Qlobal ticarət savaşı: Kim qazanacaq, ABŞ, yoxsa rəqibləri?
İqtisadçı ekspert: “Qlobal baxanda, bu addım dünya ticarətinin zəifləməsinə, dünya ticarətində ölkələrin bir-birinə qarşı belə addımların atılmasının surətlənməsinə səbəb ola bilər ki, bu da ABŞ-a böyük ziyan gətirəcək”
“Tramp Ümumdünya Ticarət Təşkilatının, dünya ticarətinin qaydalarına uyğun davranmır və bu qaydaları pozur”.
ABŞ-da Donald Tramp seçkiqabağı prosses zamanı verdiyi ən böyük vədlərindən birini yerinə yetimək üzrədir və Trampın bu addımı dünyanı silkələyə və tamam yeni siyasi-iqtisadi və geosiyasi vəziyyət yarada bilər. Söhbət təbii ki, artıq sinalı verilən və demək olar ki, qarşılıqlı olaraq elan edilən ticarət savaşından gedir. Maraqlıdır ki, ABŞ-ın milli maraqlarını əlində əsas tutan Tramp üçün bu savaşda kimlərlə üz-üzə gəlməsi əhəmiyyətsiz görünməkdədir. Çünki Ağ Ev həm geosiyasi düşməni olan Rusiya və Çinə, həm də geostrateji müttəfiqləri olan Kanada, Meksika, Avropa Birliyi, Latın Amerikası və digər inkişafda olan 3-cü dünya ölkələrinə savaş elan edir. Və belə görünür ki, ABŞ prezidenti bütün dünyaya qarşı tək savaşmağı düşünür.
Xatırladaq ki, ticarət savaşı ABŞ-ən alüminium idxalına gömrük rüsumları və başqa məhdudiyyətlər qoymaq hədəsi ilə ortaya çıxıb, daha sonra isə məsələ hay-tekə (yüksək texnologiyalara-red.) qədər gedib çatıb və artıq Tramp adminstrasiyası bu hədəni reallaşdırmaq üzrədir. Çinlilər ABŞ-ın kənd təsərrüfatı məhsullarına – ət, soya paxlasına sanksiya qoymaqla eyni cavabı verəcəklər. Rusiya hələki səssizliyini qorusa da, artıq ABŞ-dan aliminium məsələsində böyük zərbə alıblar. Belə ki, sanksiyalara məruz qalan rusiyalı iş adamı Oleq Deripasaya aid olan, Rusiyanın əsas aliminium istehsalçısı “Rusal” şirkəti artıq iflasın eşiyindədir və ruslar məlum sanksiyanı “Rusal” şirkətinin üzərindən götürmək üçün müxtəlif yollara baş vururlar. Avropa Birliyi də öz növbəsində ABŞ-ın bu qadağalarına qarşı adekvat tədbirlər həyata keçirəcəklərini bildirirlər. Eyni bəyanatlar Kanada və Meksikadan da səsləndirilməkdədir.
Düzdür, hələlik yalnız hədələr səslənib, buna baxmayaraq artıq demək olar ki, ox yayından çıxıb. Çünki Trampın geri addım atacağı ehtimalı çox aşağıdır.
Yaranmış vəziyyətlə bağlı dünyanın mal və fond bazarları silkələnməkdədir. Hər şeydən əvvəl ona görə ki, mübahisə boş-boşuna deyil, durum ABŞ üçün ümidsizdir. ABŞ-ın məlumatına görə, ölkənin Çinlə ticarəti keçən il kəsirlə 375 milyard dollara və Çin versiyasına görə, 276 milyard dollara çatıb. ABŞ bir çox ölkələrlə ticarət dövriyyəsində uduzur, artıq bu planda Çin liderlik edir.
Söhbət ABŞ-ın qlobal iqtisadiyyat kimi varlığından gedir. Büdcədəkiləri demirik, ticarətdəki kəsirlər Ştatların borcunu 21 trilyona qədər artırıb və sayğac işini davam etdirir. Dollar çap edən və yalnız buna görə hələ var olan ölkənin maliyyə iflasının necə görünəcəyini heç kim bilmir. Habelə bunun hansı anda baş verəcəyini də kimsə bilmir. Belə ki, bir dövlətin başqasına tarif hücumu ABŞ prezidentinin xasiyyətinin ziyankarlığından deyil, tamamilə izah olunan səbəblərdən baş verib.
İndi isə Donald Tramp demək olar ki, ABŞ-ın ən yaxın müttəfiqləri də daxil olmaqla bütün dünya ilə ticarət savaşının başlanmasının startını verib. Faktiki olaraq ABŞ Kanada, Meksika, Yaponiya, Avropa Birliyi də daxil olmaqla Çin, Rusiya və inkişaf etməkdə olan 3-cü dünya ölkələrinə ticarət savaşı elan edir.
Natiq Cəfərli: “Tramp iqtisadi sanksiyalardan siyasi təzyiq kimi istifadə etməyi düşünür”.
- Natiq bəy, başlanan bu savaşın ABŞ üçün hansı iqtisadi xeyirləri, eyni zamanda zərərləri ola bilər?
- Əslində Trampın atdığı addım seçki kampaniyası öncəsi verdiyi sözlərin yerinə yetirilməsindən ibarətdir. Trampın əsas istəyi də ondan ibarətdir ki, ABŞ istehsalçılarına daha yaxşı şərait yaradılsın, daxili istehsalçını qorusun, daxili istehsalçıların həm istehsalı, həm qazancı artsın. Bununla da yeni iş yerlərinin daha çox və daha surətlə yaranmasına səbəb olsun. Yəni Trampın addımı bir tərəfdən ABŞ siyasəti, daxili auditoriyası üçün hesablanmış və popurist addımlar saymaq olar. Digər tərəfdən isə Tramp Ümumdünya Ticarət Təşkilatının, dünya ticarətinin qaydalarına uyğun davranmır və bu qaydaları pozur. Bu da digər ölkələrin, yəni Trampın müxtəlif ticarət sanksiyaları tətbiq etdiyi və yaxud da rüsumları artırdığı ölkələrin əks addımlar atmağına səbəb olacaq.
ABŞ-ın ilk baxışdan xeyiri o olacaq ki, bu addım daxili istehsalın artmasına səbəb olacaq. Amma qlobal baxanda, bu addım dünya ticarətinin zəifləməsinə, dünya ticarətində ölkələrin bir-birinə qarşı belə addımların atılmasının surətlənməsinə səbəb ola bilər ki, bu da ABŞ-a zamanla böyük ziyan gətirəcək. Çünki dünyanın ən böyük iqtisadiyyatı ABŞ-dır. ABŞ-ın təqribən 5 trilyon dollara yaxın dünyanın müxtəlif ölkələri ilə ticarət dövriyyəsi var. Bu ticarət dövriyyəsinin zəifləməsinə və ABŞ-ın özünün gələcəkdə ciddi şəkildə ziyan görməsinə səbəb ola bilər.Əks addım kimi digər ölkələr, o cümlədən Avropa Birliyi ölkələri, Çin də Trampın atdığı addımlara adekvat addımlar atacaq. Bu da gələcəkdə dünya ticarətinin zəifləməsinə, dolayısı ilə dünya iqtisadiyyatında zəifləməyə səbəb ola bilər ki, bu dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-a heç də yaxşı təsir etməyəcək.
Tramp hələlik bunu düşünmür. Atdığı addımlar sırf popurist xarakter daşıyır və daxildəki öz seçicilərinə hesablanmış addımlardır. İlkin olaraq Trampın addımı ABŞ-da bir eyfariya da yaradıb. Çünki ABŞ seçiciləri, vətəndaşları, istehsalçıları bu addımı alqışlayırlar. Amma bir müddət sonra onlar da görəcəklər ki, qarşılıqlı atılan addımlar, yəni digər ölkələrin də ABŞ-a qarşı ticarət vergilərinin artırması sonuc olaraq ABŞ istehsalçılarına, vətəndaşlarına da ziyan vuracaq. Çünki bu addım onların aldıqları mal və xidmətlərin bahalaşmasına səbəb olacaq.
Əslində heç də xoş ortam deyil. Bir daha qeyd edim ki, Trampın addımı ticarət müharibələrinin genişlənməsinə, ticarət müharibələrinin artmasına səbəb ola bilər ki, bu da dünya iqtisadiyyatında yavaşlamalara, zəifləmələrə gətirib çıxarda bilər. Bu da ümumillikdə dünya iqtisadiyyatının gedişatına mənfi təsir göstərə biləcək amildir.
Natiq Cəfərli: “Düşünürəm ki, ən azı bu ilin sonuna qədər ticarət müharibələrinin daha da mərhələ-mərhələ qızışacağının şahidi olacağıq”.
- Bu qlobal ticarət savaşında ABŞ-ın müttəfiqlərinin rəqiblərinə qarşı birləşmə ehtimalını necə dəyərləndirirsiniz və bu ticarət savaşı dünyada yeni iqtisadi böhrana səbəb ola bilərmi?
- ABŞ-ın ən böyük ticarət tərəfdaşı Çindir. ABŞ-ın Çinlə ümumi ticarət dövriyyəsi Avropa Birliyi ölkələrindən də çoxdur. Amma görünən odur ki, elə ilk addım da Çinə qarşı atıldı. Yəni Çin istehsalı mallara ciddi vergi artırılmalaları baş verdi. Bundan başqa Trampın tələblərindən biri də ondan ibarətdir ki, ABŞ istehsalçıları Çindəki istehsalı ABŞ-a geri qaytarsınlar. Bununla bağlı hətta şirkətlərə də basqılar edir. Bir sözlə ABŞ ən böyük ticarət tərəfdaşı ilə də problemlər yaradır.
Həmçinin ABŞ ikinci böyük ticarət tərəfdaşı olan Avropa Birliyi ölkələri - Almaniya və Fransa ilə də problemlər yaradır. Hər iki ölkə Trampın atdığı addımları qəti şəkildə pisləyir. Yəni Trampın atdığı addımlardan sonra ABŞ-ın kiçik ölkələrdən başqa ciddi tərəfdaşı qalmayıb. Buna görə mən düşünmürəm ki, hər hansı bir formada müttəfiqlər cəbhəsi yarana biləcək. Əsas dünya ticarət oyunçuları olan - Çin, Avropa Birliyi ölkələri bu addıma qarşıdırlarsa, bir müddət sonra Tramp da məcbur olacaq ki, atdığı addımların verdiyi ziyanları hesablasın və gələcəkdə bunun davamı olacaqsa, bunun ABŞ-a nə qədər ziyan vuracağını da düşünsün.
Hələlik görünən odur ki, ticarət müharibələri vasitəsi ilə ABŞ həm də siyasi dividentlər qazanmağa çalışır. Çünki ABŞ-ın Çinə qarşı atdığı addımların əsas nəticəsi o oldu ki, Şimalı Koreya yumşaldı. Hətta Trampla görüşə razılıq verildi və bu ayın 12-də Sinqapurda iki ölkə liderlərin görüşü olacaq. Görünən odur ki, Tramp iqtisadi sanksiyalardan siyasi təzyiq kimi istifadə etməyi düşünür.
Buna görə də bəzi addımların davamının gələ biləcəyinin, ticarət savaşlarının bir az da qızışa biləcəyinin ehtimalları var. Çünki bu addımlar hələ ki, uğur gətirir. Yəni Tram iqtisadi sanksiyalar vasitəsi ilə siyasi problemləri həll etməyə bacarır. Şimalı Koreyanı buna misalı olaraq göstərmək olar. Düşünürəm ki, ən azı bu ilin sonuna qədər ticarət müharibələrinin daha da mərhələ-mərhələ qızışacağının şahidi olacağıq.
Natiq Cəfərli: “Dünyada siyasi, ticari, iqtisadi gərginlik olanda bu dolların xeyrinə olur”.
- Bəs bu savaş prossesində dolların bir dünya valyutası kimi taleyi necə ola bilər?
- Əslində nə qədər qəribə səslənsə də, belə gərginliyin olması dollara xeyidir. Çünki dollar artıq tək ABŞ-ın valyutası deyil, dünya valyutasıdır. Dünya ticarətinin 75 faizə yaxını məhz dollar üzərindən edilir. Bundan başqa dünyada demək olar ki, bütün ölkələrin ehtiyat fondları dollar üzərində qurulub. Buna görə də ABŞ-ın çap etdiyi və dövriyyəyə buraxdığı dolların heç üçdə biri indi ABŞ-da deyil. Təqribən dolların 65 faizə yaxını dünyanın müxtəlif ölkələrinə səpələnib.
Dünyada siyasi, ticari, iqtisadi gərginlik olanda bu dolların xeyrinə olur. Yəni dolların yığım vasitəsi kimi dəyəri artır. Bu nöqteyi nəzərdən dollara ciddi təsirlərin olacağını düşünmürəm. Amma əgər bu ticarət savaşları qısavadəli Trampın bəzi siyasi problemlərin həllinə köklənmiş bir addımlar deyilsə, uzun müddətli olacaqsa, bu zaman həm Çin, həm Avropa Birliyi, həm Rusiya çalışacaqlar ki, dolların hegemonluğuna qarşı addımlar atsınlar. Burada da avronun önə çıxması, avronun daha geniş yayılması və daha böyük yığım vasitəsinə çevrilməsi ehtimalı da getdikcə yüksəlir”./pia.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26