Interposta.Info

Deputatın mandatdan məhrum edilməsini nəzərdə tutan qanun qəbul olundu

Ölkə
 16-12-2017, 09:31     10 403

Milli Məclis ordu, seçki və tikinti məsələləri ilə bağlı yeni qanun layihələrini də qəbul etdi

Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəsi isə daha geniş müzakirəyə səbəb oldu. Birinci vitse-spiker Ziyafət Əsgərov sənədlə bağlı məlumat verdi.

Deputat Fazil Mustafa həmkarı Qüdrət Həsənquliyevin ilk müzakirələrdə səsləndirdiyi təklifi müdafiə etdi. Silahlı qüvvələrin fəaliyyətinə nəzarət hissəsində Milli Məclislə bağlı əlavə edilməsini zəruri saydı: “Bunu deyəndə bəziləri elə bilir ki, biz ABŞ Konqresi, ya Bolqarıstan parlamenti üçün səlahiyyət istəyirik. Deyək ki, prezident tərəfindən təqdimat verilir, Milli Məclisin Silahlı Qüvvələrin real vəziyyəti ilə bağlı məlumat almaq imkanı olmalıdır ki, arxayınçılıqla razılıq verə bilsin”.

F.Mustafa nəzarətin yalnız işin xeyrinə olduğunu deyib digər nümunələr çəkdi: “Məsələn, Penitensiar Xidmətdəki vəziyyətə baxın. Dünən də bir məhbus ölüb. Bundan əvvəl məhbuslar həbsdən qaçıb. Nəzarətdən kənarda qalanda bu məsələyə hər hansı müdaxilə etmək mümkün olmur. Hətta ədliyyə nazirinin özü də çıxışında deyir ki, burada ciddi nöqsanlar var, ortadan qaldırılmalıdır”.

Deputat Zahid Oruc bildirdi ki, qanun layihəsi ilə bağlı mediada bəzi yanlışlıqlar gedib: “Guya parlamentdə Silahlı Qüvvələr haqqında qanun ona görə qəbul olunur ki, guya orduya daxili proseslərə müdaxilə səlahiyyəti verilir. Amma əslində bu, belə deyil. 90-cı illərdə ordudan daxili siyasətdə istifadə edənlər bu gün hakimiyyətə qarşı kampaniyada bu arqumentdən istifadə etməyə çalışırlar. Amma əslində orduya belə bir səlahiyyət verilməsindən söhbət gedə bilməz”.

Deputat Qüdrət Həsənquliyev isə təəssüflə qeyd etdi ki, keçən iclasda konstitusiyaya əsaslanan təkliflər səsləndirsə də, həmin təkliflər ikinci oxunuşda nəzərə alınmayıb. Rusiya nümunəsini gətirən Q.Həsənquliyev dedi ki, Dövlət Dumasındakı 700-dən artıq təkliflərdən 500-ü nəzərə alınıb. “Mən hələ Avropa nümunəsini gətirmirəm, Rusiyadan bəhs edirəm”. Q.Həsənquliyev ordudan daxili siyasətdə istifadə ilə bağlı narahatlığını da ifadə etdi: “Burada daxili sabitlik ifadəsini işlətmək düzgün deyil. Onda belə çıxır ki, küçə yürüşləri, mitinqlərin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Bu, yolverilməzdir. Orada yazılmalıdır ki, iğtişaşlar zamanı istifadə oluna bilər”. Deputat daha sonra başqa məqama diqqət çəkdi: “Konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır ki. Dövlətlər idarəetmə quruluşlarına görə fərqlənir. İstənilən vətəndaş bu barədə təşəbbüslə çıxış edə bilər. Ona görə də konstitusion quruluşun zorakılıqla dəyişdirilməsindən söhbət getməlidir. Məsələn, kimsə parlamentli üsul-idarəçiliyə keçilməsini təklif edirsə, ona qarşı ordudan istifadə olunmamalıdır ki”.

Deputat konstitusiyaya zidd qərar və əmrlərin icra olunmaması barədə qanuna əlavələrin edilməsini də zəruri saydı və Türkiyədəki 15 iyul çevriliş cəhdini xatırlatdı. Əlavə etdi ki, Milli Məclisin Silahlı Qüvvələrə nəzarəti mütləq təmin olunmalıdır. Q.Həsənquliyev medianın ordudakı problemləri qabartmasını milli və dövlət təhlükəsizliyimizin əleyhinə olması barədə yanaşmanı da qəbul etmədiyini vurğuladı: “Ordudakı problemlər deyilməyəndə, yazılmayanda bunun nəticələri daha ağır olur. İmkan vermək lazımdır ki, jurnalistlərin əsgər və zabitlərlə təmasları olsun. Orduda "Açıq qapı" günlərinin keçirilməsi təqdirolunandır. Həmçinin biz ictimai nəzarət haqqında qanun da qəbul etmişik. Bu qanunda ictimai nəzarətlə bağlı məqamın olmamasını mən başa düşə bilmirəm. Ümid edirəm ki, üçüncü oxunuşda olacaq".

Deputat Azay Quliyev həmkarı Qüdrət Həsənquliyevin təkliflərinə diqqətlə yanaşmağı zəruri saydı: “Xüsusilə konstitusiya quruluşunun zorakı yolla dəyişdiriməsi barədə qanuna əlavə olsa, daha yaxşı olar”. Deputat Silahlı Qüvvələrdə siyasi partiyalar, həmkarlar ittifaqları və digər qurumların yaradılması barədə müddəanı normal saydı. Bununla bağlı ictimaiyyətə daha aydın şərh verilməsini zəruri saydı.

A.Quliyev orduya ictimai nəzarətlə bağlı məsələyə diqqətlə yanaşmağı zəruri saydı: “Ədliyyə Nazirliyində İctimai Şura var. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olmaqla ictimai nəzarət tətbiq olunsun, bu, işin xeyrinə olar”.

Deputat Naqif Həmzəyev müddətdən artıq şəxslərin orduya qəbulu zamanı ciddi nəzarətin həyata keçirilməsini zəruri saydı. Həmçinin mətbəx işlərinə cəlb olunan xanımların işə götürülməsi zamanı onların hərbi sirləri nə dərəcədə qoruyacaqlarına diqqət yetirilməsini təklif etdi.

Deputat Siyavuş Novruzov isə dedi ki, heç bir qanun Quran ayəsi deyil və istənilən zaman dəyişdirilə bilər. İctimai nəzarətlə bağlı həmkarlarının dediklərinə münasibət bildirən S.Novruzov bildirdi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan qarşısında hesabat verir. Ona görə də hansısa QHT-nin nəzarət həyata keçirməsini düzgün saymadı.

S.Novruzov orduya mülki şəxsin təyin olunması barədə təkliflərə qarşı çıxdı: “Bir dəfə bir riyaziyyatçı gətirib qoydular, gördük də ölkənin başına nə oyun gətirdi. Ərazilərimiz işğal olundu. İndi burda adını çəkmək istəmirəm, bu məclisə layiq deyil. Orduya peşəkar rəhbərlik etməlidir. Biz öz ərazilərimizi işğaldan azad etməyincə, orduya mülki şəxs rəhbərlik edə bilməz. Ordunun başında peşəkar hərbçi dayanmalıdır”.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev söz alaraq bəzi fikirlərini çatdırdı: “Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda bu barədə yazı yazanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”. General bu məsələdə medianı diqqətli olmağa çağırdı. K.Vəliyev deputat Qüdrət Həsənquliyevin ordu ilə bağlı mediada yayılan fikirlərinə də toxundu: “Deputat bir müddət öncə Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar”.

Milli Məclisin sədri Oqtay Əsədov generala xitabən bəzi qeydlərini bölüşdü. Dedi ki, deputat Qüdrət Həsənquliyevin fikirlər bəzi saytlarda kontekstdən çıxarılıb: “Milli Məclisin hər bir üzvünün orduya böyük hörməti var. Burada çıxışlar da olur, tənqidlər də olur. Biz araşdıraq, görək bu çıxışı başqa cür təqdim edən kimlərdir. Həmin media orqanları nə Milli Məclisdə, nə də Müdafiə Nazirliyində akkreditasiyadan keçib. Onlar müxtəlif saytlardır ki, bu cür şeylər yazırlar. Amma belə məsələləri çox da ürəyinizə yaxın buraxmayın. Biz Azərbaycan ordusunun həmişə güclənməsini istəmişik, həmişə də dəstəkləyəcəyik”. Deputatlar spikerin qeydlərini alqışlarla qarşıladılar.

Birinci vitse-spiker Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə danışarkən ordunun daxildəki siyasi proseslərə müdaxilə imkanlarının olacağı barədə fikirləri təkzib etdi: “Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərə Daxili Qoşunlar məşğul olacaq, ordu yox. Eşitdiniz, hörmətli jurnalistlər, nə var, onu yazın!”

Bundan sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.

Seçki Məcəlləsinə dəyişiklik də uzun müzakirələrə səbəb oldu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verdi. Bildirdi ki, Seçki Məcəlləsinə 55 dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, Məcəlləyə 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlər də əlavə edilib. Bu bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı da MSK qəbul edəcək. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər. Mandatdan məhrum edilmə ilə bağlı qərara MSK tərəfindən baxılmasına gəldikdə, Ə.Hüseynli bildirdi ki, MSK-nın millət vəkilini mandatdan məhrum etmək funksiyası mövcuddur.

Deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişiklikləri təqdir edərək bildirdi ki, bəzi şəxslər növbədənkənar seçkinin keçirilməsi ilə əlaqədar vətəndaşları çaşdırır: “ANS-in keçmiş əməkdaşı, hazırda Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayıb ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır. Bu, sırf təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini götürün, oxuyun. Hər fikirdən yeni fikir çıxarırlar və biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik. Heç kəsin hüququ çatmır ki, prezidentin hüququnu məhdudlaşdırsın”.

Deputat Tahir Kərimli deputatın mandatdan məhrum edilməsi məsələsinin MSK-da baxılmasına etiraz etmədiyini desə də, qeydlərini də etdi: “Mahiyyət üzrə qərar qəbul olunmasını MSK necə təftiş edəcək? Ümumiyyətlə, onun buna səlahiyyəti varmı?” Deputat dedi ki, bu, sui-istifadələrə yol verə bilər: “Biz aydınlaşdırmalıyıq, hansı etik qaydaya görə cəzalandırıla bilərik? Axı, bizim Konstitusiyamızın 91-ci maddəsində birbaşa göstərilir k, deputat Milli Məclisdəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikirlərə görə hər hansı bir məsuliyyətə cəlb oluna bilməz. Bəs, məsuliyyətə cəlb oluna bilməzsə, necə məsuliyyətə cəlb olunacaq?”

Deputat Qüdrət Həsənquliyev də bəzi müddəalara etiraz etdi: “Layihədə göstərilib ki, deputat başqasının əvəzindən səs verərsə və etik davranış qaydalarını pozarsa, Milli Məclis tərəfindən qərar qəbul olunur, MSK-ya göndərilir və MSK qərar qəbul edir. Əgər son sözü biz deyiriksə, MSK-nın təkrar qərar qəbul etməsinə nə ehtiyac var?”

Spiker Oqtay Əsədov dedi ki, 6 aydan sonra normativ hüquqi aktlar səsə qoyulacaq. Ondan sonra MM-in nizamnaməsinə uyğun dəyişikliklər olacaq.

Deputat Vahid Əhmədov Seçki Məcəlləsinə edilən dəyişiklikləri mütərəqqi adlandırdı. Mübahisə doğuran məsələlərdən biri kimi deputatın mandatdan məhrum edilməsini xatırlatdı: “İndiki dəyişikliklərdən görünür ki, millət vəkillərinin taleyi Milli Məclisə həvalə olunur. Yəni məsələyə İntizam Komissiyası baxacaq. Ancaq vaxtilə taleyimiz MSK-ya verilmişdi. İndi bizim taleyimiz öz əlimizdədir”.

Deputat Aydın Mirzəzadə isə bildirdi ki, artıq Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişikliklər ətrafında mübahisə etməyin mənası yoxdur. O bildirdi ki, vaxtaşırı Azərbaycanda əhəmiyyətli hadisə ərəfəsində təxribat cəhdləri olur və bu dəfə də eyni hal baş verir: “Budəfəki cəhdləri provakasiya, Azərbaycanda çaxnaşma yaratmaq cəhdindən başqa bir şey deyil”.

Deputat Zahid Oruc əvvəlcə təkliflərə sərt reaksiya verilməsinə reaksiya verdi: “Hər hansı təkliflərə reaksiya verilərkən çox tünd boyalardan istifadə olunmasını düzgün saymıram”. Z.Oruc dedi ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur: “Burada ixtisaslaşmış şəxslərdən söhbət gedir. İntizam Komissiyası harda ixtisaslaşırlar?” Z.Oruc dedi ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrum etmə nümunəsi yoxdur.

Spiker “Zahid Oruc, sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”-deyə, Z.Oruca reaksiya verdi.

Komitə sədri Əli Hüseynli isə dedi ki, səsverməyə görə millət vəkili mandatdan məhrum edilə bilməz. Amma etik davranış qaydalarını pozduğuna görə, millət vəkill mandatdan uzaqlaşdırıla bilər.

Bundan sonra deputatlar qanun layihəsinə səs verib qəbul etdilər.

Mülki Məcəlləyə bir mənzilin bir neçə şəxsə satılmasının qarşının alınması məqsədi ilə edilən dəyişikliklər zamanı da deputatlar aktivlik nümayiş etdirdilər.

“Azərbaycanda yüzlərlə insan var ki, 20-25 ildir özü kirayədə qalır, öz evində yaşaya bilmir, çünki orada qaçqın və məcburi köçkünlərimiz o evlərdə yaşayırlar”. Bu fikirləri deputat Fazil Mustafa söylədi.

Deputat Fuad Muradov bir gün əvvəl Xətai rayonundan mənzil problemi ilə üzləşən 40 nəfər şikayətçinin parlamentin qarşısına gəldiyini söylədi. Bildirdi ki, 2014-cü ildə 153 mənzil bir neçə adama satıldığı üçün insanlar ağır durumla üzləşib. Ancaq F.Muradov bildirdi ki, yeni qanun artıq bir mənzilin bir neçə nəfərə satılmasını mümkünsüz edəcək.

Bundan sonra dəyişikliklər qəbul edildi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26