Interposta.Info

Yağın qiyməti cüzi düşəcək - İstehlakçılar üçün dəyişən nəsə olmayacaq...

Ölkə
 8-12-2017, 19:29     10 362

Ekspert: “İdxal rüsumlarının azaldılması kərə yağının qiymətinə çox cüzi təsir edəcək”

“Ölkədə anti-inhisarla bağlı məcəllə qəbul olunmayıb. Belə bir vəziyyətdə yağ idxalçıları qiyməti özləri müəyyən edirlər”.

Bu sözləri AİB sədri Eyyub Hüseynov kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının azaldılmasını şərh edərkən açıqlamasında qeyd edib.

Bu gündən etibarən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir. Bundan sonrakı dönəmdə kərə yağının qiymətində ucuzlaşma hansı səviyyədə olacaq? İdxal rüsumlarının azaldılması sahibkarlar arasında rəqabətin yaranmasına və özəl sektorun inkişafına müsbət təsir edə bilərmi?

"XeberBiz" xəbər verir ki, mövzu ilə bağlı Pia.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Yağın qiyməti cüzi düşəcək - İstehlakçılar üçün dəyişən nəsə olmayacaq...

Eyyub Hüseynov: “Müvafiq addımlar atılmadığı təqdirdə gömrük rüsumlarının azaldılması yerli istehlakçılar üçün müsbət heç nə vəd etmir”.

Ölkənin bazaar iqtisadiyyatında inhisarçılığın hökm sürdüyünü bildirən AİB sədri Eyyub Hüseynova görə, indiki şəraitdə idxal rüsumlarının azaldılması ciddi dəyişiklik yarada bilməz:


“Gömrük idxal rüsumlarının azaldılması fonunda kərə yağının qiymətində endirim olacaq. Lakin cənab prezident İlham Əliyevin 2011-ci ildən dediyi kimi, bazarda kadr sövdələşmələri, inhisarçılıq hələ də mövcuddur. Ölkədə anti-inhisarla bağlı məcəllə qəbul olunmayıb. Belə bir vəziyyətdə yağ idxalçıları qiyməti özləri müəyyən edirlər. İdxal rüsumlarının azaldılması kərə yağının qiymətinə çox cüzi təsir edəcək.

İdxal rüsumlarının azaldılması daha çox özəl sektorun, milli istehsalçıların xeyrinə olacaq. Ümumən isə yerli yağ məhsulu istehsalçıları stimullaşdırılmalıdır. Bu halda rüsumların azaldılmasından müsbət nəticələr əldə etmək mümkündür. Müvafiq addımlar atılmadığı təqdirdə gömrük rüsumlarının azaldılması yerli istehlakçılar üçün müsbət heç nə vəd etmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26