Interposta.Info

AŞ PA məruzəçisi Qobustan həbsxanasının bağlanmasını istəyir -

Ölkə
 20-10-2017, 10:20     9 434

Nemət Pənahlı: “Orada gördüklərim dilə gətiriləsi deyil”; Mirvari Qəhrəmanlı: “Onlar mütləq şəkildə həbsxanada monitorinq aparıb...”

Ötən həftə AŞ PA-da Azərbaycan əleyhinə qəbul edilən iki qətnamənin müəlliflərindən biri olan avstriyalı məruzəçi Stefan Şennak verdiyi son müsahibədə ölkəmizlə bağlı bir sıra maraqlı fikirlər səsləndirib. Onun geniş müsahibəsində əsas diqqətçəkən yer Qobustan həbsxanası ilə bağlı olub. Stefan Şennak bunları deyib: “Son səfərimdə bəlkə də sizin ölkənizdə ən pis yerə də getdim - Qobustan təcridxanasına. Mən ümid edirəm ki, bu həbsxana tezliklə bağlanacaq”.

Onun bu fikirləri Qobustan həbsxanasının taleyini bir daha gündəmə gətirib. Zaman-zaman bu həbsxananın bağlanması barədə müxtəlif şəxslərin dilindən fikirlər səslənib.

Qobustan həbsxanası 1998-ci ildən mövcuddur. Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşir. Bu ilin iyununda həbsxananın tezliklə ləğvi və başqa yerə köçürüləcəyi barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov önəmli açıqlamalar vermişdi. O, Qaradağ rayonu ərazisində, Umbakı qəsəbəsində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikildiyini və hazır olandan sonra Qobustan həbsxanasının ora köçürüləcəyini qeyd etmişdi. Qeyd edək ki, bu qapalı həbsxanaya ən ağır cinayət törədən məhbuslar göndərilir. Hazırda burada kifayət qədər tanınmış məhbuslar cəza çəkirlər. Onlardan OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovu, “Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırzadəni və başqalarını misal çəkə bilərik.

Vaxtilə 17 saylı cəzaçəkmə müəssisəsindən Qobustana köçürülən və cəzasının bir hissəsini orada çəkən milli azadlıq hərəkatının öncül isimlərindən olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bunları dedi: “Hər bir insan ən qatı cinayət törətsə belə, azadlığından məhrum olunur, insanlıqdan deyil. Həbsxanalarda məhbusların doğru yola yönəldilməsi nəzərdə tutulur. Əminliklə deyirəm ki, Qobustan həbsxanası XXI əsrdə bir millətə ən böyük təhqirdən başqa deyil. O həbsxanaya gedəndə orada insaniyyətə yaraşan heç nə ilə rastlaşa bilməzsiniz. Oradakı idarəçiliyin özü belə cinayətdir. Orada insan üçün yaşayış şəraiti olan heç nə yoxdur. Qobustana bu gün qatı cinayətkarlar çox göndərilmir. Daha çox cəza çəkdikləri yerlərdə haqsızlığa etiraz edənlər müxtəlif bəhanələrlə ora göndərilir. Mən azadlıq hərəkatına rəhbərlik edən bir şəxsəm. Dağlıq Qarabağda müharibələr başlayanda insanları döyüşlərə hazırlayırdım. O zaman düşmən əsirliyində olanlar sonradan hansı işgəncələri gördüklərini danışırdılar. Bax mən o işgəncələri Azərbaycan həbsxanalarında gözlərimlə gördüm, istər 1 saylı Bakı İstintaq Təcridxanası, istər 17 saylı cəzaçəkmə müəssisəsi, istərsə də Qobustan həbsxanası olsun. İnanın ki, dilə gətiriləsi sözlər deyil”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Qobustan həbsxanasında olmasa da, orada cəza çəkən insanların dilindən indiyə qədər çox dəhşətləri eşitdiyini qeyd etdi: “Əvvəllər Bayıl həbsxanasında olmuşam. Qadın məhbuslar saxlanılan yerdə. İndi o həbsxana yoxdur, yaxşı ki, elə yoxdur. Qobustan həbsxanasında olmasam da, orada cəza çəkmiş insanların, onların yaxınlarının dillərindən çox şey eşitmişəm. Dəfələrlə dilə gətirilib ki, Azərbaycanda həbsxanalar yenilənməli, təmir olunmalıdır. Avropa İttifaqından Ədliyyə Nazirliyinə məhkəmələrdə islahatlar aparmaqla bağlı qrantlar ayrılır, amma bilmirəm ki, bu sahəyə də ayrılırmı. Bu qrantlar ayrılmasa, yaxşı bilirəm ki, Ədliyyə Nazirliyinin tərkibində tikinti idarəsi var. Məhbusların köməyi ilə də normal bir şərait yaratmaq olar və bu çox vacibdir. Nazirliyin işçiləri xaricdə beynəlxalq təcrübəni öyrənmək məqsədilə həbsxanalarda olurlar. İstənilən məhbusun hüquq və azadlıqları təmin olunmalıdır. Burada əsas məsuliyyət daşıyanlardan biri də Ədliyyə Nazirliyinin yanında İctimai Komitədir. Orada vətəndaş cəmiyyətinin üzvləri var. Onlar mütləq şəkildə Qobustan həbsxanasında monitorinq aparıb, öz təklif və tövsiyələrini verməlidirlər. Bunlar yalnız başlanğıcdır. İctimai komitə yalnız onun yaradılmayıb ki, Ədliyyə Nazirliyinin iclaslarında yalnız iştirak etsinlər, yaxud əfv və digər məsələlərlə bağlı fəaliyyət göstərsinlər. Komitə həm də ondan ibarətdir ki, vaxtaşırı monitorinqlər aparıb, orada olan çatışmamazlığın mütləq mənada aradan qaldırılmasına nail olunsun”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26