Interposta.Info

Tənqidlərdən nəticə çıxarmayan televiziyalarımız

Ölkə
 28-08-2018, 09:46     10 359

Fəzail Ağamalı: “İnsanlar yeni fikirlər, yeni simalar görmək istəyir”; Qulu Məhərrəmli: “Biabırçılıqları aradan qaldırmaq üçün inzibati üsullara əl atmaq ehtiyacı var”

Hazırda cəmiyyətimizdə işıqlandırılmalı xeyli sayda problem varkən yerli televiziyalarımız maqazin və qalmaqallı proqramlarına yer verirlər. Maarifləndirici verilişlər yox dərəcəsindədir. Hətta ötənlərdə akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məqalələrindən birində televiziyalar haqda tənqidi fikir səsləndirmişdi.

Sitat: “Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaranır? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk?”

Bütün tənqidlərə, tövsiyələrə rəğmən yerli kanalların TV siyasəti bərbad vəziyyətdədir. 10 ildən çoxdur bu mövzu hakimiyyətin masasında olsa da, vəziyyət dəyişməz olaraq qalır.

Millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, son illər bununla bağlı ciddi irəliləyiş yoxdur: “Uzun illərdən bəri Azərbaycan televiziyaları yüksək standartlara uyğun verilişlər hazırlayıb efirə buraxması ilə bağlı fikirlər deyilib. Bu fikirlər Milli Məclisin tribunasında da səsləndirilib. O fikirləri səsləndirənlərdən biri də mənəm. Təəssüf ki, bununla bağlı ciddi irəliləyiş yoxdur. Bəzi televiziyalarda müəyyən fərqli yanaşmalar olsa da, əksər kanallar ayrı-ayrı ölkələrin tanınmış televiziyalarının sosial xarakterli verilişləri təqlid edilir. Əksər vaxtlarda efirdə göz yaşı, yaxud mənasız gülüşlə müşayiət olunan şou verilişlər, heç bir məna, mahiyyət daşımayan seriallar, qalmaqallı proqramlara yer ayırırlar. Eyni saatda dolmanın, küftənin, "Sezar" salatının hazırlanması ilə bağlı mətbəx verilişlərlə efiri zəbt edirlər. Şit, əttökən, guya komik təqdimatlar və s. bütün bunların hamısı təəssüf doğuran hallardır. Belə düşünürəm ki, televiziyalarla bağlı konkret hər televiziyanın özünün proqramı hazırlanmalıdır.

Tənqidlərdən nəticə çıxarmayan televiziyalarımız

Ən çox Rusiya və Türkiyənin kanallarına izləyirəm. Rusiya kanallarında daha çox ixtisaslaşma gedir. Ayrı-ayrı sahələrin ətrafında tədqiqatlar və bu tədqiqatlara uyğun təqdimat gedir. Baxırsan ki, bu gün hər kəsi düşündürən qlobal məsələlərin təhlili, onlarla bağlı araşdırmalar gedir. Bəşəriyyətin bu günü, sabahı ilə bağlı dünya səviyyəli alimlərin fikirlərini özündə ehtiva edən analitik verilişlər gedir. Başqa kanala baxırsan, orada ancaq kinolar gedir. Digərində ancaq musiqi səsləndirilir, şou üçün ayrıca kanal olur. Bizdə bunlar yoxdur. Sanki bizdə kanallar universaldır, hər şey var, ancaq axtarırsan içində nadir halda səni təmin edən hansısa veriliş olar. Və dostlarım məndən inciməsin. Onların hər birinə böyük hörmətim var, jurnalist kimi peşəkarlığına şübhəm yoxdur. Ancaq niyə bizdə belədir? Mən bu suala cavab tapa bilmirəm. Bizim kanallara nə vaxt baxırsan, eyni sima, eyni adamlardır. Bu verilişdən çıxıb o birinə gedirlər. Son 30 ildə doğrudanmı Azərbaycanda güclü analitik qabiliyyətinə malik politoloqlar, iqtisadçılar, geopolitiklər, konflitoloqlar yetişməyib? Əlbəttə, yetişib. Sadəcə axtarıb tapıb, verilişlərə çıxartmaq lazımdır. İnsanlar yeni fikirlər, yeni simalar görmək istəyir".

Tənqidlərdən nəticə çıxarmayan televiziyalarımız

Televiziya eksperti, jurnalist Qulu Məhərrəmli mövzu ilə əlaqədar bunları deyir: “Televiziya verilişlərinin zəifliyi və tez-tez qıcıqlandırıcı davranışları ilə cəmiyyətdə əsəb gərginliyi yaratması, artıq az qala normaya çevrilib. Nə tamaşaçıların, nə mütəxəssislərin, nə hakimiyyət nümayəndələrinin, nə də deputatların tənqidləri heç bir fayda vermir. Əksinə, efirlərimizi zəbt edən mənasız proqramlar çoxalmaqda, şou - biznes qəhrəmanlarının efir ”macəraları" davam etməkdədir. Ən pisi isə odur ki, müvafiq qurumlar, o cümlədən MTRŞ bu rəzalətin qarşısını almaq üçün təsirli tədbirlər görə bilmir. Çünki hər kanalın və TV rəhbərinin arxasında, sanki kimlərsə dayanıb onları özfəaliyyətə, o cümlədən dəyərləri tapdalamağa şirnikləndirir. Bəli, bizim TV-lərdə yüksək peşəkarlıq, ictimai ölçülərlə düşünmək, cəmiyyəti düşündürən, onu maarifləndirib irəli aparmaq üçün maraqlı layihələr reallaşdırmaq ənənəsi keçmişdə qalıb. Təəssüf ki, bu gün uğursuz müğənnilər, aşağı səviyyəli şou adamları ekran qəhrəmanlarına çevrilib, bunlardan isə yüksək ağıl, intellekt, əxlaq, nümunəvi davranış, dəyər ummaq yersiz olar. O cəmiyyətdə ki, ekranda fikir və düşüncə adamları öndə olur, ağıllı müzakirələr aparılır, tamaşaçıya yüksək zövq aşılanır, orada tamamilə başqa ovqat və əxlaq hakim olur. Təəssüf ki, son 15-20 ildə bizim televiziyalar mümkün olmayan, vaxtilə ictimai əxlaqın qəbul etmədiyi zərərli düşüncə və davranış tərzini indi cəmiyyətə sırıyır. Məncə telekanalların ünvanına media səviyyəsində bu şəkildə deyinmək heç bir fayda verməyəcək. Ona görə ki, özümüz deyib özümüz eşidirik. Mənim düşüncəmə görə, yerində olmayan qeyri-peşəkar TV rəhbərlərinin, efir üçün cavabdehlik hiss etməyən redaktor, rejissor və prodüserlərin məsuliyyətini artırmaq, bu sahədəki biabırçılıqları aradan qaldırmaq üçün inzibati üsullara əl atmaq ehtiyacı var".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26