Interposta.Info

Təşviqat kampaniyası başladı: bu gün İTV-də ilk canlı debatdır

Ölkə
 19-03-2018, 09:10     10 444

Seçki bülleteninə 8 namizədin adı yazılacaq

Aprelin 11-də keçiriləcək prezident seçkisində 8 namizəd mübarizə aparacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) martın 17-də keçirilən iclasında namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, S.Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur. Komissiya S.Cəlaloğlunun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib. Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən, AĞ Partiyanın sədri Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi A.Muxtarova bildirib ki, T.Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. Komissiya məsələni səsə qoyaraq qəbul edib.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb. A.Muxtarova namizədin prezident seçkisi üçün topladığı imzaların sayının qanunvericilikdə göstərilən tələbə uyğun hesab edilmədiyini deyib. Bildirib ki, namizədin müdafiəsi üçün 74 dairə üzrə 43390 imza təqdim olunub. Bu imzalardan 7944 -ü etibarsız hesab olunduğundan Əli Əliyev namizəd kimi qeydə alınmayıb.

Bununla da prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb. Beləliklə, seçkidə 8 namizəd-namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğlu Məmmədov mübarizə aparacaq.

Xatırladaq ki, qeydə alınan 8 namizəddən Razi Nurullayev istisna olmaqla digər 7-si 2013-cü il prezident seçkisində də qeydə alınmışdı.

Təşviqat kampaniyası başladı: bu gün İTV-də ilk canlı debatdır

Namizədliyi qeydə alınmayan Tural Abbaslı məsələyə belə münasibət bildirib: “MSK prezidentliyə namizədliyimi ”müəyyən nöqsanlara yol verdiyim üçün" qeydə almayıb. Biz Azərbaycanda belə qərarların necə verildiyini yaxşı bilirik. Demək ki, bizim namizədliyimiz siyasi qərarla qeydə alınmadı. Biz AĞ Partiya olaraq bu prosesə bütün nəticələri nəzərə alaraq qoşulmuşduq. Yəni nə mənim, nə də AĞ Partiya üçün gözlənilməz və qeyri-adi nəsə olmadı. Hesab edirəm ki, partiya olaraq seçki mühitinin yaratdığı imkanlardan maksimum istifadə etdik, seçki mərhələsinin ən ağır olan imzatoplama mərhələsini uğurla başa vuraraq 40 mindən artıq imza topladıq, ən əsası da Azərbaycan siyasi mühitində AĞ Partiya simasında yeni siyasi gücün artıq bir reallığa çevrildiyini hər kəsə nümayiş etdirdik. Biz qətiyyən ruhdan düşmürük və mübarizəmizə tam güclə və yeni nəfəslə davam edirik...".

Namizədlərin təbliğat-təşviqat kampaniyası isə martın 19-da saat 8-dən başlayıb. Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Martın 18-də MSK dünən keçirilmiş iclasında prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə ödənişsiz əsaslarla həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində, 3 saat televiziya, 3 saat radioda olmaqla, ümumilikdə çıxış üçün 6 saat vaxt ayrılacaq. İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb. Qərar verilib ki, ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma mərasimi MSK-nın 19 mart tarixli iclasında keçirilsin.

Namizədlərin İTV-də və İctimai radioda ilk canlı debatı martın 19-da, yəni bu gün olacaq.

Növbədənkənar prezident seçkisinin ödənişli təşviqatına qoşulan media qurumlarının sayı isə artıb. “Xalq qəzeti” və Aktual.az saytı, “Yeni Müsavat” media qrupu, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra” qəzetləri, “Səs”, “Olaylar” informasiya agentlikləri, Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info saytları bildiriş göndəriblər bunun üçün MSK-ya bildiriş göndəriblər.

Ödənişsiz təşviqat isə İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılacaq.

MSK-nın mətbuat katibi Şahin Əsədli “Yeni Müsavat”a bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, MSK media orqanlarının namizədlərə bərabər olmaqla şərait yaratmasına, bütün namizədlərə ödənişli təşviqat üçün eyni tariflərin təklif olunmasına nəzarət edəcək.

Debatlardan öncə namizədlər öz aralarında razılaşma protokolu imzlayıblar.

Təşviqat kampaniyası başladı: bu gün İTV-də ilk canlı debatdır

Namizdəliyni müstəqil qaydada irəli sürmüş Zahid Oruc musavat.com-a açıqlamasında bildirib ki, namizədlər arasında bir-birinə qarşı qanunsuz rəqabət, şərəf və ləyaqətə hörmətsizlik və qeyri-etik mübarizə vasitələrindən istifadə olunmayacağı barədə həmkarlarla razılıq əldə olunub: “İkincisi, İctimai Televiziyada ayrılmış efir vaxtının prinsipləri elə müəyyənləşdirilməlidir ki, burada təşviqat proqram və tədbirlərindən maksimum istifadə oluna bilinsin. Yəni həftəlik efir vaxtı elə bölünəcək ki, həftənin yarısı fasiləsiz olaraq televiziyada keçsin, digər yarı hissəsi isə effektli şəkildə insanlarla birbaşa təmasların reallaşdırılmasına imkanlar tanısın. Daha konkret söyləsək, həftədə 3 saat ayrılan ödənişsiz zamanı 3 gün ərzində istifadə etmək, yerdə qalan 4 günü isə Bakı və onun ətrafında olan bölgələrdəki seçicilərlə birbaşa görüşlər üçün reallaşdırmaq mümkün olsun. 2013-cü ilin praktikasında bildiyiniz kimi, bu, bir gündən bir reallaşdırılırdı və avtomatik olaraq, ciddi problemlər yaradır, zaman bölgüsünü dislokasiyalar üzrə uyğun bir qrafikdə qurmaqda xeyli çətinliklər törədirdi”.

Z.Orucun sözlərinə görə, başqa bir müddəa isə ayrılan efir vaxtı ilə bağlıdır:
“Yəni seçilən vaxt və ya efirdə debatların reallaşması saat 21 və 23 arası gerçəkləşdirilsin. Artıq İctimai Televiziya ilə razılaşma əldə olunub ki, əvvəlki dövrlərdəki kimi debatların saat 19-da keçirilməsi insanların işdən evə döndüyü və ya o zaman ekran qarşısında olmaması səbəbindən onlar itirilirdi. Bu baxımdan saat 22-də aparılması qərarlaşdırılır. Eyni zamanda, 1, 2, 3-cü günlər debatlar həm də İctimai Televiziyanın radiosunda da reallaşdırılacaq. Dəyirmi masalar beynəlxalq praktikada, ayrı-ayrı dövlətlərin təcrübəsində olduğu kimi konkret mövzular ətrafında keçiriləcək. Bu, həmin məsələlər ətrafında daha yaxşı diskussiyalar, debatlar aparmağa imkan verəcək. Bütövlükdə bütün bu prinsiplərin ətrafında razılaşmaya müəyyən qədər riayət etmək üçün MSK-dan öz səlahiyyətləri çərçivəsində bu işləri müşahidə altında saxlamaq da xahiş edilib. Sözügedən protokol namizədlərin altısı tərəfindən imzalanıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26