Interposta.Info

"Xəstə qadın can verə bilmirdi, amma Səkinə gələndə öldü"-

Ölkə
 23-09-2017, 14:32     10 505

İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən falçı qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Esmira Hüseynova ifadə verib.

O, təqsirləndirən şəxsi 2014-cü ildən Təyminə Abdullayeva vasitəsi ilə tanıdığını söyləyib.

E.Hüseynova xəstəlikdən əziyyət çəkdiyini və bunun üçün də S.İsmayılovaya müraciət etdiyini deyib. Səkinə İsmayılova onu əllə müalicə edəcəkmiş.

"Falçı Səkinə"yə 10 min manatdan artıq nağd pul və qızıl-zinət əşyaları verdiyini deyən zərərçəkmiş ona inammasının səbəbini belə danışıb:

"Səkinəni mənə ekstrasens kimi təqdim etdilər. Evinə gedəndə gördüm ki, kartla baxır. Əllə müalicə edəcəyini deyirdi.

Bir dəfə də xəstəxanada görmüşəm. Orada bir qadın yataq xəstəsi idi. Neçə gün idi can verə bilmirdi. Ölüm ayağında idi. Çox əziyyət çəkirdi. Səkinə həmin xəstənin yanına gəldi. Qadına nə etdiyini bilmirəm. Amma sonra o, qadın öldü, canını tapşırdı".

Zərərçəkmiş bildirib ki, Səkinə İsmayılova ona öləcəyini də bildirib:

"Mən özüm xəstə idim. Uşağım da ana bətnində xəstələnmişdi. Mənə dedi ki, öləcəksən. Pulu özümün və uşağımın müalicəsi üçün vermişəm. Mən Səkinənin yanına gedən həm də həkim müalicəsi alırdım".

Zərərçəkmiş şəxs ifadəsində iş adamı Barat Abdullalyevin arvadı Təyminə Abdullayevanın "falçı Səkinə"yə 20 min dollar verdiyinə şahidlik etdiyini söyləyib.

Təqsirləndiriləm Səkinə İsmayılova isə deyilənləri şər və böhtan olduğunu söyləyib.

Zərərçəkmiş isə S.İsmayılovaya belə cavab verib:

"Səkinə xanım, gözlərimin içinə baxın. Xahiş edirəm düzünü deyin. Siz məni israrla çağırırdınız. Deyirdiniz ki, "öləcəksən, gəl". Mənim balam şikəst qaldı. Bəs məni sağaldardın da. Mən indi də xəstəyəm. Sən Allahdan qorxardın. O, kartları açıb bizi aldatmazdın. Səndən heç nə istəmirəm. Amma etiraf elə".

Məhkəmənin növbəti iclası sentyabrın 29-tətin edilib.

Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Abdullayevanın işi davam edən ərəfədə Səkinə İsmayılova da həbs edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26