Interposta.Info

Umayra Tağıyeva Ekologiya Nazirliyinə qaytarıldı -

Ölkə
 3-05-2018, 20:38     10 484

Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

"XeberBiz" xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək.

Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havasında, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

Təyinatı ilə bağlı təəssüratını Modern.az-la bölüşən U.Tağıyeva jurnalistlərin dəstəyinə ehtiyacı olduğunu dilə gətirib:

"Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Buna qədər Elmlər Akademiyasında çalışırdım. Həmin dövr mənim üçün səmərəli iş dövrü idi.

3 il ərzində iqlimşünaslıq, iqlimdəyişmələri sahəsində müəyyən tədqiqatlar apardım, məqalələrim bəzi Avropa ölkələrinin, Amerikanın jurnallarında dərc olundu. İndi təklif edilən işi qəbul etdim. Çalışacağam ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlim, mənə göstərilən etimadı doğruldum”.

U.Tağıyeva 3 il əvvəl məhz elmi işlərilə əlaqədar nazirlikdəki işindən ərizəsilə ayrıldığını vurğulayıb.

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26