Interposta.Info

Sonuncu "Nardaran işi": yataq xəstəsi olan şəxs məhkəməyə gəlmədi...

Ölkə
 8-09-2017, 16:22     10 514

Nardaran hadisələrinə görə həbs edilən şəxslərin daha ikisinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin Elxan İsgəndərovun anket məlumatları dəqiqləşdirilib.

Digər təqsirləndirilən və hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatov isə yenə də məhkəməyə gələ bilməyib. O, yataq xəstəsi olduğu üçün bu prosesdə də iştirak etməyib.

Hakim bildirib ki, Əbülfəz Bünyatovun səhhəti ilə bağlı yenidən ekspertiza təyin edilməlidir.

Dövlət ittihamçısı əlavə ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirib. Elxan İsgəndərovun vəkili Fatiz Namazlı da əlavə ekspertiza keçirilməsi ilə razılaşmayıb.

"Əbülfət Bünyatov yataq xəstəsidir. Heç otura da bilmir. Onun məhkəməyə gətirilməsi ona əziyyətdir. Həmçinin digər təqsirləndirilən şəxsin hüquqlarının pozulmasıdır"- deyə vəkil qeyd edib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Məhkəmə ekspertizanın keçirilməsini qərara alıb. Eksperiza rəyi məlum olanadək məhkəmə təxirə düşüb.

Qeyd edək ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib.

O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyatov bir müddət azadlığa çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26