Interposta.Info

Döş xərçənginin qarşısını almağın

Ölkə
 11-04-2018, 15:17     10 794

Qadınlar mütləq idmanla məşğul olmalı, əzələ kütləsini artırmalıdırlar.

Novator.az-ın məlumatına görə, amerikalı onkoloqlar bu qənaətdədirlər.
Onkoloqların apardığı tədqiqatın nəticəsi “JAMA Oncology” jurnalında dərc edilib.

“JAMA Oncology” onkoloji problemlərə dair tədqiqatlar üzrə ixtisaslaşmış nüfuzlu nəşrlərdəndir.

Amerikalı onkoloqların yeni tədqiqatına görə, əzələli qadınlar döş xərçəngi xəstəliyinə qalib gələ bilirlər. Alimlər 13 il ərzində ikinci və üçüncü dərəcəli döş xərçəngi xəstəliyindən əziyyət çəkən 3 min qadın üzərində apardıqları tədqiqatdan sonra bu nəticəyə gəliblər.

Araşdırma göstərib ki, döş xərçəngi xəstəliyinə tutulmuş qadın əzələli olanda onun yaşamaq şansı da artır.

Alimlər əzələ kütləsinin həcmini kompüter tomoqrafiyası vasitəsilə ölçüblər.

Tədqiqat müəllifləri deyirlər ki, qadının yaşı, yaxud döş xərçənginin hansı mərhələdə olması xəstəlikdən qurtulma məsələsində rol oynamır. Yəni bu faktorların əslində müalicə prosesinə müsbət bir təsiri yoxdur. Tutalım, qadın cavandırsa, yaxud xəstəliyi ilkin fazadadırsa, bu o demək deyil ki, müalicə müsbət nəticə verəcək. Müalicənin müsbət nəticə verməsi üçün əsas faktor qadının əzələli olmasıdır. Əzələləri zəif qadınların döş xərçəngindən ölməsi riski daha çoxdur. Alimlər bu riskin piyli xanımlara aid olduğunu da söyləyirlər.

Amma mütəxəssislər döş xərçəngi ilə bu faktorlar – əzələ, piy kütləsi arasında əlaqənin nədən doğduğunu hələ bilmirlər.

Onkoloqlar xərçəng riskinin fiziki hərəkətlə yanaşı qida rasionundan da asılı olduğunu deyirlər. Böyük Britaniyanın Lids Universitetinin alimləri apardıqları tədqiqatın nəticələrinə əsaslanaraq insanları qırmızı əti az yeməyə çağırıblar. Mütəxəssislər bununla yoğun bağırsaq xərçənginə tutulma riskini minimuma endirməyin mümkün olduğu qənaətindədirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26