Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR
20 yanvar hadisələrinin ildönümü ölkəboyunca qeyd edildi. 28 il ötməsinə baxmayaraq Azərbaycan xalqının şəhidlərin xatirəsini əziz tutaraq gerçəkdən “Unutmadıq! Unutmayacayıq!” həqiqətini dünyaya göstərməsi qürurverici bir məqam idi. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar bu tədbirə də plan yerinə yetirmək kimi yanaşıblar. Bununla bağlı Cəlilabad rayonunda baş verən olayı diqqətinizə çatdırmaq istəyirik.
İlk öncə Cəlilabad rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində tədbirlə bağlı yerləşdirilən məlumatı diqqətinizə çatdıraq: “20 yanvar 2018-ci il tarixdə Cəlilabad rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Saat 10.00-da rayon icra hakimiyyətinin başçısı cənab Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Cəlilabad şəhərinin mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət etmiş,şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzmüşlər. Tədbir sonra “Tut bağı” istirahət mərkəzində davam etmişdir”. İlk baxışda hər şey qaydasındadır. Amma ilk növbədə Şəhidlərin ildönümü, 20 yanvar kimi ağrılı bir tarixlə bağlı tədbirin niyə istirahət mərkəzində keçirilməsi sualına cavab vermək istərdik. Əlbəttə, icra hakimiyyətinin balansında kifayət qədər digər məkanlar və zallar var. Amma yenə də icra hakimiyyətinin rəsmi internet səhifəsində azacıq gəzinti etsək görərik ki, yeni il şənliyi, uşaq günü, beynəlxalq qadınlar bayramı və digər tədbir lər də bu məkanda keçirilib. Ortada çox bəsit bir səbəb var: “Tut Bağı” istirahət mərkəzi icra başçısı Əziz Əzizova məxsusdur və tədbirlərin bura salınması həm başçının obyektinə xeyirdir, həm də həmin tədbir üçün büdcədən ayrılan pulun yeyintisinə daha rahat şərait yaradır. Olsun bunun da üstündən keçək. Amma həmin tədbirdən çəkilmiş fotoları aşağıda sizə təqdim edir və buna heç bir izahat tapa bilmirik:
İcra hakiminin çıxışı zamanı arxada qurulmuş masanın bayramsayağı ağ-qırmızı lentlərlə bəzədilməsi hansı fəlsəfi anlam kəsb edir görəsən? Yaxud, Əziz müəllimin sevimli “Tut Bağı” istirahət mərkəzinin şadlıq sarayı olan bu zalında “Xoşbəxt Olun” sözlərini heç olmasa bir günlük götürmək və ya bu günə aid hansısa bir şüarla görünməz etmək çox çətin idimi? Yoxsa bunun da xüsusi anlamı var? Və nəhayət icra hakimiyyətinin rəsmi internet səhifəsində bildirilir ki, “Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir”. Elə isə toy masasında, başda da icra başçısının oturduğu süfrəyə hansı yeməklər gətiriləcəkdi görəsən?…
Onu da bildirək ki, bu Cəlilabad rayon icra başçısının ilk belə yanlışlığı deyil. Belə ki, Xatırladaq ki, özü əslən Cəbrayıl rayonundan olmasına baxmayaraq Əziz Əzizov 23.08.2015 ci il tarixində Cəbrayıl rayonunun işğal günündə Cəlilabad rayon Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirmişdi.
Məsələ ilə bağlı Cəlilabad rayon icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq./realmedia.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26