Interposta.Info

Balaqusar məktəbinin gizlinləri açıqlacaqmı?

Ölkə
 29-09-2017, 13:34     10 448

Deyilənlərə əsaslansaq, bu təhsil ocağında ciddi yoxlamaya ehtiyac var

Düz doqquz il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllər qəzalı vəziyyətdə olan, H. Əliyev Fondunun sifarişi ilə tikilən Qusar rayonunun Balaqusar kəndində tam orta məktəbinin yeni binasının açılışında iştirak etdi. Müasir avadanlıqlarla təchiz edilmiş və 500 şagird yerlik yeni binanın tikintisi bütün sakinlərin sevincinə səbəb oldu.


Lakin son vaxtlar “Şimal xəbərlər”inə həmin məktəbdə bir sıra ciddi nöqsanların olması barədə məlumatlar daxil olub. Araşdırmalarımız zamanı adının çəkilməsini istəməyən pedoqoji kollektivin bəzi üzvlərinin və kənd sakinlərinin açıqlamalarına əsasən, təxminən üç ildir ki, məktəbə rəhbərlik edən Didar Əhmədovun fəaliyyəti narazılıq doğurur. İnformasiyalara görə, onlarla uşaq onun işlədiyi müddətdə məktəbi tərk edərək Qusar şəhərindəki təhsil ocaqlarına üz tutub. Direktor süni vakansiyalar yaratmaqla işə yeni müəllimlər cəlb edib. Diqqəti çəkən ən ciddi məqam isə bunda ibarətdir ki, məlumatlara inansaq, Bakı şəhər qeydiyyatında olan və orada yaşayan bir neçə nəfərə məktəbdə təhsil almadıqları halda atestatlar verilib. Bundan əlavə, təhsil ocağında istismar müddəti başa çatmayan inventarların silinməsi də həyata keçirilib. Bizə verilən məlumatlarda direktorla bağlı daha bir neçə fakt əksini tapıb. Araşdırma tam başa çatmadığına görə, həmin faktları hələlik yayımlamırıq. “Şimal xəbərləri” olaraq deyilənləri nə təsdiq, nə də təkzib etmirik. Bu, səlahiyyətli qurumların işidir. Balaqusar kənd tam orta məktəbinin iddia edilən gizlinlərini ortaya çıxarmaq yəqin ki, çətin olmayacaq.

Balaqusar kənd tam orta məktəbinin mövcud durumu və bizə deyilən məlumatları aydınlaşdırmaq üçün Qusar rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyevə telefon açsaq da zənglərimizə cavab vermədi. Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Elman Mustafayev isə rabitənin zəif olduğunu əsas gətirərək suallarımızı cavablandırmağı sonraya saxladı... Adıçəkilən şəxslərin və eləcə də Balaqusar kənd tam orta məktəbinin direktoru Didar Əhmədovun mövqelərini olduğu kimi dərc etməyə hazırıq./“Şimal xəbərləri”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26