Interposta.Info

Eldar Mahmudov tutulsa, müxalifət onu müdafiə edərmi...

Ölkə
 11-11-2017, 08:32     10 357

Sərdar Cəlaloğlu: “Qanuna uyğun cəza verilməlidir”; Mirvari Qəhrəmanlı: “Məhkəməsi qapalı aparılsa, prosesi qiymətləndirmək bizlər üçün çox çətin olacaq”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun həbsinə hazırlıq gedir.


E.Mahmudovun indiyə qədər iki dəfə idarədə ifadə verdiyi sübut olunub. İstintaq idarəsinin qarşısında çəkilən fotolardan açıq şəkildə görünür ki, sabiq nazir tam solub...

E.Mahmudovun həbsi hələ tam reallaşmamış, gündəmə belə ənənəvi sual gəlib: indiyə qədər müxalif düşərgənin “vurulmuş” dövlət məmurlarını zaman-zaman müdafiə etdiklərinin şahidi olmuşuq. Sabiq səhiyyə naziri Əli İnsanovu, iqtisadi-inkişaf naziri Fərhad Əliyevi, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevi xatırlatmaq kifayət edir. Demokratik düşərgənin irəli sürdüyü bəhanə daim bu olur ki, insan hüquqlarını müdafiə edirlər, konkret şəxsi yox...

Görəsən indi də belə olacaq?

ADP sədri Sərdar Cəlaloğlu hüquqları pozulan bir şəxsi düşməni olsa belə müdafiə etməyə hazır olduğunu söylədi: “Nəzərə almaq lazımdır ki, əvvəlki nazirlərlə bağlı həbslər fərqli olmuşdu. Onlar əvvəlcə həbs olundular, sonradan da ittihamlar irəli sürüldü. İstintaqa çağırıb sonradan həbs etmədilər. Çünki həmin şəxslər istintaqın gedişinə təsir etmək gücünə malik idilər. Amma indi Eldar Mahmudov azadlıqdadır. İndiyə qədər həbs edilməyibsə, bundan sonra həbs ediləcəyini də dəqiq söyləmək çətindir. Azərbaycanda hətta mənim şəxsi düşmənim olsa belə partiya sədri kimi, onun hüquqlarını qorumaq vəzifəmdir. Ona görə ki, hüquq fərdə aid deyil, hamınındır. Bir şəxsin timsalında hüquq pozulursa, demək hamının hüquqları pozulur. Hüququn müdafiəsi ictimai işdir. Əgər Eldar Mahmudovun hüquqları pozulacaqsa, onun müdafiəsi üçün müraciətlər edilərsə, ilk növbədə, onun müdafiəsinin təşkilində iştirak edə bilərik. Necə lazımdırsa, elə də müdafiə edərik. Hüquqları müdafiə etmək kiminsə əməllərini müdafiə etmək deyil. Əsas odur ki, hüquq pozulmasın. Bəzi insanlar bizim müdafiəmizi ona görə səhv qələmə verirlər ki, hüququn nə olduğunu bilmirlər. Məsələn, deyirlər ki, filan vəkil adam öldürəni müdafiə edir. Anlamırlar ki, vəkil onun cinayətini müdafiə etmir. Biz hansısa bir hökumət adamını müdafiə edə bilərik, amma onun əməllərini müdafiə etmirik ki. Biz ona qarşı qeyri-qanuni hərəkətlərdən onu müdafiə etməyə çalışırıq. Qanuni hərəkətləri alqışlayırıq. Azərbaycanda qanunlar işləmədiyi üçün Eldar Mahmudov olmur kim olursa olsun, qeyri-qanuni hərəkətlərlə üzləşə bilər. Elə bilirlər ki, vaxtı ilə Əli İnsanovu biz müdafiə edəndə onun korrupsiya əməllərini müdafiə etmişik. Yaxud Eldar Mahmudovu müdafiə edəcəyiksə, onun rəhbərlik etdiyi nazirliyin cinayətlərini müdafiə etmirik. O bir vətəndaşdır, qanuna uyğun cəza verilməlidir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, hər bir şəxsin özünə görə deyil, gedən məhkəmə proseslərinə görə onun müdafiəsi qurulur: “Etdiyi əməllərə görə həbs edilib, sonradan bura siyasi çalarlar daxil edilərsə, o zaman müdafiə edilir. Eldar Mahmudov dövlətin təhlükəsizliyini qoruyan, ona zəmanət verən bir qurumun rəhbəri idi. Onun nədən ötrü istintaqa çağırıldığı bilinmir. Çünki onun rəhbərlik etdiyi komandanın üzvləri mühakimə edildilər. Mahmudov həbs edilməsə də, qurum rəhbəri kimi mütləq günahının olduğu danılmazdır. Çox güman ki, bu bir istintaq sirridir, onun üçün indiyədək Mahmudov kənarda qalıb. Proses hələ ki, davam edir. Əgər Eldar Mahmudov da həbs edilsə, məhkəməsi qapalı aparılsa, prosesi qiymətləndirmək bizlər üçün çox çətin olacaq. Açıq məhkəmə olarsa, ondan sonra qərara gəlmək olar ki, onu müdafiə etmək lazımdır ya yox. Hələlik bu suala cavab vermək çətindir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26