Interposta.Info

İlham Əliyev 5 sərəncam, 1 fərman imzaladı

Ölkə
 22-05-2018, 19:43     10 356

Prezident İlham Əliyev akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"XeberBiz" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“2018-ci ilin iyun ayında Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirmiş və onun aktual problemlərinin həllinə sanballı töhfələr vermişdir. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidməti vardır. Yetirmələri dünyanın müxtəlif tədqiqat mərkəzləri və tədris ocaqlarında bu gün də uğurla çalışan alim mötəbər beynəlxalq elmi təşkilatlarla əlaqələrin qurulması və Azərbaycan elminin nailiyyətlərinin tanıdılması üçün təqdirəlayiq işlər görmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda biologiya elminin inkişafında, müasir kadr potensialının formalaşdırılmasında və ümumən elmin təşkilində uzunmüddətli ardıcıl fəaliyyətini nəzərə alaraq akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Musayev Şahbəddin Cabbar oğlu

Şirəliyev Sadiq Qəzənfər oğlu

Tayıbov Rəhimbəy Tayıb oğlu.

***

Prezident İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Axundov Mehman Maqsud oğlu

Əhmədova Xanım Nutvəli qızı

Əsgərova Aybəniz İman qızı

İsmayılov Məhərrəm Həsən oğlu

Məmmədova Gülnarə Əjdər qızı

Mustafayev Səlim İbrahim oğlu

Sadıqov Zahir Valeh oğlu

Salahov İlham Abdulla oğlu

Səfərov Oruc İsa oğlu

Vəliyev Rəfi Həbibullah oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Səttar-zadə Rasim İsrafil oğlu

Yaqubova Solmaz Bala-ağa qızı

Zülfüqarova Vəfa Məhəmməd qızı.

***

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu (bundan sonra – Elmi Tədqiqat İnstitutu) publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə (bundan sonra – Mərkəz) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki, Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq ekspertlərin Mərkəzin fəaliyyətinə cəlb edilməsini təmin etsin və onun fəaliyyətinin dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkili ilə bağlı tədbirlər görsün.

4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndində Elmi Tədqiqat İnstitutu üçün nəzərdə tutulmuş vəsaitin qalığının Mərkəzin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və Mərkəzin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

9. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirsin.

10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Mərkəzin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə qərara alıram:

1. Bu Sərəncamın 1, 2, 3 və 4 nömrəli əlavələrində sadalanan laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1. “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görsün;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadə etməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26