İnəyini satıb hava yolu şirkəti qurdu

1995-ci ildə 300 dollarla Yaponiyaya gedən türkiyəli Abdullah Arpa ötən illər ərzində pilotluq təhsili aldıqdan sonra öz hava yolu şirkətini qurub.
İbtidai sinfi belə bitirə bilməyən Arpa hazırda Yaponiyada təyyarə simulyatorunda pilot hazırlayan şirkətin rəhbəridir.
Əslən Türkiyənin Van şəhərindən olan 42 yaşlı biznesmen iş həyatına uşaqlıqda qabyuyan və ayaqqabı təmizləyən kimi başlayıb. Arpanın 20 qardaş-bacısı var.
Uşaqlıqda bir müddət avtoyumada, daha sonra Dənizli turizm bölgəsində yerləşən Pamukqalada tikintidə çalışıb. İnşaatda çalışmadığı zamanlarda turistlərə açıqcalar sataraq əlavə pul qazanan Arpa bu müddət ərzində ingilis dilini də öyrənir. 1995-ci ildə ailəsi üçün aldığı inəyi 300 dollara satan Abdullah Arpa bu pulla Yaponiyaya gedir. Tokioda 12 gün parklarda yatan milyonçu toyuq fermasında tanış olduğu bir yapon vətəndaşın köməyi ilə özünə iş tapır.
"300 dollarla təyyarəyə mindim. 12 saat boyunca çox bahalı olar deyə heç nə yemədim. Qalmağa yerim olmadığından 12 gün Tokionun Yoyogi parkında gecələdim. Toyuq fermalarının birində mənə iş tapan yaponiyalı bir vətəndaşa bunun qarşılığında bir aylıq maaşımı verdim. Daha sonra inşaatlarda çalışdım. Bir az pul topladıqdan sonra səyyar kababçı arabası alıb satışa başladım. İşlər qaydasında getdiyi üçün bir türk restoranı açdım. Restorandan qazandığım gəlirlə sonra daha 3 restoran və 1 bar açdım".
Hər zaman uçmaq arzusunda olan evli və bir uşaq atası olan A. Arpa bir müddət sonra sahib olduğu bütün restoranları və barı satıb, ABŞ-ın Havay ştatında pilotluq təhsili almağa gedir. Pilotluq sertifikatı aldıqdan sonra oradakı hava yolları şirkətlərindən birində çalışmağa başlayır və yaxın adalara sərnişin daşıyır. Daha sonra ABŞ-dan Yaponiyaya qayıdan Abdullah burada 3 yaxın dostu ilə birgə kiçik bir təyyarə alıb tur gəzintiləri həyata keçirir. Özü olmadığı vaxt 4 il öncə təyyarəsi qəzaya düşür və pilot həmkarı ilə bərabər bütün sərnişinlər həyatını itirir. Lakin bu hadisə də Abdullahı hədəflərindən yayındırmır.
"Təyyarə qəzaya düşdükdən sonra pilotluğu atmadım. Özüm başqa bir özəl şirkətdə çalışmağa başladım. Azı 1500 saat uçdum. Bu zaman ərzində İngiltərəyə gedib Boeing 747-400 sərnişin təyyarəsi üçün təlimçi lisenziyası aldım. Dubay, London kimi şəhərlərə sərnişin apardım. Buralarda da təxminən 1000 saat uçdum".
Daha sonra Yaponiyaya qayıdın yenidən hava yolu şirkəti quran Abdullah eyni zamanda pilotlara təlim də keçir.
"Yaratdığım şirkətdə yaponlara pilotluq təlimi keçirəm. Hazırda 50-dən çox tələbəm var. Dünyada 20 ədəd təyyarə simulyatoru varsa, onlardan biri də mənim şirkətimdədir. Təyyarələrdən biri özümündür, digər ikisini isə icarəyə götürmüşəm. Uşaqlığımda ayaqqabı təmizlədiyim günləri unuda bilmirəm. Çalışdığım üçün bələdçi tərəfindən də döyülmüşəm. Həyat qarşıma nə qədər əngəl çıxartsa da, heç vaxt həvəsdən düşmədim və xəyallarımı gerçəkləşdirdim. İnşaatlarda hamballıq etdim, ibtidai sinfi belə bitirə bilmədim. Amma indi müxtəlif növ təyyarələrə pilot hazırlamaq üçün lisenziyalarım var".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26