Interposta.Info

Onlar niyə Nobel aldılar? – Fiziklərin inanılmaz kəşfi

Ölkə
 3-10-2017, 18:27     8 652

Bugünkü teleskoplar imkan verir ki, daha çox uzağa, daha çox qədimə baxaq. NASA-nın canlı yayımlarında gördüyümüz Pluton bu planetin 5 saat əvvəlki halıdır. Eyni zamanda, biz Günəşə baxanda 8 dəqiqə əvvəlki Günəşi görmüş oluruq.

Bu sözləri araşdırmaçı Niyyət Bayramzadə bu il fizika üzrə Nobel mükafatına layiq görülən alimlərin elmə töhfəsi haqda Kult.az-a danışarkən deyib. O, “Böyük partlayış” və fəzadakı plazma ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Bizə ən yaxın ulduz Proksima Sentauridə hələ 2012-ci ildir. Xülasə, gecə nə qədər ulduz görünürsə, heç biri onların indiki halı deyil. Gördüklərimiz min, milyon il əvvəlin ulduzlarıdır. Bu, bir tərəfdən yaxşıdır ki, uzağa baxdıqca real tarixi görüntüləri əldə etmək olur. Məsələn, 13 milyard il əvvəlki protoqalaktika müşahidə olunub. Kainat da 13,6 milyard il əvvəl yaranıb. Bu yaxşı nəticədir ki, “Biq Banq”dan (“Böyük partlayış”) sonrakı vaxtları birbaşa müşahidə edib öyrənmək olar. Amma burada bir məsələ var, özü də çətin məsələ: müasir teleskoplarla kainatın 300 min il yaşı olan vaxtdan müasir dövrə qədərki vaxtı görmək olar. Amma ondan əvvəli görmək mümkün deyil. Həmin vaxt ulduzlar asteroidlər və başqa göy cismləri yox idi. Yalnız plazma var idi. Bütün kainat, boşluq, fəza ancaq plazma ilə dolu idi. Təəssüf ki, plazma bulanıq olduğundan işığı buraxmır. Yəni nə qədər güclü teleskop olsa, yenə də o tarixdən əvvələ gedib, kainatın yaranma anını, yəni “Böyük partlayış”ı, varlığın yoxluqdan varlığa çıxma anını müşahidə etmək mümkün deyil”.

Niyyət Bayramzadə qeyd edib ki, plazmaya rəğmən, tarixi suala cavab tapmaq mümkündür:


“Fikirləşin ki, neçə əsrlik “Bu böyüklükdə kainat, varlıqlar necə yoxdan bir anda var oldular?” sualına cavabı gözlə görmək mümkün ikən plazma qatı görüntünün qabağını kəsib işləri korlayır. Dərin təəssüf hissi... Amma bir ümid yeri var. O da fiziki nəzəriyyə ilə sabit olan qravitasiya dalğalarıdır. Qravitasiya dalğaları elə fəza distorsiyasıdır ki, həmin bulanıq plazmadan da keçə bilir. Deməli, o dalğaları detektorda tutmaq mümkün olsa, yuxarıdakı cavabı səbirsizliklə gözlənilən sualların da cavabı aydınlaşar”.

Fizik bildirib ki, biz otaqda adi hərəkətlər zamanı belə bir çox proseslərə səbəb oluruq:


“Qravitasiya dalğaları hər yerdədir. Adi halda evdə o yan, bu yana var-gəl edəndə qravitasiya dalğası əmələ gəlir. Daha da sadə, otağın içində qolumuzu tərpədəndə belə ətrafdakı fəzanı əyirik. Otağın döşəməsi və tavanı bir-birindən aralanır, divarlar isə yaxınlaşır. Yəni əslində, ev hündürlüyünə uzanır, eninə qısalır. Daha sonra əksinə, divarlar genişlənir, otaq döşəmə və tavandan sıxılır. Tək ev yox, bütün bina belə bir periodik get-gələ məruz qalır. Amma bu titrəyiş o qədər cüzidir ki, onu hiss edə bilmirik. Yetəri qədər dəqiq cihaz olsa, bunu qeyd etmək mümkündür.

Aşağıdakı şəkildə əks olunmuş cihaz “Biq Banq” anında yaranmış qravitasiya dalğalarını tutmaq, kainatın ontoloji başlanğıcını elmi yolla ortaya çıxarmaq məqsədilə hazırlanıb. LIGO adlı bu qurğunun şəkildəki qolları 4 km-dir (bir-birinə perpendikulyar olmaqla). Ekstermal dəqiq titrəyişləri ölçə bilir. Müqayisə üçün fikirləşə bilərsiniz ki, iki uzun taxta parçası kəsilir, biri 4 metr, digəri də o qədər, amma 1-cə mm uzun: 4,001 metr. Bu dərəcə dəqiqlik yəqin ki, praktiki mümkün deyil. İndi müqayisə edin ki, LIGO-nun qolları 1 mm də yox, 1 mm-in milyardda biri qədər cüzi dəyişməni hiss edə bilir. Özü də qollar 4 km ola-ola bu dəqiqliyi ölçə bilir. 4 km olan bir qol, o biri 4 km-lik qoldan millimetrin milyardda biri qədər qısa və ya uzundur. Belə ağlasığmaz dəqiqliklə araşdırmaçılar qravitasiya dalğalarını tuturlar.

LIGO-nun həmmüəllifi Kip Sorn, həm də “İnterstellar” filminin elm məsləhətçisi olub”.

Qeyd edək ki, bu il fizika üzrə Nobel laureatları - Rayner Veis, Barri C. Bariş, Kip S.Sorn LIGO-nu təkmilləşdirdiklərinə görə sözügedən mükafata layiq görülüblər.

interposta.info
Onlar niyə Nobel aldılar? – Fiziklərin inanılmaz kəşfi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26