Interposta.Info

Bu aparıcılar işlədiyi TV-lərə problem yaradır - MTRŞ

Ölkə
 7-10-2017, 13:22     10 460

Bəzən elə olur ki, aparıcılar adlarını çəkdiyimizə görə bizdən inciyirlər.

Bu sözləri axar.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov son zamanlarda radiolarda dil normalarının pozulması, aparıcıların özlərini həddən artıq sərbəst aparmaları və vulqar ifadələr işlətməsi, efirə zəng edən tamaşaçıları ələ salmaları, dinləyicilərin müzakirəsinə çıxarılan mövzuların tənqid hədəfinə çevrilməsi ilə bağlı danışarkən söyləyib. O bildirib ki, MTRŞ keçirdiyi monitorinqlərdə adları qara siyahıya düşən aparcılar ictimai qınağa məruz qalırlar:

“Nöqsanlar televiziyalarda olduğu kimi radiolarda da mövcuddur. Adətən belə səhvlərə canlı yayım zamanı daha çox rast gəlinir. Biz monitorinqlər zamanı dilçi mütəxəssisləri dəvət edirik. Onlar belə problemləri daha yaxşı müşahidə edə bilirlər. Bəzən radio aparıcıları efirdə kobud, qeyri-etik ifadələr və yaxud vulqar sözlər işlədir. Belə halları mütləq hesabatımızda qeyd edirik.

Bu vaxta qədər dil normalarının qorunması ilə bağlı aparılan monitorinqlərdə aşkarlanan səhvlərlə bağlı aparıcılara xəbərdarlıq yox, vəziyyətin öyrədilməsi üçün müvafiq tövsiyyələr verilib. Monitorinqlərin nəticəsinin ictimaiyyətə açıqlanmasından sonra biz çox zaman ictimai qınağın olduğunu müşahidə edirik. Buna görə hesab edirəm ki, yoxlamaların böyük effekti olar. Qara siyahıya düşən aparıcılar çalışırlar ki, bu kimi hallar təkrarlanmasın. Radiolarda müşahidə olunan dil qüsurlarının aradan qaldırması yönündə müəyyən irəliləyişlər var, amma demək olmaz ki, bütünlüklə bu problemlər aradan qaldırılıb.

Dil normalarının pozulmasına daha çox yol verən aparcıların adları hər zaman ictimaiyyətə açıqlanır. Əgər siz diqqət yetirsəz, görərsiniz ki, orada ən tanınmış aparıcılar başda olmaqla, hamının adına rast gəlmək olar. Heç kimin adı gizlədilmir. Hətta buna görə bəzi aparıcılar bizdən inciyirlər. Amma faktiki olaraq bunu dilçi mütəxəssislər müəyyənləşdirir. Etiraz edənlər, inciyənlər açıq şəkildə heç nə deyə bilmirlər. Çünki faktlar ortadadır”.

Ekspert bildirib ki, MTRŞ radiolarda yol verilən müəyyən səhvlərin bəzilərinə güzəşt edir:

“Hərdən olur ki, radio aparıcıları efirdə türkcə və rusca sözlərdən, ləhcədən istifadə edirlər. Ümumilikdə biz çox xırdalıqlarına varmırıq. Məsələn, hansısa bir aparıcı “a” hərfi yerinə “ə” hərfini deyir. Amma bəzi hallarda, xüsusilə də canlı yayımlarda belə səhvlərə güzəştə gedirik. Çünki hər bir insan tələsgənlikdən və ya başqa səbəblərdən danışığında səhvlərə yol verə bilər. Amma təbii ki, bunun xroniki hal alması, yaxud da məqsədyönlü şəkildə baş verməsi yolveilməzdir.

Səhvlərə yol verilən aparıcılar üçün hansısa cəza növü nəzərdə tutulmayıb. Heç bir televiziya və radio kanalı istəməz ki, onların aparıcılarının adı tez-tez bu formada hallansın. Bu həm ictimai qınaq, həm də psixoloji təzyiqdir. Bu formada maarifləndirərək problemlərin qarşısını almağa çalışırıq”.

T.Dadaşovun sözlərinə görə, əgər hansısa aparıcı dil və ya nitq qüsuruna yol verərsə, eyni zamanda müvafiq qanunvericiliyin tələblərini pozulmasına səbəb olarsa, bu zaman tədbir görülür:

“Belə hallar dəfələrlə müşahidə olunub. Amma ümumilikdə götürəndə orfoepiya qaydalarının pozulmasına görə inzibati qaydada cəza nəzərdə tutulmayıb. Konkret qanun pozuntusu olmadıqda belə problemlərin qarşısını almaq da çətin olur. Əlbəttə ki, bu məsələ ilə bağlı hər bir aparıcı öz üzərində məsuliyyət hiss eləməlidir. Çünki belə hallar davamlı olarsa, həmin adamın çalışdığı media qurumuna qarşı tədbirlər görülə bilər”.

T.Dadaşov bir mütəxəssis kimi sözügedən problemlərin onu da narahat etdiyini bildirib:

“Aparıcıların nitq qüsurları geniş anlayışdır. Təkcə hansısa sözü səhv deməklə bağlı deyil. Bəzən olur ki, radioaparcılar efirə zəng edən tamaşaçıları ələ salır, onlarla məzələnirlər. Radio aparıcıları çox vaxt proqramlarda canlı və dinamik olmağa çalışırlar. Bu baxımdan belə hallar baş verir. Yəni konkret qanun pozuntuları aşkarlanmır, amma sizə deyim ki, bəzən xoşagəlməz hallar da olur. Hərdən aparıcıların bayağı formada davrandıqlarının şahidi oluruq. Əvvəlki dövrlərdə də radio efirində bəzi mövzular açıq müzakirəyə çıxarılırdı. Radioyayımı haqqında qanunvericiliyin konkret tələbləri pozulurdu. Amma indi özləri bilirlər ki, MTRŞ nəzarət edir. Ümumilikdə isə demək olar ki, radiolarımızda xüsusi tendensiyalı təhlükə yoxdur.

Radiolar əsasən maarifləndirmək, informasiya vermək və əyləndirmək funksiyalarını yerinə yetirir. Demək olmaz ki, Azərbaycan radiolarının edirində maarifləndirmə ilə bağlı verirlişlər yoxdur. Məsələn, bir çox radiolarda sağlamlıq, yol hərəkəti qaydaları, dini maarifləndirmə ilə bağlı müəyyən layihələrə rast gəlinir. Lakin bəzi özəl radioların aparıcıları hesab edirlər ki, maarifləndirməkdən daha çox, əyləndirməlidirlər. Düşünürəm ki, özəl radiolar maarifəndirmə prosesindən kənarda qalmamalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26