəm ki, ölkə prezidenti regional və beynəlxalq miqyasda prosesləri, maraq qruplarını, əsas da geopolitik tendensiyaları çox yaxşı bilir və görür. Son müşavirədə ölkə rəhbəri məmuru xalq qarşısında üzr istəməyə vadar edərkən həm də məsələnin başqa bir yönü var. Məsələ ondan ibarətdir ki, bir lider daha qlobal savaşları görürkən daxildə zərbə alanda bunu rahatlıqla, məmnunluqla qəbul edə bilməz. Bir yerdə ki, sən bu gün ölkələrarası savaşı görürsən, hər gün masanın üzərinə müxtəlif dairələrin, kəşfiyyat qruplarının təxribatları, bir-birinin əleyhinə səlib yürüşləri görünür. Necə ki, İran təzədən sanksiyalar dövrünə qaytarıldı. Əvəzində Rusiya ilə münasibətlər daha da kəskinləşməkdədir. Bölgədə də daha mənfi tendensiyalar gedir. Suriyadan ixrac olunan xaos növbəti ünvan axtarır, ənənəvi hakimiyyətləri devirib yerində başqasını qururlar, o da həmin ərazidə baş verənlərə nəzarət edə bilmir. Belə olan təqdirdə əminəm ki, prezident bildiyi və gördüyü hadisələr düzənindən çıxış edərək hər bir məmura, vətəndaşa siqnal edir ki, bunu qorumalıyıq. Sənin mənsub olduğun bir sektorda yaranan böhran, qısa qapanma təsirsiz qalmır. Sonuncu hadisələrdən sonra deyirik ki, iqtisadi ziyanlar da çəkmişik, mənəvi və digər itkilərimizi bir qırağa qoysaq. Siyasi cəhətdən də bunlar ölkədə müəyyən bir dayanaqlığa, güvənə təsir edib. Bunlar olmamalıdır. Bu baxımdan əminəm ki, bu sabitliyi qorumağı hamımız dərk etməkdəyik. Hər kəs başa düşməlidirlər ki, biz sabitliyi birgə qorumalıyıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26