Interposta.Info

Dövlətin sosial siyasəti dəyişir - Məşğulluğun təmin olunması proqramı nə vəd edir?

Ölkə
 30-11-2017, 18:30     10 546

Sosial sığortanın artımı və məşğulluğun təmin olunması ələbaxımlılığı ortadan qaldırmağa və ehtiyacı olan ailələrin ehtiyacının təmin olunması üçün yetərli olacaqmı?

Natiq Cəfərli: “Mənim gördüyüm ondan ibarətdir ki, hələ də dövlət hər sahədə olduğu kimi məhz sosial məsələlərin həllində də hegamon, birinci rol oynamağa çalışır”.

Fikrət Yusifov: “Dövlət bu sahədə siyasətin dəyişdirilməsinə start verib. Söhbət ünvanlı sosial yardımların əvəz edilməsindən gedir”.

Azərbaycanda gələn ildən sosial sığorta haqlarının ödənilməsində məbləğin 3 dəfə artacağı və əldə olunan vəsaitlərin məşğulluğun təmin olunmasına yönləndiriləcəyi bildirilir. Belə ki, millət vəkili Hadi Rəcəbli yaxın 6-7 il ərzində Azərbaycanda ünvanlı sosial yardımın ləğv ediləcəyi məsələsi ilə bağlı qeyd edib ki, sosial sığorta haqlarının ödənilməsində də müəyyən dəyişikliklərin ediləcəyi və məbləğin 3 dəfə artacağı gözlənilir. Məqsəd isə məşğulluğun təmin olunmasıdır. Bununla da ünvanlı sosial yardım əlil və fiziki məhdudiyyətli şəxslərə veriləcək. İşləmə qabiliyyəti olan insanlar və 2-ci, 3-cü qrup əlilləri üçün isə özünüməşğulluqla bağlı yeni iş yerləri açılacaq.

Sosial sığortanın artımı ölkədə dövlətin yardımına ehtiyacı olan ailələrin ehtiyaclarının təmin olunması üçün yetərli olacaqmı? Həmçinin məlumdur ki, Azərbaycanda açılan yeni müəssisələr faktiki olaraq qısa müddətdən sonra fəaliyyətini durdurur və bununla bağlı bir sıra faktlarda mövcuddur. Bu durumda məşğulluğun təmin olunmasın proqramını uğuruna inanmaq mümkün olarmı, yoxsa yeni layihə faktiki olaraq dövlətin yardımına ehtiyacı olan ailələrin səfalətini daha da böyüdəcək?

"XeberBiz" xəbər verir ki, mövzu ilə bağlı Pia.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə və Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib.
Dövlətin sosial siyasəti dəyişir - Məşğulluğun təmin olunması proqramı nə vəd edir?


Natiq Cəfərli: “Dövlət həmin vətəndaşlara balığın özün yox, balığı tutmağı üçün alətləri verməlidir”.

Dünya təcrübəsində bu məsələlərin həllində biznesin təşviq olunması yolu ilə biznesin önə çəkildiyin və müxtəlif layihələrdə iştirak etdiyin vurğulayan iqtisadçı ekspert Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda hələlik, ancaq dövlət bu işdə birinci olmağı və nəzarəti öz üzərində saxlamağa çalışır. Bu yanaşmada da qüsurlar və problemlər var:

“Əslində hələ ki, Azərbaycanda sosial sığorta haqlarının ödənilməsində məbləğin hansı səviyyədə və formada olacağın dəqiq demək mümkün deyil. Bu mexanizm işlədikdən sonra orada olan problemlər, zəif nöqtələr önə çıxacaq. Amma onu da qeyd edim ki, bütün dövlətlərin sosial məsələlərə yanaşmasında həmişə iki ana xətt olur. Birincisi, bir dövlət daim sosial ehtiyacı olan insanlara diqqət və qayğı göstərərək, obrazlı desək, ona balıq verir. Başqa dövlət isə həmin insanlara balıq tutmağı öyrədir. İndi Azərbaycanda hansı modelin önə çıxacağını demək çətindir. Çünki mənim dünyagörüşümə görə sosial təminatı zəif olan, fiziki əngəli olan insanlara daim dövlət qayğısı göstərməlidir. Amma digər kateqoriyaya aid olan insanlara, yəni iş yerləri ilə bağlı problemi olan insanlara dövlət şərait yaratmalıdır ki, özləri qazansın.

Dövlət həmin vətəndaşlara balığın özün yox, balığı tutmağı üçün alətləri verməlidir. Azərbaycanda isə hansı yol seçiləcək onu bilmirəm. Amma mənim gördüyüm ondan ibarətdir ki, hələ də dövlət hər sahədə olduğu kimi məhz sosial məsələlərin həllində də hegamon, birinci rol oynamağa çalışır. Dünya təcrübəsi var ki, bu məsələlərin həllində biznesin təşviq olunması yolu ilə biznesi önə çəkirlər, biznes müxtəlif layihələrdə iştirak edir. Həmçinin də belə olanda həm sosial səviyyə artır, həm də vətəndaşların həyat səviyyəsi artır. Amma Azərbaycanda hələlik, ancaq dövlət bu işdə birinci olmağı və nəzarəti öz üzərində saxlamağa çalışır. Mən hesab edirəm ki, bu yanaşmada da qüsurlar və problemlər var.

Natiq Cəfərli:
“Yeni yanaşmalarda da problem yaşansa, bu, ölkədə sosial vəziyyəti ağır olan insanların vəziyyətinin daha da ağırlaşmasına, işsizlik probleminin artmasına səbəb ola bilər”.

Onu da qeyd edim ki, dövlət müəssisə açanda da öndə olmağa çalışır. Amma belə olmalı deyil. Açılan müəssisələrin bir çoxu gözdən pərdə asmaq üçün, ayrılmış vəsaiti mənimsəmək üçün, prezident gələrkən onu təqdim etmək üçün qeyri-iqtisadi məntiqlə inşa olunmuş müəssisələrdir. Bu da sonuc etibarilə iqtisadi tabeliliyin olmadığına görə həmin müəssisələrin bağlanmasına gətirib çıxardır.

Dövlət çalışmalıdır ki, müəssisələr açılarkən, bu iqtisadi məntiqə uyğunlaşsın. Bunun üçün də təşviq proqramları tərtib edilməlidir və təbii olmalıdır. Yəni biznesin öz maraqları olmalıdır. Bütün bunları təmin etmədikdə təbii ki, yeni yanaşmalarda da problem yaşansa, bu ölkədə sosial vəziyyəti ağır olan insanların vəziyyətinin daha da ağırlaşmasına, işsizlik probleminin artmasına səbəb ola bilər. Həmçinin qarşıya qoyulan proqramların yerinə yetirilməsində ciddi axsamalar ola bilər”.
Dövlətin sosial siyasəti dəyişir - Məşğulluğun təmin olunması proqramı nə vəd edir?

Fikrət Yusifov: “Yardım alan vətəndaş bu vəsaiti iş yeri yaratmaq üçün istifadə etməklə, ələbaxımlıq əhval-ruhiyyəsindən yaxa qurtara biləcək”.

"XeberBiz" bildirir ki, mövzu ilə bağlı Pia.az-a danışan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov dövlətin bu sahədə siyasətinin dəyişdiyini qeyd edib və əlavə edib ki, yeni iş yerləri yaradılmaqla dövlətin sosial yardımlarla bağlı yükü müəyyən qədər azaltmış olacaq və eyni zamanda kiçik də olsa, hər hansı bir xidmət və ya istehsalla məşğul olmaqla iqtisadiyyat üçün yeni dəyər yarada biləcək:

“Dövlət bu sahədə siyasətin dəyişdirilməsinə start verib. Söhbət ünvanlı sosial yardımların əvəz edilməsindən gedir. Ölkə başçısının son çıxışlarında əhaliyə verilən ünvanlı sosial yardımların səmərəliliyinin artırılması ilə bağlı konkret fikirlər səsləndirilib. Hökumət büdcə vəsaitləri hesabına vətəndaşlara etdiyi yardımın son nəticədə yeni iş yerlərinin açılmasına gətirib çıxarmasını hədəfləyir.

Burada bir çox müsbət məqamlar var. Əvvəla yardım alan vətəndaş bu vəsaiti iş yeri yaratmaq üçün istifadə etməklə, ələbaxımlıq əhval-ruhiyyəsindən yaxa qurtara biləcək. İkincisi isə o, yeni iş yeri yaratmaqla dövlətin sosial yardımlarla bağlı yükünü müəyyən qədər azaltmış olacaq və eyni zamanda kiçik də olsa, hər hansı bir xidmət və ya istehsalla məşğul olmaqla iqtisadiyyat üçün yeni dəyər yarada biləcəkdir. Bu ən azından indiyə qədər mövcud olan sosial yardım sistemində əsaslı bir dönüşün başlanğıcı kimi dəyərləndirilməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26