Interposta.Info

.

Müxtəlif
 11-02-2017, 19:30     766

.

Mən başa düşə bilmirəm, niyə Azərbaycanda kimsə türklər haqqında xoş bir söz deyəndə bəzilərinin gözünə sanki ox batır. Deyəsən düz yazmadım, əslində başa düşürəm...
Çünki biri yuxusunda farsı, biri ərəbi, biri ingilisi, digəri isə rusu xilaskarı kimi görür. Elə ancaq yuxularında da görəcəklər. Lap elə Milli Məclisin deputatı adına layiq olmayan Araz Əlizadə kimi. Bu şəxsi və qardaşı Zərdüşt Əlizadəni milli azadlıq hərəkatı dövründən tanıyıram. Z. Əlizadə qardaşından fərqli olaraq savadlı adamdır. Ola bilsin ki, onlar məni xatırlamasınlar. Elə xatırlamasalar da yaxşıdır. Bircə onu deyə bilərəm ki, eks-prezident Ayaz Mütəllibovun dövründə bu kişinin yan-yörəsində fırfıra kimi fırlanan bu qardaşlar yalnız “rusca” fikirləşirdilər. Elə başa düşməyin ki, bu dildə danışırdılar. Bu da var idi. Amma Azərbaycanın xilasını yalnız Ayaz Mütəllibovun tutduğu yolda görürdülər. Dövr həmin dövr idi ki, eks-prezident özünə geydirmə alternativ tapa bilmirdi. Bu dəmdə köməyinə Zərdüşt gəldi və başladı altı-beş danışmağa. Sonradan məlum oldu ki, məqsədi, məramı Ayaz Mütəllibovu hakimiyyətdə görmək olub. Öz işidir. Yəqin Ayaz müəllimlə həmfikirdirlər. O ki qaldı hansı yollasa Milli Məclisdə peyda olmuş Araz Əlizadəyə, əvvəl himnimiz gözünə girirdi, bu dəfə də gözünə yaşadığı şəhəri vaxtilə bolşevik-daşnaklardan xilas edən Nuru Paşa girib. Başlayıb “yeni tarixi fakt”ların üstünü açmağa. Guya Nuru Paşa Gəncədə oturub Hacı Zeynalabdin Tağıyevin bir fayton qızılını gözləyirmiş ki, Azərbaycanı bolşevik-daşnaklardan xilas etsin. Mən bolşevik sözünü elə-belə yadınıza salmıram. Niyə həqiqəti gizlədirik ki? Axı həmin dövrdə terrorçu Leninin bandaları ilə birləşən daşnaklar Azərbaycanı işğal etmişdilər. Mən heç nə demirəm. Əgər Araz Əlizadə vicdanının səsinə qulaq asmağı bacarırsa, ermənilərin qadınların kürəyinə qaynar samovar bağlayaraq necə işgəncə verdiyini xatırlasın. Bilmirəm, bu deputat adlandırılan şəxs Qubadakı kütləvi məzarlığa baş çəkibmi? Erməni daşnakları tərəfindən vəhşicəsinə öldürülərək bir quyuda basdırılmış azərbaycanlıların, ləzgilərin, tatların və digər etnik xalqların çürüməkdə olan sümüklərini görübmü? Qubanın Susay kəndində paytaxdakı və yerli ziyalıların abadlaşdırdığı naməlum türk əsgərinin qəbri haqqında məlumatı varmı? Amma mən yaxşı xatırlayıram. Gənc yaşlarımda qoca kişilər danışardılar ki, türklər gəlməsəydi, ermənilər axırımıza çıxacaqdı. Həmin vaxt ağbirçəklərimizin türk əsgərlərinə corab, mer-meyvə verməsindən danışardılar.

Azərbaycanın bolşevik-daşnak qüvvələrindən təmizlənməsində müstəsna rol oynamış Nuru Paşanın bu gün Əlizadə kimi saxta ideoloq tərəfindən təhqir olunması heç bir əndazəyə sığmır. Bəlkə Nuru Paşanın bolşevik-daşnak birləşmələri ilə vuruşmasından acığı gəlib? Deyəsən, bu kişinin xüsusilə bolşeviklərə hüsnü-rəğbəti bitmək bilmir. Ermənilərə isə özü bilər. Amma xalqın qüruru ilə oynamasın. Azərbaycan xalqı 18 sentyabra görə, qəhrəman Nuru Paşaya və onun igid əsgərlərinə borcludur.

Lap elə tutaq ki, Arazın dedikləri düzdür. Nuru Paşa bir fayton qızıl götürüb sonra ermənilərin üzərinə hücuma keçib. Özü də elə bir vaxt idi ki, Osmanlı ağır günlərini yaşayırdı. Lap düzünə qalsa, bütün Azərbaycan xalqı var-yoxunu toplayıb Nuru Paşaya verməli idi. İndi nə edək ki, Bakıdan Nuru Paşa çıxmadı. Və yaxud ermənilərin əbədi və əzəli dostu olan İrandan kömək olmadı( Bu baxımdan tarix təkrar olunur). İndi nə edək ki, Türkiyə dövləti erməni davası aparır, İransa daşnaklara qucaq açıb. Müsəlman həmrəyliyindən danışan bir ölkənin başçısı qatil Sarkisyanla bacı-qardaşdır. Əlbəttə, qızıl məsələsini sözgəlişi dedim. Bu iftira və türkə atılan bir çirkabdır.

Dünən sabiq millət vəkili, YAP siyasi şurasının üzvü Musa Musayevin Araz Əlizadə haqqında fikirlərini oxudum. Tam dəstəkləyirəm. Arazın bu millətin vəkili adını daşımağa nə haqqı var? Getsin, şallaqçı dostu Hacı Əbdülün yanına. Bəlkə şallaqlanandan sonra tarixi düz xatırlayar. Yaxşı tapışıblar. Arazın Hacı Əbdüldən artıq həmfikiri olmaz ki.

Mən kiminsə bütləşdirilməsinin tərəfdarı deyiləm. Canlı insan həyatdakı mövqeyindən asılı olmayaraq səhv də edə bilər. Elə Nuru Paşanı da bütləşdirmirəm. Bəlkə bu qəhrəman türk balasının həyatında da səhvləri olub. Bildiyim budur ki, bolşevik-daşnak ordusu ilə qəhrəmancasına döyüşən, cəsur sərkərdə Nuru Paşa azərbaycanlıların yaddaşında bir xilaskardır və belə də qalacaq. Quru divara palçıq yapışmaz. Necə ki, Araz Əlizadənin Nuru Paşaya atdığı palçıq qayıdıb öz sifətinə yapışır.

Mən Araz Əlizadəyə millət vəkili deyə bilmirəm. Bu çox məsuliyyətli və ağır sözdür. Əgər o, bunu dərk edirsə mandatını qaytarsın və xalqdan üzr istəyib Milli Məclis adlanan yerdən üzüsulu getsin. Təkcə ona görə yox ki, Nuru Paşa haqqında ağzına nə gəlibsə danışıb. O, bu xalqın mənliyini və ləyaqətini aşağılayıb.

Bu yazını yazarkən yanıma bir yerli şair gəldi. Məndən nə yazdığımı sordu. Sən demə, baş verənlərdən xəbərdarmış. Mənə qəribə bir məsləhət verib getdi. Dedi ki, Araz sözünü ver meyxanaçılara, rus dilində qafiyəsini tez tapacaqlar. Düzü, heç nə başa düşmədim.
Əziz oxucular, bəlkə siz bir şey anladınız
Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26