Interposta.Info

Ölümün bir addımlığında

Ölkə
 14-09-2017, 16:43     10 232

Ötərxan Eltac

Gecə saat 2-3 radələri idi. Babək yuxudan oyandı:
- Ana, dədəm gəldi?


-Yox, başına dönüm, yəqin bir azdan gələr, sən yat.

-Bax, indicə gəldi, yolda ağ “Niva” saxladı. Dədəm də içindən düşdü, gördüm.

-Yat, ay öğul, indi gecədir, səhər baxarsan.

-Nə... gecədir?

-Gecədir, başına dönüm, gecədir, inşaallah gələr, sən yat, - deyə, ana körpə oğlunu ovundurmağa çalışdı. Ancaq ananın həsrətli gözləri o yollardan yığışa bildimi?! Səhərə qədər çimir də eləmədi, aranı dağa çəkdi, dağı arana.

...Laçın şəhəri və dəhliz deyilən ərazi işğal altında idi. Kəlbəcər istiqamətindən irəliləyən ordumuz bir çox kəndləri quldurlardan təmizlədiyinə görə Oğuldərə camaatı qismən kəndə qayıtmışdı. Evlər talan edilib yandırılsa da, uçuq komasına sığınıb yaşayanların sayı günü-gündən artırdı. Onlardan biri də el ağsaqqalı Əli Əliyev idi.
Başına gələnləri öz dilindən eşitmək istədim. Və görüş saatını kölgənin itən vaxtına təyin etdik.
Ölümün bir addımlığında


- Əli müəllim, necəsiniz?

Ölümün bir addımlığında“Şükür, yaxşıyam, mühasirədən çıxmışıq” - deyərkən kədər qarışıq təbəssüm boylanırdı Əli müəllimin gözlərindən. Alnındakı qırışlarda bir elin dərd yükü gizlənmişdi. İçin-için qovrulur, bəlkə də düşündüklərini dilinə gətirməkdə çətinlik çəkirdi – yaraların qaysağını yenidən qopartmaq istəmirdi bəlkə də...

“54 gün erməni mühasirəsində” kitabı tanınmış ziyalı, ehtiyatda olan zabit, pedaqoq Əli müəllimin başına gələnlər o dəhşətin təzahürüdü. O, 54 gün Laçın, Kəlbəcər bölgəsində, eləcə də Gorusun sərhədyanı kəndlərində əzaba-əziyyətə qatlaşa-qatlaşa, cığırları, dərələri, təpələri dizin-dizin sürünə-sürünə neçələrini düşmən zülmündən, əzabından qurtarmağa çalışıb.

-Ötərxan müəllim, o günləri xatırlamağın özü də dəhşətlidir. Bəzən düşünürəm ki, döğrudanmı bu anları mən yaşamışam?!


...Bir dəfə Yevlaxdan bir idarədən çıxırdım, hər tərəf sıx ağaclıq idi. Mənə elə gəldi ki, düşmənin bir addımlığında - mühasirədəyəm, tez geri çəkildim. Sonra ətrafdakıların arın-arxayınlığından anladım ki, mühasirədə deyil, Yevlaxdayam. Yəni o dəhşətli, ağrı-acılı günlərlə hər zaman birgəyəm. Onları unutmaq mümkün deyil.
Bir dəfə də “Neftçilər” metrostansiyasının yaxınlığında hər kəs avtobusa tərəf qaçırdı. Mən də onların arxasınca. Elə zənn etdim ki, hamı səngərə qaçır. “Bəs mənim silahım hanı” - deyə unutduğumu düşündüm. Maşınların fiti sanki məni yuxudan ayıltdı. Gördüm ki, şəhərdəyəm, maşınlar sola-sağa şütüyür.

O nisgilli günləri xatırladıqca kövrəlir, göz yaşlarını böğmağa çalışırdı Əli müəllim. Yaxşı ki, hündür bir qaya başında idik. Hərdən əlini alnına dayayıb göz işlədikcə uzanıb gedən yollara, uzaqda görünən dağlara baxır, xəfif-xəfif əsən mehin qanadlarında Laçının qoxusunu duymağa çalışırdı.

“Üst evə qalxdım. Bir torba tapıb ayaqqabı, corab və bir də xeyli çörək, yağ-pendir yığdım. Altı otaqlı ikimərtəbəli evdən, onbeş metrlik tövlədən, içi dolu mal-qoyundan, xalça-palazdan, əsrlərlə yaşı olan mis qablardan, bir neçə ailəyə bəs eləyən yorğan-döşəkdən mənə düşən bu oldu – bir cüt ayaqqabı, bir də yun corab. Faciəmiz təkcə bununla bitmirdi. Hamımız ailəmizi, oğul-qızımızı da itirmişdik.” Əzizlərim, oxuduğunuz bu fikirlər də Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabındandır.

Bildiyimiz kimi, Laçın bir neçə dəfə işğal olunub. Hətta ilk işğaldan sonra da Əli müəllim doğma kəndi Oğuldərəni tərk etmədi, kənddə qalıb oğulluq etdi.

- Laçın zəbt edilmişdi. Ona görə də imkanı olan Kəlbəcər istiqamətində kəndi tərk edirdi. Ailəmdən xəbərim yox idi. Bir maşınla yola düşdüm. Kəlbəcərə qədər insan seli axırdı. Soyuq hava, qarlı aşırımlar, keçilməz yollar və nabələd insanlar yollarda əzab içində irəliləyir, düşmənin zülmündən qurtulmağa çalışırdı. Çox axtarışdan sonra nəhayət ki, ailəmi tapa bildim və qayıtdıq kəndə. O zaman ordu yerli özünümüdafiə dəstələrindən ibarət idi. Nə nizam-intizam vardı, nə də lazımi silah-sursat. Bir sözlə, başlı başın saxlasın zamanı idi. Hər dəstə öz kəndini qoruyurdu, mərkəzləşmə yox idi. Dedilər təcili kəndi tərk edin, erməniləri geri oturtmaq üçün zəhərli silahlardan istifadə ediləcək. Sonra hər kəs qayıdacaq evinə.

Kimsə bilmirdi ki, bu da bir hiylədir.


Gəldik Murova tərəf, qar, çovğun, tufan sanki bizi gözləyirmiş. Çətinliklərə dözə-dözə bir həftəyə Murovu aşdıq. Əksər camaat beş bir - üç bir ayrılıb getdi. Bir dəstə adam yerləşdik Murovun ətəyində - Gəncə tərəfdə.

Aclıq, susuzluq taqətdən salmışdı bizi. Çörək dalınca Gəncəyə gəldim, qıtlıq idi, hətta çörək zavodunun qarşısında böyük tıxac yaranmışdı. Çətinliklə də olsa axşamtərəfi növbə mənə də çatdı. Çörək dolu zənbili çiynimə aşırıb Murova qayıtdım.
Əli müəllim övladları üçün çörək dalınca getdi, çətinliklə də olsa əldə edib qayıdarkən yolboyu ac-suszlara payladı. Amma fərqinə varmadı ki, evdəkilər onun yolunu gözləyir.

-Atalar deyib ki: “Qiyamət o gün qopar ki, biri yeyə biri baxa.” Və hər zaman ailəmizdə rəhmdillilik, humanistlik, bəd işdən qaçmaq kimi keyfiyyətlər bizə aşılanıb. Kənddən çıxanda xurcunumda xeyli çörək vardı. Hər kəsə paylaya-paylaya gəldim. İndi düşünürəm ki, bəlkə də o əzablı, məşəqqətli günlərdən həmin tikələr məni azad elədi. O səs hələ də qulağımda səslənir. Qonşularımı insan selinin içində tapanda qışqıraraq deyirdilər, “Gəlin, tez gəlin, Əli müəllim çörək gətirib, gəlin çörək yeyin.”
Yaxşı ki, o günlər arxada qalıb.

...Aman Allah, malın, dövlətin, evin, eşiyin olsun, amma uçurum dərələrdə əsir-yesir ol, - deyə hər kəs əllərini göyə açıb imdad diləyirdi.

Yaya qədər qaldıq orada. Avqust ayında oğlum İmdadla kəndə qayıtdım. Vəziyyət yaxşı idi. Ordumuz düşmən qüvvələrini sıxışdırıb geri oturtmuşdu, artıq Laçına az qalırdı. Nəhayət, 10-15 ailə də kəndə qayıtdı, artıq neçə-neçə bacadan tüstü qalxırdı. Təəssüf ki, bu sevincimizin müddəti 6 aydan o yana keçmədi.
Baxmayaraq ki, arxamızda hər daşı, qayası səngər olan Kəlbəcərin dayandığını düşünəndə ürəyimiz dağa dönürdü...

Təəssüflər olsun ki, namərd düşmən ağır hərbi texnka vasitəsilə Kəlbəcəri də caynağına keçirdi. Ordu mühasirəyə düşdü. Bütün bu çətinliklərə baxmayaraq, ümid qığılcımının işığında – aprel gecəsində yola çıxdılar - yenidən üzü Murova tərəf.

Əli Əliyev müəllim olmaqla yanaşı, həm də peşəkar zabit idi. Uzun müddət Sovet ordusunda çalışmışdı. Elə ona görə də dəstəyə komandir seçmişdilər onu. Onların sırasında heç də kişilərdən geri qalmayan bir xanım da vardı. Onun sayəsində xeyli çörək bişirilib hazırlanmışdı. Qida sarıdan korluq çəkilməsə də, qarlı aşırımlar, şaxta, sazaq irəliləməyə imkan vermirdi.

Kəlbəcər istiqamətində irəliləmək mümkün olmadığından dəstə geriyə - Oğuldərəyə döndü. Radionun verdiyi xəbərlər heç də ürəkaçan deyildi. Odur ki, mühasirəni yarmaq üçün yeni planlar üzərində işləməli oldular. Ya Cermux-Naxçıvan, ya Kəlbəcər -Daşkəsən, ya Şuşa - Füzuli, ya da Görus - Qubadlı yolu ilə irəliləmək... Sonuncu variant üzərində israrla dayanan komandir ermənilərin içərisindən keçməyin daha təhlükəsiz olacağını bildirdi. Onu da dedi ki, arxa cəbhədə erməninin ağlına gəlməz ki, bu yerlərdə azərbaycanlı gözə dəysin. Bəli, bu minvalla qarış-qarış, addım-addım yurd yerindən uzaqlaşan dəstə Görus-Qubadlı marşrutu üzrə çətinliklərə sinə gərdi.

-Təxminimə görə, Gorus istiqamətində silahlı dəstə az olmalı idi, çünki əsas qüvvə Kəlbəcərdə idi. Ona görə də Güləbird istiqamətində irəliləməyə çalışdıq. Radio ilə xəbər tutmuşduq ki, Güləbirdə əsgərlərimiz nəzarət edir (kənddən çıxarkın kimsə özü ilə radio götürübmüş).

-Səhv etmirəmsə, yanınızda ruslar da vardı?

-Bəli, onları inandırmışdıq ki, əgər ölsək də bir yerdəyik, qalsaq da...

-Əli müəllim, o dəhşətli günlərdən qurtulmaqda ikən düşmənlə yenidən üzbəüz gəldiniz. Keçirdiyiniz hisləri sözlə ifadə etmək mümkündürmü?
-Bağın yanındakı daşın dibində idik. Qəbir kimi dar bir yerə pərçimlənmişdim, sol qolum açıqda qalmışdı, gizlətmək mümkün deyildi. Əmim oğlu ermənilərin gəldiyini xəbər verəndə ehmalca başımı qaldırıb baxdım. Həqiqətən də gəldiyimiz yolla bizə tərəf irəliləyirdilər. Birinin əlində qumbaraatan, üçündə isə avtomat vardı. Bizi rahatlıqla hədəf ala bilərdilər. O zaman yalnız Allahdan kömək umduq. Seyid İbrahim və Seyid Məcid ağanın cəddinə yalvardım. Sanki Ulu Yaradan düşmənin gözünü bağladı o zaman. İstiqaməti başqa tərəfə yönəltdilər.

Yalnız 17 saatdan sonra oradan çıxdıq, sağa-sola dönə bilmədiyimiz üçün əl-qolumuz elə keyləşmişdi ki...

Nəhayət, üz tutduq Güləbird istiqamətində. Plana əsasən düzəltdiyimiz ağ bayraqla düşməni aldadıb xeyli yaxınlaşmaq, sonra isə döyüşə girməliydik. Allah ya onlara verəcəkdi, ya da bizə. Dedik ki, sağ qalanımız olanları övladlarımıza çatdırsın ki, bəlkə gözləri yollardan kəsilə.

Erməni postlarının arası ilə irəliləyirdik. Gecə olduğu üçün bir az rahat idik. Ara-sıra atılan güllələr bəlkə də postda yatmadıqlarına işarə idi. Qəflətən digər istiqamətdən atəş açıldı. Nədənsə, bu atəş içimə bir rahatlıq gətirdi. Bizim əsgərlər olduğunu düşündüm. Deyəsən yanılmamışdım. Dan yeri yenicə ağarırdı. Şakir İsgəndərov öndə idi. Ağ bayrağı isə mən götürmüşdüm. Birdən Şakir dayandı.

-Nolub, niyə dayandın?- soruşdum.

-Mümkün deyil, qaratikanlıq imkan vermir, - dedi.

-Dedim dön sağa, çıx döşə.

Və beləcə, 54 günlük mühasirədən qurtulub əsgərlərimizlə rastlaşdıq.

Bizdən soruşdular ki, o bağın boynunda çayın yanında bir tək ağac var, oradan necə keçdiniz?

Dedim ki, ağaca çatar-çatmaz qaratikanlıq imkan vermədi irəliləməyə, biz də yolu dəyişdik.

Məlum oldu ki, ağacın iki metrliyi minalanmış sahə imiş. Bir daha başa düşdüm ki, Allahın sevdiyi bəndələrdənmişik. Bizi dəfələrlə ölümün cəngindən qurtardığı kimi sonuncu minadan da xilas edib.

Beləcə, gəlib çıxdıq Qazıdərəsinə. Sonra Şakir sinəsində gəzdirdiyi bayrağımızı çıxarıb ağaca bağladı, endik körpüyə tərəf. Körpüdə dayanan əsgər bayrağımızı görən kimi avtomatı bir tərəfə tullayıb məni qucaqladı...

Müdriklərdən biri deyib: “Haçansa görülmüş xeyirxah işlər, bədbəxtliyə düçar olanda, oyaq və yuxuda olanda, dağ başında, dənizin dibində, yanğına düşəndə, sel gələndə, düşmənlər içində, döyüşdə və meşədə insanı müdafiə edib qoruyur. Bəli, bu bir həqiqətdir. Bəlkə də Əli müəllimi qoruyan onun xeyirxahlığı, Haqqın tərəfində durmağı idi.

Onlar 54 günlük əzabı, dəhşəti arxada qoydular. Dəfələrlə ölümlə rastlaşdılar, silah-sursatın azlığına baxmayaraq dəfələrlə savaşa girdilər. 19 nəfərlik dəstə 54 günlük mühasirədən qurtularaq Laçının sonuncu kəndi Güləbirddə azadlığa qovuşdular. O 54 gündə Əli Əliyevin cib dəftərçəsinə köçürülənlər qanlı tariximizi yaşatmaq üçün dastanlaşdı, kitablaşdı.

Körpə Babək də bir gün ayılıb gördü ki, atası gəlib, özü də röyada gördüyü ağ “Niva”da.

Yalnız bir arzumuz var: vətənpərvər soydaşımız Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabının ikinci hissəsi ZƏFƏR, QƏLƏBƏ gününə həsr edilsin. İnanırıq ki, o qələbə günü uzaqda deyil.

PS: Hələ sağlığında hazırlamışdım bu müsahibəni, radio verilişi üçün. Nədənsə, yenidən paylaşmaq keçdi ürəyimdən.../Karabakhmedia.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26