Televiziyalar əsas missiyasından uzaqlaşır

Qıcıq doğuran şoular, zövqsüz, intellektual səviyyəsi olmayan verilişlər meydan sulayır
“Teleməkanda peşəkarların çalışdığı ciddi biznes şəraiti yaradılmalıdır”
İctimaiyyət arasında sorğu aparsaq görərik ki, televiziya tamaşaçılarının xeyli hissəsi xarici kanallardakı serialları və şouları izləməyə üstünlük verirlər. Çünki yerli kanallarda insanları cəlb edən ciddi, maarifləndirici, elmi və sosial xarakterli verilişlər çox azdır. Ədalət naminə demək lazımdır ki, Azərbaycan telekanallarında normal verilişlər, maarifləndirici layihələr az da olsa var. Lakin teleməkanda ciddi problemlərin olduğu hamı tərəfindən etiraf edilir. Demək olar ki, efirlər başdan-başa bayağı və şit şoularla, əxlaqa zidd proqramlarla doludur.
Ən təəssüf doğuran hal isə odur ki, TV-lərdəki şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, yenə də müsbətə doğru dəyişmirlər, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmır. Narahatedici məqam isə odur ki, belə şəxslərin verilişləri daim auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının isə heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda teleleviziya verilişləri zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını yerinə yetirməlidir. Hər dəfə təkrar-təkrar qeyd olunur ki, belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və bunlarla bərabər mədəni şəkildə əyləndirməkdir. Tamaşaçını əndazəni gözləmək şərti ilə əyləndirmək və informasiya vermək şou proqramların vacib elementi sayılır. Xarici ölkələrin efirlərində də bunun şahidi oluruq. Bizim bəzi aparıcılarda mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Peşəkar teletənqidin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verir. Kimisi toyxananın çox pis variantını efirə gətirir, kimisi intellektual yenilik edə bilmədiyinə görə, qadın müğənniləri öpməyə, pul kisəsini eşələməyə, makiyajlarını silməyə və başqa səviyyəsiz addımlara əl atır. Ümumi fikir odur ki, telekanal tamaşaçıya ağıl öyrətməkdən daha çox maarifçilik işi ilə məşğul olmalıdır. Qıcıq doğuracaq yüngül şoularla, maraqsız və baxılması qəliz olan seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.
"interposta.info" xəbər verir ki, mövzunu dəyərləndirən "Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı deyib ki, bütün dünyada media insanların faciələrindən faydalanır:
"Təcrübə göstərir ki, hətta işgəncə görən insanın başına gələnləri detalları ilə anladanda buna tamaşaçılar, oxucular tərəfindən güclü maraq olur. Əgər bu məsələni bir problem olaraq görürüksə, bu təkcə medianın günahı hesab edilməməlidir. Hətta mediada gündəmə gəlməyən məsələləri belə insanlar dedi-qodu formasında olsa belə öz aralarında yaymaqda maraqlı olurlar. İnsanların bu marağını KİV-lər biznesə çevirir və faydalanır. Bunu faciə kimi qəbul etməyi doğru hesab etmirəm. Etik və əxlaq prinsiplərini ciddi zədələmədən mövzu mediada işıqlandırılırsa, bu niyə problem olsun? İllərdi media sahəsində çalışırıq. İnsanlar quru xəbəri o qədər də həzm etmirlər. Amma xəbərin yanında "Hadisənin təfərrüatı”, "Olayla bağlı detallar” kimi əlavələr edilirsə, buna güclü maraq yaranır. İnsanların faciəsini, başına gələn işgəncəni, zorlanmasını çox həvəslə izləyən oxucular varsa, sizcə, bu kimin günahıdır? Media cəmiyyətə güzgü tutub onu hamıya təqdim edir. İndi kimlərsə güzgüdə gördüklərini bəyənmirsə, biz nə edə bilərik? Sovetlər dövründə KİV-lərdə yalnız malalanmış, ütülənmiş xəbərlər çıxırdı. Sonu necə oldu? Əgər KİV bu kimi hallarda əlindəki materialları, informasiyaları sıxa-sıxa saxlasa, bunun sonunda mütləq bir partlayış olacaq. Amma bu başqa məsələdir ki, hadisələri daha etik formada təqdim etmək olar. İnsanların maraq tələbatını ödəməklə yanaşı, peşə prinsiplərimizi də pozmayaq”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı isə MTRŞ sədri ilə razılaşdığını, bunun çox mənfi tendensiya olduğunu deyib:
"Məncə, bu proses cəmiyyətə zərər vurur. Aydındır ki, kommersiya kanalları üçün yeganə kriteriya biznes maraqlarıdır, onları mənəvi dəyərlər maraqlandırmır. Lakin televiziya ən güclü psixoloji silahdır. Onu nəzarətsiz buraxmaq olmaz. Televiziyaların cəmiyyət qarşısında sosial və mənəvi öhdəlikləri olmalıdır və bu kriteriyalara əməl etməyə məcbur edilməlidir. Ancaq məsələ odur ki, biz MTRŞ-dən nəsə gözləyirik. Qurum ciddi tədbir görmək əvəzinə kimdən şikayətlənir? Qaldırılan problemlər dəfələrlə yüksək vəzifəli dövlət rəsmiləri tərəfindən sərt tənqid olunub. Bəs niyə MTRŞ indiyə qədər tədbir görməyib? Əgər müvafiq səlahiyyətləri yoxdursa, o səlahiyyət Şuraya verilməlidir. Bütün ölkələrdə sərt nəzarət və cəza tədbirləri var. Bizdə isə demək olar ki, yoxdur, ona görə də ölkə teleməkanında acınacaqlı vəziyyət baş alıb gedir. AzTV, Mədəniyyət, "CBC”, bir az da İTV-ni çıxmaq şərtilə qalanlarında yayım cəmiyyətin mənafelərinə, gənc nəslin tərbiyəsinə zərər vurur”. E.Bayramlı təklif edib ki, seriallara verilən maliyyə elmi sənədli filmlərə yönəldilsin: "Şou verilişlər azaldılmalı, telekanallar günün əhəmiyyətli hissəsində sosial roliklər və verilişlər verməyə məcbur edilməlidir. Ağlaşma şouları, kriminal təfsilatlar, aşağı səviyyəli şəxslər televiziyadan uzaq tutulmalıdır. TV-lərdə ana dilimizin sözlərini ingilis, türk, rus və ərəb sözləri ilə əvəz edənlər cərimə olunmalıdır. Təyin olunan verilişlərə müğənnilərdən daha çox alimlər, sosioloqlar və s. mütəxəssislər dəvət edilməlidir. Bundan başqa, telekanallarda MTRŞ-yə tabe olan Bədii Şuralar yaradılmalıdır. Şuralar efirə gedəcək proqramlara baxaraq əvvəldən rəy verməlidir. Uyğun olmayanlar isə efirə buraxılmamalıdır. Cəmiyyətdəki sosial-ictimai, mədəni və mənəvi problemlərdə TV-lərin rolu azı 80 faiz civarındadır. Bu çox təhlükəli fəsadlara gətirib çıxarır”.
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və "www.azim.az” internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, son illərdə Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsinin yüksək templi inkişafı, həmçinin respublikamızda fikir, söz və məlumat azadlığının yüksək səviyyədə təmini ölkəmizdə yazılı və elektron KİV-lərin sayının artması ilə nəticələnib. Ancaq baş redaktor bildirib ki, sözügedən KİV-lərin müəyyən qisminin redaksiya heyəti qeyri-peşəkar və jurnalistikaya təsadüfi gəlmiş insanlardır: "Bu cür insanlar kriminal şoular yaratmaqla, mentalitetimizə zidd olan materialları, məsələn, pornoqrafiya mövzusunda yazıları və şəkilləri yaymaqla reytinq qazanmağa çalışırlar. Düzdür, həmin informasiyaların və şəkillərin təsiri altına düşənlər və onlara hərislik göstərən oxucular da var. Ancaq jurnalistlərdən bəziləri bu cür məlumatların və şəkillərin cəmiyyətimizə, ictimaiyyətimizə nə qədər mənfi təsir göstərməsi məsələsinə əhəmiyyət vermirlər. Onlar hesab edirlər ki, oxucu sayını artırmaq üçün hər şeydən yazmaq olar. Oxucu sayını artırmaq isə şəxsi maraqların təmin edilməsi, kimlərinsə şantaj edilməsi, hədə-qorxu yolu ilə rüşvət tələb edilməsi və sair məsələlər üçün daha çox lazım olur. Bəzi jurnalistlər isə şirkətlərdən reklam almaq naminə bu cür xoşagəlməz yolu seçirlər. Ümumiyyətlə, qələminə, imzasına hörmət edən peşəkar jurnalist kriminal şoulara baş qoşmaz. O ki qaldı kriminal şoulara meyllənmənin qarşısının alınması məsələsinə, bu problemi birdən-birə həll etmək mümkün deyil. Bunun üçün zamana ehtiyacımız var. Kriminal şoulara meyllənmənin aradan qaldırılması üçün vətəndaşlar arasında təbliğat aparmaq, həm Bakıda, həm də bölgələrdə diskussiyalar təşkil etmək və "dəyirmi masa”lar keçirmək lazımdır. Çalışmalıyıq ki, insanlar mentalitetimizə zidd olan, onların səhhətlərinə mənfi təsir göstərə biləcək xəbərləri, materialları saytlarda və qəzetlərdə oxumasınlar. Çünki bunların acı nəticələrini məhz oxucular görəcəklər. Digər tərəfdən, tanınmış peşəkar jurnalistlər kriminal şouların əleyhinə köşə yazıları, məqalələr və sair yazsalar, zaman-zaman oxucuların maariflənməsinə yardımçı olarlar. Beləliklə də müəyyən müddətdən sonra kriminal şoulara maraq azaldıqca, ucuz şöhrət dalınca qaçmağa və oxucu sayını artırmağa çalışanlar jurnalistikadan uzaqlaşacaqlar. Ya da sanballı məqalələr, xəbərlər hazırlamaq məcburiyyətində qalacaqlar”.
"XeberBiz" bildirir ki, "Pia.az”ın baş redaktoru, tanınmış jurnalist Azər Qaramanlı etiraf edib ki, bu gün telekanallarda nə baş verdiyini mən anlamıram. Onun sözlərinə görə, Azərbaycan televiziyasında jurnalistikadan əsər-əlamət qalmayıb:
"AzTV-ni istisna etmək istəyirəm. Çünki AzTV ən azından şou biabırçılıqlarında iştirak etmir. Digər kanallarda hər gün yayımlanan cürbəcür bayağı, əxlaq və mental dəyərlərmizə zidd olan verilişləri hətta sarı mətbuat belə adlandırmaq mümkün deyil. Mən konkret detallara baş vurmaq istəmirəm. Yəni 10 dəqiqə Zaurun, Xoşqədəmin verilişinə baxmaq kifayətdir ki, bizim telekanalların nəyin içində batdığı aydın olsun. Bunun adı sadəcə biabırçılıqdı və bu biabırçılığı törədənlər özlərini ulduz hesab edirlər. Bunun özü də rəzalətdir. Nuşirəvan Məhərrəmli və digərlərinə üzümü tutub deyirəm ki, bu gün telekanallarda nə baş verdiyini izah etsinlər, çünki bu sahə onların nəzarəti altındadır. Əgər onlar da narahatlıq bildirirsə, sual olunur, bu narahatlıq kimə ünvanlanır? Hər halda bizlər narahatlığımızı MTRŞ-yə çatdırmalıyıq. Sual olunur, niyə Azərbaycan telekanallarında elmi, sosial, iqtisadi, siyasi, tarixi-tərbiyəvi və onlarla başqa sahələr üzrə layihələr hazırlanmır. Niyə bu sahələr ətrafında tok-şoular efirdə yoxdur. Artıq demək olar ki, bu sahələr üzrə istisaslaşmış jurnalistlər Azərbaycan teleməkanında qalmayıb. Boşluq uzaqdan, hətta ilk baxışdan hiss olunur. Bizim telekanallarda artıq yaradıcı beyinlər qalmayıb. Bu gün Azərbaycan teleməkanında çalışan beyinlər genefondumuzu məhv edib özlərini çox bayağı şəkildə "ulduzlaşdırmaqla” məşğul olurlar. Buna görə məsuliyyəti MRTŞ daşıyır. Çünki qurumun əlində kifayət qədər resurslar və səlahiyyət var ki, teleməkanda normal şərait yaratsın. Bu kimi problemlərin həlli üçün bir yol var. Şura telekanallardan ciddilik, peşəkarlıq və məsuliyyət tələb etməlidir və səlahiyyətlərindən istifadə edib teleməkanı zibilliyə çevirən belə layihələri bağlamalıdır. Eyni zamanda telekanal rəhbərləri özlərinə peşəkar prizmadan baxmalıdırlar. Təbii ki, bu prizma onlarda varsa... Telekanal rəhbərləri məsələyə biznes prizmasından yanaşsa belə öz bizneslərinə hörmət etməlidirlər. Teleməkanda peşəkarların çalışdığı ciddi biznes şəraiti yaradılmalıdır. Filan müğənnidən filan qədər pul alıb efirə çıxarmaq biznes deyil”."Şərq”
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26