Rusiya kriminalının kralı kim olacaq? - Üç “qanuni oğru” adı
Rusiya mətbuatı başa çatmaqda olan 2017-ci ildə ölkənin kriminal aləmində baş verənlər və bundan sonra nələrin ola biləcəyi ilə bağlı geniş material dərc edib.
Yazıda Zaxari Kalaşovun (“Şakro Molodoy”) 2016-cı ilin avqustunda həbsindən sonra Rusiya kriminalında “korol” mövqeyi uğrunda mübarizədən bəhs edilir.
Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” 2014-cü ilin oktyabrın 29-da 7 illik həbsdən sonra İspaniya həbsxanasından azadlığa buraxılmışdı. Milliyyətcə yezidi kürd olan “Şakro Molodoy” 2013-cü ilin yanvarında qətlə yetirilən Rusiya kriminalının “xaç atası” Aslan Usoyanın (“Ded Xasan”) taxtına ən şanslı namizəd sayılırdı. Gözlənilən kimi də oldu. “Şakro” Rusiya kriminalında “1 nömrəli” şəxsə çevrildi və “Ded Xasan”ın ətrafındakı əsas qüvvələr onun ətrafında cəmləşdi.
Kriminal aləmdə “təmizləmə” aparacağına söz verən “Şakro” tezliklə hətta həbsxanada belə bir gün yatmayaraq “qanuni oğru” adı alanların “qərarını” geri oxudu və “tacqoymada” tam nəzarəti ələ aldı. Hazırda bu səbəbdən heç bir kriminal qruplaşma kiməsə “qanuni oğru” adı verməyi dayandırıb.
“Şakro”nun 2016-cı ildə gözlənilmədən həbsi və bu həbsin Rusiya televiziyalarında geniş işıqlandırılması Rusiya kriminalının liderinin tezliklə azadlığa buraxılmayacağına işarə idi. Onu 2015-ci ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışmaya görə həbs ediblər. Məlum hadisə “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə “İtaliyalı” ləqəbli avtoritet Andrey Koçuykov həbs edilib. O, hələ “Şakro” həbsdə olanda onun ən yaxın adamı kimi tanınırdı.
Bundan sonra məlum oldu ki, “Şakro” “İtaliyalı”nın azadlığa buraxılması üçün Rusiya İstintaq Komitəsinin bir sıra yüksək rütbəli əməkdaşlarına 5 milyon dollar rüşvət verib. Hazırda məhkəmə hökmünü gözləyən “Şakro”ya verilən ittihamla ona hətta ömürlük həbs cəzası da verilə bilər. Rusiya mediası yazır ki, belə olacağı təqdirdə Rusiya kriminalı “korol”suz qala bilər.
Yazıda azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) azadlığa buraxılması xüsusi qeyd olunur və onun uzun müddətli həbsdə də kriminal aləmə çox ciddi təsirinin qaldığı yada salınır. O cümlədən, onun ətrafında “qanun oğru” lardan ibarət ciddi təşkilatlanma getdiyi bildirilir. Onun nə “Ded Xasan” la, nə hazırda həbsdə olan “qanuni oğru” Tariyel Oninani(“Taro”) və “Şakro” ilə problemi olmaması xatırlanır.
Rusiya kriminalında lider olmağa can atanlardan biri də Merab Canqveladzedir(“Merab Suxumski”). 2016-cı ilin payızında İtaliya həbsxanasından azadlığa buraxılmış “Suxumski” “Şakro”nun həbsinədək xüsusi fəallıq göstərməyib. Hazırda Antalyada məskunlaşan “Suxumski”nin də ətrafında qüvvələr topladığı və “Şakro”nun boş qalmış yerinə iddia etdiyi bildirilir.
Daha bir iddiaçının adı da kriminal alımdə “generallar” sırasındadır. Bu, Laşa Şuşanaşvilidir(“Laşa Rustavski”).
Laşa “Ded Xasan”ın “Taro” ilə davasında birinciyə dəstək verib. Onun “Şakro” ilə baş-başa gələ biləcəyi deyilsə də, hazırda Yunanıstanda olan “qanuni oğru” Rusiya kriminalının lideri olmaq iddiasını ortaya qoymağa tələsmir.
Rusiya mediası hazırda Moskva səviyyəsində əsas üç “qanuni oğru” ya da diqqət çəkir. Bunlar Vasili Xristiforov (“Vasya Voskres”), Eduard Asatryan (“Osetrin”) və Miron ləqəbli Dmitri Çanturiyadır.
“Vasya Voskres”i bu ilin noyabrında Moskva ətrafındakı evində tapança tapsalar da, onu həbs etmək mümkün olmayıb.
Vasya Voskres
Eduard Asatryanın bioqrafiyasına gəlincə isə o, milliyyətcə ermənidir və 1968-ci ildə Tiflisdə anadan olub. Rusiya saytları yazır ki, mafioz dairələrdə çox yaxşı tanınan E.Asatryan bir neçə dəfə məhkum olunub. Eduard Asatryanı sonuncu dəfə narkotik ittihamı ilə həbs edilmişdi və bu ilin yayında 3 illik məhbəs həyatından sonra azadlığa buraxılıb.
1981-ci ildə Gürcüstanda doğulan “Miron” “Ded Xasan”ın qohumudur. 2004-cü ildən kriminal aləmdə möhkəmlənib. “Miron” mübahisələri danışıqlar yolu ilə həllinə tərəfdar olaraq münaqişələrdən xoşlanmayan şəxs kimi xarakterizə edilir. Buna görə də “Ded Xasan” dan sonra onun taxt-tacına iddia etsə də, ona bu şansı tanımadılar. Kriminal generalların bəziləri onu heç “vor zakon” kimi qəbul etmir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26