Interposta.Info

İlham Əliyev 6 sərəncam imzaladı

Ölkə
 5-08-2017, 20:39     10 525

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

interposta.info
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

***

Prezident İlham Əliyev Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunda əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya İdman Kompleksi, Rayon Mədəniyyət Mərkəzi, “Gənclər Evi”, Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, Balakən “ABAD” mərkəzi, yeni istehsal müəssisələri yaradılmış, kəndlərarası avtomobil yolları yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikilməsi məqsədi ilə qərara alıram:

1. Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Zaqatalada mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 17 mindən çox yeni iş yeri açılmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.

Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon (iki milyon doqquz yüz doxsan min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsində “Vahid Axundov – Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri” sözləri “Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri” sözləri ilə əvəz edilsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26