Interposta.Info

Yenə Araz boyu... - 30 il öncə Arazın bu tayından o tayına baxan, indi isə əksini edən həkimin qeydləri

Ölkə
 10-08-2017, 11:40     10 568

Həkim-cərrah Ədalət Rüstəm İran tərəfdən Araz boyunca ata yurdu Naxçıvana gedərkən işğal altında olan torpaqlarımıza tamaşa edib və təəssüratlarının yazaraq sosial şəbəkədə paylaşıb. Tələbə vaxtı Bakıya gəlib-gedərkən Arazın bu tayından o tayına nisgillə baxan, indi isə o taydan üzü bəri eyni nisgillə boylanan Ədalət həkimin qeydlərini oxucularımıza təqdim edirik.

***

Yenə Araz boyu...


Naxçıvana ailəliklə bu dəfəki səfərimi Arazın sağ sahili boyunca gerçəkləşdirməyi üstün tutdum. Bu dəfə Arazı tanımadım. Suyu bulanıq, tünd yaşılı bir qədər də qana bələnmişdi. Biləsuvarımızın cənubdakı yarısından başlayan taksi səfərimizin 30-40 km-liyindən, Muğan Millə qovuşduqdan dərhal sonra işğal altında qalmış 150 km-lik torpaqlarımızla baş-başa qaldım. Kəndlərimizin bəzilərinin bilmədiyim adını taksi sürücüsü söyləyirdi. Əksər kəndlərimizdə sökülmüş, yağmalanmış evlərin quru divarı qalsa da baxımsız ağaclar təslim olmamış, qürurunu və gözəlliklərini mərdliklə qorumuşlar. Ara-sıra bizim tərəfdə səliqəsiz, köhnə rus minik aavtomobilləri görünür, bəzilərinin hətta səsi Araz pıçıldayan yerlərdə aydın eşidilirdi. 1-2 kəndin yeni köçürülmüş sakinlərin hesabına abadlaşdırıması, Xudafərinə çatmamış yeni salınmış 5-6 hektar səliqəli üzüm plantasiyası diqqət çəkirdi. Xudafərinin İslam-Şərq və Türk mədəniyyətinə mənsub tağlarının gücü tükənmədiyindən üzərindəki ağır yükə hələ də tab gətirirdi. Xudafərindən sonra Araz bəndlənmiş, iri dəryaça əmələ gəlmişdi.
Yenə Araz boyu... - 30 il öncə Arazın bu tayından o tayına baxan, indi isə əksini edən həkimin qeydləri


Bənd 2 hissəli idi. Birinci hissəsində - İran tərəfdə tikinti işləri fəal davam edir, Azərbaycan hissəsində isə "qəbiristanlıq sükunəti" hökm sürürdü. Sürücü sual verəcəyimi hiss edib "Müqaviləni Azərbaycanla bağlamışıq. Ona görə bi tərəfdə bizə aid hissədə işləri tamamlayıb SES-i istifadəyə verməyə hazırlaşırıq. Azərbaycan tərəf işğal altında olduğuna görə işlər elə o vaxtdan dayanıb. Ermənistanın da pulu olmadığından, həm də İran hökuməti razılıq vermədiyindən tikinti davam etmir" - dedi. Az sonra dağlar arasında döşə səpələnmiş, gözəlliyini hələ də qorumuş 30-40 evli kəndin qalıqları göründü. Kəndin qurtaracağı ilə Araz arasında Ələt-Culfa dəmir yolunun qalıqları qalmışdı. Araz burada incə belli qız kimi o qədər daralmışdı ki... Tullansan o taya düşə bilərdin. Sürücü Arazın altından tunel qazıb o kəndə gedər və orada tək yaşayardım. Belə gözəl kəndin sakinləri darıxmırlarmı? - soruşdu. Və sualına da özü cavab verdi - Siz Ermənistanla yox, Rusiya ilə müharibə etdiniz. Təkbaşına. Kimsədən, hətta İran və Türkiyədən kömək görmədiniz. Ona görə də o torpaqları (əli ilə göstərir) itirdiniz. Amma alacaqsınız. İnanmıram ki, Azərbaycan xalqı müqəddəs torpaqlarından əl çəksin.
Yenə Araz boyu... - 30 il öncə Arazın bu tayından o tayına baxan, indi isə əksini edən həkimin qeydləri


Sonra Mehri "dəhlizi"nə yaxınlaşdıq. Karçevan yaxınlığında dağlar arasında tikilmiş 3 nəhəng anbardan başlayan borular Ermənistanın metallurgiya sənayesinin zəhərli-zərərli tullantılarını Araza boşaldırdı. Borulardan əvvəl Arazın suyu gömgöy, dumduru və şəffaf idi. Az sonra möhtəşəm Soyuq dağı qarşımıza çıxdı. Ordubadın, Culfanın abad kəndləri fonunda İlanlı dağ - xalqımızın yenilməzlik simvolu göründü. Culfanın İrana məxsus yarısına çatanda sürücü təəssüratlarımı soruşdu. Cavabımın təsirli alınacağını zənn etmədim. "Sən ora - Rusiya tərəfindən işğal olunmuş və ermənilərə peşkəş edilmiş Azərbaycanın o tay torpaqlarına həmişə həsrətlə yanğı ilə baxmısan, daim ora qovuşmağa, ora yetməyə çalışmısan. Mən isə gəncliyimdə ordan qatarla keçəndə indi getdiyimiz yerlərə, Azərbaycanın cənub torpaqlarına, Təbrizə tərəf eyni ilə indi sən baxdığın kimi baxardım. Fərqimiz ondadır ki, sən birtərəfli, mən ikitərəfli həsrət çəkmişəm və çəkirəm" -dedim./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26