Interposta.Info

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Ölkə
 5-09-2017, 19:56     10 336

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072) 7-ci hissəsində “57” rəqəmləri “55” rəqəmləri ilə, “308” rəqəmləri “260” rəqəmləri ilə əvəz edilib.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 21-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.3. həmin Məcəllənin 21-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin Məcəllənin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333; 2014, № 10, maddə 1214, № 12, maddə 1550) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində birinci halda,” sözləri əlavə edilsin;

3.2. 2.3-cü bəndə “Məcəllənin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində ikinci halda, dördüncü hissəsində hər iki halda,” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 2.7-1-ci və 2.7-2-ci bəndlər əlavə edilsin:

“2.7-1. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;

2.7-2. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində “qurumlar” dedikdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”;

3.4. 2.8-ci bənddən “21-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılsın;

3.5. aşağıdakı məzmunda 2.24-cü bənd əlavə edilsin:

“2.24. həmin Məcəllənin 98-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26