Interposta.Info

Azərbaycanın haqlı mövqeyi Rusiya mediasında –

Ölkə
 19-07-2017, 11:46     533

Politoloq: “Bəlkə də Kreml texnoloqları 2018-ci ildə keçiriləcək seçkilər öncəsi Azərbaycanın ictimai rəyindəki mövqelərini müsbətə doğru dəyişmək istəyirlər”

Son bir neçə gün ərzində Rusiyanın aparıcı media orqanlarında Azərbaycan rəsmilərinin müsahibələrinə geniş yer verilib. Bir müddət öncəyədək hətta uşaq və qadın qatillərini müxtəlif adlar altında müdafiə etməyə çalışan Rusiya mediası indi Azərbaycanın haqlı mövqeyinin tirajlanması istiqamətində addımlar atır.

Qısa müddət ərzində Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın aparıcı media orqanına müsahibə verərək həqiqətləri ifadə etməsi mühüm məsələdir. Xüsusilə də rəsmi Moskvanın son günlərə qədər gah Ermənistanın işğal altında ərazilərimizdəki hərbi obyektlərini sıradan çıxarmağımıza, gah Qarabağa qanunsuz səfər edən bloggerin həbsinə, gah da erməni əsilli Rusiya vətəndaşlarının “incidilməsi”nə görə Bakıya ünvanlanan tikanlı xitablarının ardınca şimal qonşumuzun fərqli mövqe ortaya qoyması səbəbsiz ola bilməz. Rusiya mətbuatında ermənilərin aparıcı rol oynaması fonunda sədlərin aşılması, dövlət və milli maraqlarımızın kənar meydançada ifadə olunması çox yaxşı haldır. Bu, Rusiya ictimai fikrində dəyişikliklərin yaranması üçün də vacibdir.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "RİA Novosti" agentliyinə müsahibəsində bir sıra mühüm məsələlərdən bəhs edib. Prezidentin köməkçisi qeyd edib ki, RF Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycanda anlaşılmayıb. Dövlət rəsmisi bir sıra vacib məsələlərə toxunub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da "RİA Novosti"yə müsahibə verib. Nazir bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin erməni soyadları olan Rusiya vətəndaşlarının Bakıya buraxılmasında problemlərin olmasına dair bəyanatına münasibət bildirib. Deyib ki, bu məlumatların erməni hərbçiləri tərəfindən azyaşlı qızın və nənəsinin qəddarcasına qətlə yetirilməsi ilə eyni vaxta düşməsi Azərbaycan cəmiyyətində geniş emosional rezonansa, habelə ciddi təəccüb və anlaşılmazlığa səbəb olub. Ermənistanın işğalçı siyasətindən bəhs edən E.Məmmədyarov da Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən danışıb. O qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibət bildirib: “Bu təşkilat iki ölkə arasında humanitar və digər sahələrdəki əlaqələrin inkişafında vacib əlaqələndirici rol oynayıb. Məlumatımıza görə, ÜAK ona irad tutulan hüquqi çatışmazlıqları aradan qaldırıb. Ona görə də apelyasiya qərarının müsbət yekunlaşacağına ümid edirik”.

Rəsmilərimizə davamlı şəkildə tribuna verilməsi diqqətçəkən məqamdır. Erməni işğalçıları Alxanlını atəşə tutduğu gecə RF mətbuatı, xüsusilə "RİA-Novosti" Ermənistanın bu addımına Ermənistan mətbuatından daha çox dəstək vermişdi. Hətta "RİA-Novosti" az qala Ermənistan Müdafiə Nazirliyi adından bildirdi ki, guya Alxanlı kəndindən ermənilərin mövqeyinə atəş açılıb. Ona görə ermənilər cavab verməli olublar. İndi bu informasiya orqanının tam əks mövqedən çıxış etməsi maraqlı məsələdir. Özü də Kremlin dəyişkən münasibətinin fonunda Ermənistanda yenidən baş qaldıran anti-Rusiya ovqatı da diqqəti cəlb edir.

Bəzi ekspertlər rus mediasının Azərbaycandan uzaqlaşmaq kursu götürdüyünü bildirirdi. Son günlərin müşahidəsi onu göstərir ki, ənənəvi kurs dəyişib, Rusiya mətbuatında Azərbaycan həqiqətlərinə yer verilməyə başlayıb. Şübhəsiz ki, burada Kremlin iradəsi olmamış deyil. Elə isə nə baş verir? Rusiyanın Azərbaycanla bağlı reveranslarını nə ilə izah etmək olar?
“RİA Novosti" Rusiyanın dövlət xəbər agentliyidir və təbii ki, Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin, PA rəsmisinin müsahibələrinin yayımlanması kimi önəmli siyasi məsələlərin gerçəkləşməsi Kremlin iradəsindən kənarda baş tuta bilməz. Rusiyanın dövlət agentliyinin Azərbaycan rəsmilərindən ard-arda müsahibə götürməsi də, şübhəsiz, sıradan bir hadisə deyil və təbii ki, bunun səbəbləri var”.
Azərbaycanın haqlı mövqeyi Rusiya mediasında –



Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında dedi. Siyasi təhlilçinin fikrincə, Rusiya mediasında Azərbaycan rəsmilərinə tribuna verilməsinin ilk səbəbi çox güman ki, Rusiyadan alınan silahların Azərbaycana gətirilməsindən və bu silahlarla bağlı məlumatların mətbuatda geniş şəkildə yayımlanmasından sonra Ermənistanın verdiyi reaksiyadır: “Ermənistan əvvəl ekspertlər, millət vəkilləri, daha sonra isə dövlət rəsmiləri səviyyəsində Rusiyadan alınan müasir silahların növbəti partiyasının Azərbaycana gətirilməsinə kəskin reaksiya verdi və hətta Rusiyanı şantaj etməkdən belə çəkinmədi. Ermənistanın şantajına öncə Azərbaycan müdafiə nazirinin müsahibəsini yayımlamaqla cavab verildi. Digər səbəb Azərbaycanın mülki vətəndaşlarının işğalçı ordu tərəfindən qətlə yetirildiyi gün Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı ola bilər”.

E.Mirzəbəyli bildirdi ki, bu bəyanat Rusiyanın Azərbaycandakı mövqelərinə çox ciddi zərbə vurdu: “O qədər ciddi zərbə vurdu ki, hətta son zamanlar dil-dil ötən ”beşinci kolon"un təmsilçiləri də öz qınlarına çəkildilər. Yəqin ki, Azərbaycanın ictimai rəyində baş verən total dəyişiklik, hətta Rusiyaya loyal münasibət bəsləyən insanların da kəskin mövqe sərgiləməsi Kremli müəyyən qədər düşünməyə vadar edib və vəziyyətin yumşaldılması üçün bəzi addımlar atmaq qərarına gəliblər. Hesab edirəm ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun verilməsini təklif etməsi ilə bağlı xəbərin kütləvi şəkildə tirajlanmasını da Azərbaycanın ictimai rəyinə hesablanmış siyasi texnologiya elementi saymaq olar. Yeri gəlmişkən, Azərbaycanın internet media məkanında Rusiyanın informasiya siyasətinin təsiri altında olan saytlara diqqət yetirsəniz, bir çox məqamlara aydınlıq gətirə bilərsiniz. Bir neçə sayt var ki, ardıcıl olaraq guya Rusiyanın Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə xidmət edən hansısa planlarının olduğu barədə məlumatlar, “analitik yazılar” yayımlayır. Eyni “plan” müxtəlif adlar altında təkrar-təkrar ictimai rəyə sırınır. Zənnimcə, təkcə Rusiyanın dövlət agentliyinin yayımladığı müsahibələrə deyil, sözdə Azərbaycana məxsus olan saytların da informasiya siyasətinə diqqət yetirmək lazımdır".

Politoloqun sözlərinə görə, Rusiyanın informasiya siyasətində nəzərə çarpan korrektələrin səbəblərindən biri də ola bilsin ki, prezidentlərin növbəti görüşünə hazırlıqla bağlıdır: “Moskva Qarabağ məsələsində dominantlığı əlində saxlamaq və mənasız Minsk prosesini hələ bir müddət davam etdirmək istəyir. Bütün hallarda Rusiya mediasının Azərbaycana ayırdığı diqqət ədalətin, tarazlığın bərqərar edildiyi anlamına gəlməməlidir. Çox güman ki, ortada məkrli niyyət var. Bəlkə də Kreml texnoloqları 2018-ci ildə keçiriləcək seçkilər öncəsi Azərbaycanın ictimai rəyindəki mövqelərini müsbətə doğru dəyişmək istəyirlər”.

Bugünlərdə iki qonşu ölkə arasında əlaqələrin yaxşılaşmasına yönəlik başqa bir addım da atılıb. “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edib. Həmçinin görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC ilə “Rusiya Dəmir Yolları” ASC arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26