Interposta.Info

Fazil Məmmədovun imperiyası kərpic-kərpic sökülür

Ölkə
 3-02-2018, 00:35     10 479

Onun kadrları dövlət strukturlarından təmizlənməkdə davam edir; həbsə gedənlər də olacaq

Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən qovulsa da, taleyinin necə olacağı hələ də sual altındadır. Eyni sözləri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı da demək mümkündür. Bir neçə il fərqlə postlarını itirən hər iki nazirin işdən qovulmasının səbəbləri də təxminən eynidir – sahibkarları çapıb-talayıblar, milyardlarla pul qazanıblar və pulları ölkə xaricinə ötürüb orada ən müxtəlif lahiyələrə yatırıblar.

Fazil Məmmədovun Eldar Mahmudovla əlaqəli işləməsi xəbərləri də yeni deyil. Hətta Fazil Məmmədovun Eldar Mahmudovun iş prinsiplərini əxz etməsi də detallarına qədər bəllidir. Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna təyinat alan kimi ətrafına təqaüdə göndərilmiş, orqandan qovulmuş şəxsləri yığdığı kimi, eyni qayda Vergilər Nazirliyində də təkrar olunub. Fazil Məmmədov işə qəbul etdiyi Namiq Quliyevin təqdimatı ilə təqaüddə olan polis işçilərini işə götürməyə başlayıb. Nərimanov Rayon Polis İdarəsinin sabiq rəisi Mahir Hümbətovu, Nizami Rayon Polis İdarəsində rəis müavini postundan təqaüdə göndərilmiş Ənvər Yusifovu Namiq Quliyev Vergilər Nazirliyinə transfer etdirib.

Fazil Məmmədovun imperiyası kərpic-kərpic sökülür

Mahir Hümbətov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini, Ənvər Yusifov isə Departamentin əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunublar. Eynən Eldar Mahmudovun kadr məsələlərindəki absurd qərarlarını təkrar ediblər. Yada salaq ki, Eldar Mahmudov təqaüddə olan, yarıtmaz fəaliyyətə görə qovulan sabiq polisləri MTN-ə aparıb onlara yüksək vəzifə, hətta bəzilərinə general rütbəsi verib. Bir güc strukturundan işdən çıxan şəxsi təzədən aparıb başqa bir güc strukturunda işə götürüb general rütbəsi vermək dünya tarixində görünməmiş bir təyinat idi. Eldar Mahmudov belə absurd təyinatları su içirmiş kimi edirdi. 30-a yaxın təqaüddə olan polisi MTN-ə aparıb əksəriyyətinə də general verdirmişdi. Və həmin kadrların əli ilə istədikləri talançılığı gerçəkləşdirə bilirdilər.

Bunu Eldar Mahmudov da, sonradan Fazil Məmmədov da ona görə edirdilər ki, işə götürdükləri şəxslər sözsüz onların verdikləri əmrləri yerinə yetirsinlər. Belə də olurdu, qanunsuz əmrlər sözsüz icra olunurdu. Bunu Eldar Mahmudov MTN-də etmişdi, hər kəs nəticəsini görmüşdü. Fazil Məmmədov son illərdə bu qaydaları prioritet seçmişdi. Vergilər Nazirliyi sahibkarları qorxulu röyasına çevirilmişdi. “Dinmə ver” adını almış pul qoparma əməliyyatları haqda sahibkarla açıq danışmağa belə çəkinirdilər. Çünki dinən, danışan, haqqını tələb edən sahibkar Fazil Məmmədovun təqaüdçü-polis-vergi işçilərinin formalaşdırdığı dəstənin caynağına keçirdi. Danışmağının bədəlini sahibkara müflis edilənə qədər ödətdirirdilər. Digər sahibkarlar isə müflisləşməmək üçün dinmirdi, danışmırdı. Bu yolu Fazil Məmmədovdan əvvəl Eldar Mahmudov getmişdi. Sahibkarı, vəzifə sahibini MTN-ə çağırıb pul, mal-mülk tələb edirdilər. Tələbi yerinə yetirməyənləri, dinib-danışanları, etiraz edənləri müflis edir, həbsə yollayır, hətta öldürürdülər.

Hazırda onun Vergilər Nazirliyində 17 il ərzində formalaşdırdığı komandanın demontajı prosesi aparılır. Rəsmi məlumatlara görə ötən 2 ay ərzində Vergilər Nazirliyindən 65 nəfər işdən çıxarılıb. İşdən uzaqlşadırılanların böyük əksəriyyəti Fazil Məmmədovun komandasının üzvləri hesab olunurlar və Vergilər Nazirliyi xətti ilə sahibkarlara qarşı total qanunsuzluqların icrasında iştirakları haqda məlumatlar, ən müxtəlif iddialar var. İşdən azad olunan şəxslərin böyük bir qismi - 33 nəfəri Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin işçiləridir. Həmin 32 nəfərin 8 nəfəri departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 9 nəfəri Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 5 nəfəri İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 4 nəfəri isə Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin əməkdaşlarıdır. Çıxarılanların 18 nəfəri də eyni departamentin - Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin işçiləridir. Bu 18 nəfərin 4 nəfəri Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin, 7 nəfəri Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin, 4 nəfəri isə Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin işçiləridir. Onların sırasında Fazil Məmmədovun komandasının özəyini təşkil edən şəxslər də var.

Bu gün Fazil Məmmədov, Eldar Mahmudov vəzifədə deyillər. Eldar Mahmudovun işdən çıxarılmasından 3 ilə yaxın vaxt ötür. Onun ətrafında olan, komandasına daxil olan ən yaxın çevrəsi qandallanıb, həbs göndərilib. Ən son həbsə alınanlardan biri də əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovdur. Ötən müddət ərzində Eldar Mahmudovu niyə həbs etmirlər sualı açıq olaraq qalıb. Bu suala verilən cavablar sırasında ən inandırıcısı ölkədən talançılıqla toplayıb çıxardığı milyarların geri qaytarılması ilə bağlıdır. Baqşa sözlə ifadə etsək, Eldar Mahmudovun həbs edilməməsi ölkədən çıxardığı milyardları geri qaytarmasını təmin etmək üçündür.

Fazil Məmmədovla da bağlı eyni taktika seçilib. İlkin addım kimi onun yaxın ətrafı işdən çıxarılmaqdadır. Bununla paralel olaraq Fazil Məmmədovun və komanda üzvlərinin gizli-aşkar mal-mülkləri siyahılaşdırılır. Mümkündür ki, yaxın zamanlarda Fazil Məmmədovun ən yaxın çevrəsinə daxil olan şəxslər istintaqa cəlb olunub həbs ediləcəklər. Artıq Vergilər Nazirliyinə birbaşa aidiyyatı olmasa da, Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev bir neçə dəfə Binəqədidə “yanan bina işi” üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu məlumat istintaqçıların Fazil Məmmədovun ətrafında işləməyə başlaması kimi də qəbul edilə bilər. Bu gün bina yanğını ilə sulları cavablandırmaq zorunda qalan Qüdrət Seyfullayev növbəti dindirmələrdə Vergilər Nazirlyindəki mafiya qanunlarının necə işləməsi, nə qədər və kimlər vasitəsi ilə gəlir gətirməsi haqda suallarla üz-üzə qala bilər.

Yada salaq ki, bu günə qədər təkzib edilməyən məlumatlara görə hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin - Qüdrət Seyfullayev və Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. O dövrdə hər iki şəxsi Fazil Məmmədov xilas edə bilmişdi...

Eldar Mahmudovun yolu ilə gedən Fazil Məmmədovun da yolunun üzərində qapıları geniş açılan həbsxananın konturları görünməkdədir. Eldar Mahmudov da, Fazil Məmmədov da vəzifələrinin onlara verdiyi imkanlardan dövlətin, iş adamlarının, vəzifə sahiblərinin var-dövlətlərini talamaq üçün istifadə ediblər. İndi isə əməllərə görə cavab vermək zamanıdır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26