İttiham dəyişdi: Anar ömürlük həbs edilə bilər – Video
Rusiyanın Xabarovsk diyarının prokurorluğu pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirən azərbaycanlı Anar Allahverənov barəsində cinayət işi üzrə ittihamnaməni təsdiq edib. İstintaq başlayarkən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin dördüncü bəndinə (“qəsdən sağlamlığa ağır zərbə vurmaqla qarşı tərəfin ölümünə səbəb olmaq") görə iş qaldırılıb. Lakin zərərçəkənin hüquqi varislərinin şikayətindən sonra prokurorluq bu maddəni “xuliqanlıq niyyəti ilə qətl”ə dəyişib. Bu isə ağırlaşdırıcı maddə sayılır. Belə ki, əvvəl 15 ilə qədər cəza nəzərdə tutulurdusa, hazırda A.Allahverənov 20 ilə qədər, ya da ömürlük həbsə məhkum edilə bilər.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Rusiya və Azərbaycanın cinayət qanunvericiliyi bir-birinə çox oxşardır:
“Burada ilk növbədə cinayət işinin başlamasına toxunmaq lazımdır. Bu iki şəxs restoranda bir-biri ilə mübahisə etdikdən sonra çıxıb, çöldə dalaşırlar. Burada zərərçəkmiş şəxs ağırlıqqaldıran, Anar isə qaydasız döyüş üzrə fəaliyyət göstərən idmançıdır. Əlbəttə, onların arasındakı döyüş idman döyüşü deyil və ona görə də burada xuliqanlıq niyyətinin olması doğrudur. Əvvəlcə başladılan cinayət işi “sağlamlığa qəsdən ağır zərər vurma”, daha doğrusu, “xuliqanlıq niyyəti ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma” maddəsi ilə başladılmışdı. Ondan sonra istintaq orqanı maddəni “xuliqanlıq niyyəti ilə qətl” maddəsinə tövsif edib. hazırda təsdiqlənən maddə ilə Anar ömürlük həbs edilə də bilər. Birinci hala əsasən, Anar Allahverənova Rusiya qanunvericiliyi ilə ən çoxu 15 il azadlıqdan məhrumetmə cəzası ala bilərdi. Eyni hadisə bizdə də olsaydı, 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilərdi”.
Hüquqşünas qeyd edib ki, burdan qəsdən adamöldürmə faktı yoxdur və Anarın vəkili bunu məhkəmədə sübut etməlidir:
“Prokurorluğun maddəni dəyişmək və zərərçəkənin hüquqi varisinin vəsatətini təmin etmək səlahiyyəti var. Ancaq olaya hüquqi qiymət məhkəmə prosesində veriləcək. Vəkil göstərməlidir ki, öldürmə cəhdi qəsdli deyil, çünki həmin şəxsdə öldürücü silah olmayıb. Prokurorluq nəyə əsasən sübut edə bilər ki, bu adam qəsdən adam öldürmək istəyir? Bir insanın “qəsdən adam öldürmədə” ittiham olunması üçün hər hansı silahdan – soyuq, isti və yaxud dəyənək və s. - istifadə etməsi lazımdır. Unutmaq olmaz ki, Anar döyüşçüdür və qaydasız döyüş onun həyat tərzidir, yəni adi haldır. Ona görə də prokurorluğun irəli sürdüyü bu iddia əsassızdır. Bu, Anar Allahverənova qarşı ədalətsiz yanaşmadır”.
Rusiyanın Xabarovsk diyarının prokurorluğu pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirən azərbaycanlı Anar Allahverənov barəsində cinayət işi üzrə ittihamnaməni təsdiq edib. İttiham “xuliqanlıq niyyəti ilə qətl” maddəsi üzrə təqdim edilib. Azərbaycanlını törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Xatırladaq ki, hadisə bu il avqustun 20-də Xabarovsk şəhərində kafelərin birinin baş verib. Anar Allahverənov rusiyalı dünya çempionu ilə restoranda aralarında yaranan münaqişə səbəbindən çölə çıxaraq, təkbətək döyüşüblər. Draçev təkbətək davada aldığı zərbələrdən həyatını itirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26