Reyhanın elmi rəhbəri tanınmış psixiatrın qızı imiş -
ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampın heyran olduğu və kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə tanınmış psixiatrın qızıdır.
"XeberBiz" xəbər verir ki, BakuPost.az-ın əldə etdiyi məlumata görə, L. Tağızadə uzun illər Sumqayıt Psixiatiriya Xəstəxanasının baş həkimi olmuş, tanınmış psixiatr Mayıl Tağıyevin övladıdır.
R. Camalovanın yağışdan enerji almağı təmin edəcək kəşfinin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə çıxarılmasında elə elmi rəhbərinin böyük rolu olub.
Bununla bağlı BakuPost.az-a danışan L. Tağızadə bildirib ki, Reyhanla 9 ay əvvəl tanış olub: "Tanış olduqdan sonra layihəsi üzərində işləməyə başladıq. Layihəni CLP – Climate Launchpad adlı beynəlxalq proqrama daxil etdik. Məhsulun üzərində 9 həftə işlədik. Bilirsiniz ki, ailənin maddi imkanı yoxdur. Yaxşı ki, bizə müraciət etdilər. Reyhanın öz cəsarəti, inamı, nitqi, inadkarlığı da bizi cəlb etdi. Biz ona təmənnasız dəstək olduq. Layihəni mükəmmələşdirib tamamladıq. Özüm ötən il Obamanın iştirakı ilə keçirilən Qlobal sahibkarlıq sammitində iştirak etmişəm, uğurlu çıxışım da oldu. Builki sammitə Reyhanın layihəsini hazırladıq, ərizə verdik. Qəbul olundu və Hindistana getdik. Bizim özümüz üçün də İvanka Trampın çıxışında məhz Azərbaycanın adını çəkməsi gözlənilməz oldu. Həqiqətən qürurverici idi”.
Leyla Tağızadə bundan sonra da Reyhana dəstək olacağını bildirirək, Reyhan kimi istedadlı gənclərin ona müraciət edə biləcəyini qeyd edib:
"CLP – Climate Launchpad proqramı 2018-ci il üçün davam edir. Yüksək potensiallı layihələri olan gənclər müraciət edə bilər.
Bundan başqa Dövlət Departamentinin bir layihəsi də var, ora ərizə qəbulu başlayıb, Rehyan da məhz bu proqramla vasitəsilə o sammitə düşə bilmişdi. Bu dəfə yəqin ki, Azərbaycandan başqa bir təmsilçi olacaq”.
Elmi rəhbəri Reyhanın bundan sonrakı fəaliyyətindən də söz açıb: "Bizə Hindistandakı sammitdən bir neçə sponsor, sahibkar müraciət edib, təkliflər var. Reyhanla bundan sonra da əməkdaşlığa davam edəcəyik. Çünki valideynləri də xahiş edib ki, dəstək olaq. Reyhan yetkinlik yaşına çatmadığı üçün bəzi məsələlərdə, sənədləşmələrdə çətinlik çəkə bilər. Yaxın günlərdə Reyhanın layihəsi patentləşdiriləcək. Bu sammit və Rehyan nümunəsində Azərbaycan gəncləri bir daha əmin oldu ki, qarşısına məqsəd qoyub, maraqlı ideyası, arzusu olan ağıllı gənclər öz ölkəmizdən birbaşa dünyaya açıla bilərlər. Reyhan bu işi başlayanda onu çoxları ruhdan salırdı, inanmırdı, boş bir işlə məşğul olduğunu hesab edirdilər. Lakin o, ruhdan düşmədi. Azərbaycanda kifayət qədər ağlı, biliyi olan gənclər üçün çox gözəl şərait var. Mütləq deyil Amerika, Avropaya gedib, orda yaşayasan. Əgər dünyaya faydalı ideyası, məqsədi olan gənclər varsa, bizə müraciət edə bilərlər. Biz ən azı onlara doğru bir yol göstərə bilərik”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26