Interposta.Info

İstiqlalçı deputatdan mühüm açıqlamalar; müstəqilliyimizi istəməyən kimlər idi?

Ölkə
 19-10-2017, 13:56     8 943

Tahir Kərimli: “Onlar əvvəl bizi tikə-tikə doğramağa hazır idilər”
Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından 26 il ötür. Hər ilin bu günlərində bir çox məsələlər yenidən aktuallaşır. Ən çox müzakirə edilən məsələ isə 26 il öncə müstəqilliyimizin əleyhinə səs verənlərdir. Onlar müzakirələrin önünə çıxır, barələrində ən müxtəlif fikirlər səsləndirilir.


1991-cü ilin martında müstəqilliyimizlə bağlı ilk səsvermədə iştirak edənlərin mövqeləri hər kəsə maraqlı olduğu üçün onların adlarını təqdim edirik:

Müstəqilliyin əleyhinə səs verənlər



1. Arif Rəhimzadə - deputat
2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri
3. Abbas Abbasov - baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov - sabiq deputat, vəfat edib
6. Eldar İbrahimov - deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova - sabiq deputat
9. Mixail Zabelin - deputat
10. Sultan Məmmədov - sabiq deputat, biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova - Xalq artisti, deputat
12. Madər Musayev - deputat
13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko - sabiq deputat
15. Həsən Həsənov - keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir
16. Əli Həsənov - Baş nazirin müavini, "Qaçkınkom"un sədri
17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir
18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı
19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov - sabiq deputat
21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı
22. Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov - sabiq deputat
25. Rüfət Əsədov - Nazirlər Kabinetində sabiq şöbə müdiri
26. Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov - Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov - sabiq deputat
29. Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir
30. Telman Orucov - Sabiq deputat
31. Çingiz Sadıqov - sabiq deputat, vəfat edib


Müstəqillik aktının lehinə səs verənlər

İstiqlalçı deputatdan mühüm açıqlamalar; müstəqilliyimizi istəməyən kimlər idi?

(43 deputat)

İxtiyar Şirinov - keçmiş baş prokuror, MKP sədri
Firudin Cəlilov - keçmiş təhsil naziri
Dilarə Əliyeva
Füzuli Axundov
Aydın Məmmədov
Əyyam Musayev
Vaqif Novruzov
Vahid Əhmədov - deputat
Ramiz Fətəliyev
Cümşüd Nuriyev
Məmməd Xələfov
Etibar Məmmədov - AMİP lideri
Nəriman Həsənzadə - xalq şairi
İsa Qəmbər – Müsavatın sabiq başqanı
Sabir Rüstəmxanlı- VHP sədri
Tofiq Bağırov
Mürşüd Məmmədli - Gəncənin keçmiş icra başçısı
Şadman Hüseynov
Faiq Baxşəliyev
Mirmahmud Fəttayev- KXCP sədri
Ədalət Rəhimov
İsgəndər Həmidov -keçmiş daxili işlər naziri
Mətləb Mütəllimov- Sosial Ədalət Partiyasının sədri
Tahir Əliyev
Rəhim Qazıyev- keçmiş müdafiə naziri
Tamerlan Qarayev- İndoneziyadakı səfir
Eldar Bağırov
Tofiq Qasımov- keçmiş xarici işlər naziri
Məryəm Həsənova- təqaüdçü,
Arif Hacılı- Müsavat başqanı
Tahir Kərimli- Vəhdət Partiyasının sədri, deputat
İsmayıl Şıxlı – mərhum xalq yazıçısı
Yusif Səmədoğlu – mərhum xalq yazıçısı
Maşallah Abdullayev
Hacıbaba Əzimov- VAMBP sədri
Bayram Bayramov – mərhum xalq yazıçısı
Hicran Kərimli
Heydər Əliyev- -sabiq prezident
İbrahim İbrahimli
Allahverdi Həsənov
Sülhəddin Əkbər - Azad Demokratlar Partiyasının sədri
Şahmərdan Cəfərov – mərhum hərəkatçı
Fərəc Quliyev – deputat, MDHP sədri


Bitərəflər (5 deputat)

Arif Əliyev
Rəsul Quliyev – eks-spiker,
Kamilə Həsənəliyeva
Mübariz Abbasov
Xudaverdi Hənifəyev


Göründüyü kimi, iştirakçıların hər biri kifayət qədər tanınmış simalardır və müstəqilliyimizin qazanılmasında keçən adları hər kəsə tanışdır. Siyahıdakı 31 nəfərin müstəqilliyimizi istəməmələri ilə bağlı da fikirlər birmənalı deyil. Son 26 ildə əksəriyyət onları bu mövqelərinə görə sərt şəkildə tənqid edir. Doğrudur, mart səsverməsindən fərqli olaraq, 1991-ci ilin 18 oktyabrındakı konstitusiya aktının qəbulunda həmin əleyhdarların hamısı lehinə olublar. Amma bunlar gecikmiş mövqe kimi qəbul edilir. Çünki həmin vaxt mart ayındakı situasiyadan fərqli olaraq, müstəqilliyimizi qazanmağa kimsədə şübhə yeri yox idi. Eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilmişdi.

Qeyd edək ki, 1991-ci ilin mart ayındakı səsvermədə müstəqilliyimizin lehinə olan 43 nəfər istiqlalçı deputat kimi qəbul olunur.
Onlardan Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri, deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında oktyabrın 18-dəki konstitusiya aktının qəbulundan daha çox mart ayındakı səsvermənin müstəqilliyimiz üçün əsas rol oynadığını qeyd etdi: “Necə olur ki, mart ayında Azərbaycanın müstəqilliyinin əleyhinə olan şəxslər oktyabr ayında onun lehinə səs verdilər? Çünki artıq müstəqilliyin paradı olmuşdu, bir sıra respublikalar müstəqilliyini elan etmişdi, Azərbaycan onlardan xeyli geri qalırdı. Dövlət rəhbərliyində də müstəqilliyin qəbulu ilə bağlı qərar var idi. Heç kimdən gizlətmirəm, mart ayındakı səsvermə mənim üçün daha əhəmiyyətlidir. Çünki mart ayında bir çoxlarımız aclıq etdik, ölüm aclığı keçirdik. O zaman fövqəladə vəziyyət idi. Rus ordusunun zabitləri gecə ilə bizi oradan götürüb öldürməyə aparırdılar. Biz bu müstəqilliyi şəhidlərimiz, mübarizəmiz hesabına qazandıq. Müstəqillik üçün bu cür mübarizə aparmışıq. Nə yaxşı o zaman mart ayında mərhum prezident Heydər Əliyev bizimlə bərabər səs verib. Əks təqdirdə bizi nəzərə almaya bilərdilər. Bu böyük bir hadisə idi. Böyük tarixi şəxsiyyət olaraq buna cürət etdi, müstəqilliyə səs verdi. Amma başqaları bunun əleyhinə oldu. Bizim özümüzə istiqlalçı deputat adını qoymağımız, ola bilər, qıcıq oyatsın. Amma onların fədakarlığı nəzərə alınmalıdır. Xalqımızın mübarizəsi, o mübarizənin bizlər tərəfindən parlamentə daşınması bu müstəqilliyi qazandırdı. SSRİ-nin dağılması nə qədər də beynəlxalq ssenari olsa da, Azərbaycan, Ukrayna, Gürcüstan kimi yerlərdə baş verən hərəkatlar olmasaydı, bu imperiya birdən-birə dağılmazdı. Müstəqilliyimiz şəhidlərimizin qanı və mübarizəmizin hesabına əldə olundu. Oktyabr ayındakı səsvermədən sonra, deyəsən, heç kollektiv şəkil də çəkdirmədim, yaxud da küncdə dayanmışam. Mənim üçün çox maraqlı idi ki, necə oldu birdən-birə bunlar müstəqilliyə razı oldular? Bunlar mənə çox toxundu. Onlar əvvəl bizi tikə-tikə doğramağa hazır idilər. Oktyabr ayında rəsmləşən müstəqilliyimizi tarixi baxımdan çox qiymətləndirsəm də, bu müstəqilliyə Cümhuriyyətimizin bərpası kimi baxsam da, mənim üçün ən əziz mart referendumudur. Çünki orada bilindi ki, xalqdan ötrü kim özünü qurban verməyə, kim risk edib yaxınlarını, qohumlarını təhlükə altında qoymağa hazırdır?”.

T.Kərimli müstəqillikdən sonra onun əleyhinə olanların lehinə olanlara nisbətdə hakimiyyətdə daha çox yer almalarına da toxundu: “Bu hallar məndə təəssüf hissi yaradır. Tarixi şəraitdən baxanda, açığı, onları çox da qınamıram. Ola bilər ki, onların içərilərində qorxu hissi olsun. Onların bəziləri pis adam da olmaya bilərlər. Sadəcə olaraq, qorxduqlarından, SSRİ-nin dağılmasına inanmadıqlarına görə belə addım ata bilərlər. Bunun müqabilində həmin 43 nəfərin fədakarlığını qiymətləndirməmək düzgün deyil. Bizim içərimizdə düzgün mövqedə olmayan, aqressiv olanlar ola bilər. Amma bütövlükdə bu insanlar milli istiqlala sadiq olublar. İstərdim ki, onların hər biri qurduqları dövlətdə təmsil olsunlar. Görün, mən 22 il işsiz qaldım. İndinin özündə həmin istiqlalçı deputatların bəziləri işləmir, əməkhaqqı belə almırlar. Belə münasibət lazım deyil. Əvvəl deputat olmayanda elə bilirdim ki, dövlət idarəçiliyində təmsil olunanların hamısı əleyhimizədir. Amma onların içərisində olandan sonra əksini də gördüm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26