Interposta.Info

Bu gün Od çərşənbəsidir

Ölkə
 6-03-2018, 11:25     10 622

Od çərşənbəsində ocağın üstü boş qalmamalıdır

Bu gün ikinci çərşənbə- Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günə bizə daha da yaxınlaşdırır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. El arasında yayılan adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olurlar.

Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi də var. Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir. Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması barədə agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədəuyğun hesab olunurdu.

İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qoruumağa çalışılmışdır. Həmçinin tonqal haqqında ümumi məlumatlara “Kitabi Dədə Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılıb. Deməli hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Buna əsasən “Dədə Qorqud” filmi çəkilib, hətta həmin kinoda da tonqalın qalanması və bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə təsvir edilib. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir.

Od çərşənbəsinin digər maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş şəxsələrin evlərinin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasiminə son qoyulardı. İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədi ilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürməmək və məzar daşların üzərində atəşdanların həkk edilməsi və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir. Qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa, odu çıxarıb xüsusi yerdə saxlayır və qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.

Od çərşənbəsində qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsində hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən istənilir və buna aid bir çox nəğmələr, şeirlər oxunulmağa başlanılır. Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. Məsələn, “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s./musavat.com

Odunuz hər zaman yanılı, süfrəniz isə bol ruzili olsun, Od çərşənbəniz mübarək!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26