"Grand Hospital"ın direktoru mətbuatdan gizlənir
Xəbər verdiyimiz kimi, "Grand Hospital"da həkim səhlənkarlığı ucbatından daha bir xəstə əməliyyat masasında ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Hadisə ilə bağlı "Grand Hospital"la əlaqə saxladıq. Qəbul şöbəsindən Qaynarinfo-ya verilən məlumatda xəstənin əməliyyat masasında deyil, əməliyyatdan sonra öldüyü bildirilib.
"Əməliyyat çox ağır keçib, lakin xəstə əməliyyat zamanı yox, əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişib".
Məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün bizi klinikanın direktoru ilə əlaqələndirmələrini istəsək də, qəbul şöbəsindən bildirdilər ki, hazırda direktor çox məşğuldur. 1 saat sonra yenidən cəhd etsək də, verilən cavab dəyişmədi: "Direktor məşğuldur".
Məlumata əsasən, 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün öncə də "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyası dəyişmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26