Azərbaycanda
Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini daha da artırıb.
Bəzi ölkələr artıq onun satışına hələ bir neçə il əvvəl qadağalar qoyub, bir sıra ölkələrdə isə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.
Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.
2015-ci ilin mayın 1-dən isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq edilib.
"Son illərdə energetik içkilərdən qəfil ölüm halları artıb"
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir:
"Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər".
"Energetik içkilərin satışı alkoqollu içkilərin satışı kimi tənzimlənməlidir"
M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq.
Deputat təklif edir ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.
M.Quliyevin fikrincə, bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcəklər.
Deputat hesab edir ki, energetik içkilərin reklamı da qadağan olunmalıdır: "İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir".
M.Quliyev hesab edir ki, məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır. Eyni zamanda, maarifləndirmə tədbirləri aparılmalıdır.
"Yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır"
İnsanda arterial təzyiqi artırdığı üçün Fransa, İsveç, Almaniyada energetik içkilərin yalnız apteklərdə satıldığını deyən Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda energetik içkilərin satışı nəinki məhdudlaşmalı, ümumiyyətlə, qadağan edilməlidir:
"Energetik içkilərin 3 qabı yarım litr arağa bərabərdir. Ona görə də bu gün yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır. Bu gün gənclər onu daha çox yuxularını qaçırmaq üçün içirlər. Amma bu içkilər yuxunu qovmur. Onun qəbulundan sonra tərkibindəki kimyəvi preparatlar hesabına insana əvvəl həddindən artıq əlavə enerji gəlir, 4-5 saatdan sonra yorğunluq, yuxu gətirir. Bu səbəbdən də sürücülərin çoxu sükan arxasında yatırlar. Qəzaya düşən maşınlara baxsanız görərsiniz ki, onların çoxunda energetik içkilərin qabı var".
D.Məmmədov qeyd edib ki, energetik içkilər həm də sonsuzluq yaradır: "Təəssüf ki, Azərbaycanda bu içkilərlə bağlı həkimlər də həyəcan təbili çalmırlar, onun mənfi fəsadı haqqında danışmırlar".
Energetik içkilər ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli sayılır. Bu içkilərin tərkibində vitamin preparatları çox olduğundan onun orqanizmdə zəhərlənmə və allergik reaksiyalar yaratması mümkündür.
A.Maqsudovun sözlərinə görə, energetik içkilər gündə 1-2 bankadan çox qəbul edildikdə orqanizm, xüsusilə qaraciyər, böyrək və ürək üçün problemlər yarada bilər.
Bu içkinin tərkibində alkoqol olarsa, normadan çox qəbul edilərsə, həm də bunu içməsi münasib olmayan şəxslər qəbul edərlərsə, o, ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər.
A.Maqsudov mərkəzə indiyədək energetik içkilərin birbaşa təsirindən baş verən zəhərlənmə və allergik reaksiyalarla bağlı müraciətlərin edilmədiyini də söyləyib.
Energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin haqqında
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Trend-ə deyib ki, energetik içkilərin tərkibində istifadə edilən taurin ilk dəfə 1827-ci ildə Friedrich Tiedermann ve Leopold Gmelin tərəfindən öküzün ödündə kəşf edilib: "Sonralar bu maddənin insanların və bəzi heyvanların bədənlərində təbii olaraq meydana gəldiyi məlum olub. Energetik içkilərdə istifadə olunan taurin (taurine) nevroloji inkişafa kömək edən, qandakı mineral duz və su normasını tənzimləyən bir amin turşusudur. Taurin, yediyimiz ət və balıq məhsullarında, hətta ana südündə təbii olaraq mövcuddur".
Komitə rəsmisi qeyd edib ki, energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin (Aminoethanesulfonic acid) maddəsindən istifadəyə "Qida əlavələri, aramatizatorlar və texnoloji yardımlar üçün təhlükəsizlik tələbləri" TP TC 029/2012 Texniki reqlamentində icazə verilir.
Onun sözlərinə görə, bəzi araşdırmalar taurinin fiziki və zehni performansı artırdığını üzə çıxarıb. Taurin müxtəlif xəstəliklərin müalicəsində də istifadə edilir.
F.Talıblı əlavə edib ki, gündə ən çox 3,000 mg taurin istifadə edilməsi tovsiyə olunur. Taurinin artıq istifadəsi böyrək xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Enerji içkilərində taurinlə bərabər həm şəkər, həm də kofein olduğunu nəzərə alsaq, normadan artıq istifadə ürək döyüntülərinin və təzyiqin artması, yuxu pozğunluğuna və əsəbiliyə səbəb ola bilər.
"Ölkəyə gətirilən energetik içkilər normativ sənədə uyğun istehsal olunur"
F.Talıblı deyib ki, ölkə ərazisində istifadə olunan energetik içkilər əsasən xarici ölkələrdən idxal olunur.
Onun sözlərinə görə, idxal edilən və sertifikatlaşdırılan energetik içkilər TP TC 021/2011, TP TC 029/2012 (Qida məhsullarının təlükəsizliyi haqqında. Texniki reqlament) normativ sənədinə uyğundur.
F.Talıblı əlavə edib ki, Azərbaycanda alkoqolsuz tonuslandırıcı içkilər üçün AZS 844-2015 standartı qüvvədədir. Bu standart xüsusi təyinatlı - tonuslandırıcı, eyni zamanda energetik alkoqolsuz içkilərə şamil olunur.
Komitə rəsmisi bildirib ki, alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır:
"İstifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtləri nəzərə alınaraq istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada bu içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti göstərilir".
Komitə: İçkilərin üzərində "18 yaşadək şəxslərin istifadə etməsi tövsiyə olunmur" yazılmalıdır
F.Talıblının sözlərinə görə, energetik içkilərin markalanması zamanı məhsul üzərində "18 yaşadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur" yazısı göstərilməlidir.
F.Talıblı bildirib ki, energetik içkilərdə bioloji aktiv əlavələrin olması ilə əlaqədar marakalanma zamanı sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat da olmalıdır./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26