Interposta.Info

“Qul bazarı”nın yay mənzərəsi:

Ölkə
 19-07-2017, 10:54     739

“Bu fəhləlik elə bir şeydir ki, bir gün ac qalırsan, bir gün isə qazancın çox olur...”

Paytaxtın müxtəlif ərazilərində işsizlərin toplaşdığı və gündəlik çörəkpulu üçün hər cür işə razı olduğu “Qul bazarları” deyilən məkanlar var. Onlara daha çox “Çerment” körpüsü, “Ekologiya postu” və “Xalqlar Dostluğu” körpüsü ətrafında rast gəlinir.

Son zamanlar rayonlardan əhalinin Bakıya iş üçün axın etməsi çörək dalınca bu məkanlara gələnlərin sayını artırıb. Hər gün bu yerlər səhər erkən saatlardan başlayaraq gənc, orta yaşlı, hətta bəzən yaşlı usta-fəhlələrlə dolu olur.

interposta.info xeber verir ki, Musavat.com-un müxbiri “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında olan “Qul bazarı”na baş çəkib, gündəlik qazanc dalınca gələnlərlə həmsöhbət olub.

Günorta saatlarında, qızmar günəşin istisində onlarla fəhlə və usta iş üçün dayanıb. Gəncindən tutmuş, yaşlısına qədər hamının bir məqsədi var: kimsə onlara iş üçün müraciət etsin, nə iş olur-olsun, yetər ki, gündəlik çörəkpulu çıxsın.
Erkən saatlardan bazarda iş üçün gözləyənlər və heç iş tutmayan fəhlələr yanlarından keçən hər avtomobilə ümidlə baxırlar. Kimsə onları görər deyə, yol kənarına yaxın əyləşib, işçi üçün gələn birisinin “gedək, filan işi gör” deməsini gözləyirlər.
Adıçəkilən ərazidə 1 saata yaxın müşahidə apardıq. Bu müddət ərazində cəmi bir avtomobil körpünün altında saxlayıb, hansısa iş üçün fəhlə və ustalara müraciət etdi. Avtomobil hərəkətdə olan zaman 5-10 fəhlə bir anda ətrafına toplaşdı. Maşının pəncərəsindən başlarını içəri salıb iş sahibinin gözünə girməyə çalışdılar. Bu səbəbdən də aralarında iş üstündə kiçik mübahisələr də yaşandı. Bu tablonun adını “yaşamaq uğrunda mübarizə” də adlandırmaq olar.


Onu da müşahidə etdik ki, işçi aparmağa gələnlər üçün bu bazarda seçim çoxdur. Ağır işlər, əsasən daş işləri, ağır yüklərdə iri, cüssəli fəhlələrə daha çox üstünlük verilir. İşçi üçün gələn şəxs onun ətrafında toplaşan 5-10 nəfərdən cəmi ikisini seçir. Qalanları işi əldən çıxardıqları üçün deyinə-deyinə, kor-peşman yenə körpünün altına qayıdıb, evdən gətirdikləri iş paltarlarının üstündə əyləşirlər. Elə bu anda onlara yaxınlaşıb, söhbətə tuturuq.


Özünü buranın daimi qonağı adlandıran Ağdam rayonundan məcburi köçkün Qalib Səfərov işsizlikdən şikayətləndi:
“Bu fəhləlik elə bir şeydir ki, dəqiq heç nə demək olmaz. Bir gün ac qalarsan, bir gün isə qazancın çox olar. Düzünü desəm, iş üçün gələnlər kifayət qədərdir. Ancaq körpünün altındakı işsizlərə bir baxın, saysan bitməz. Mən özüm şəxsən bir dəfə 170-ə yaxın iş üçün buraya gələnləri saymışam. Aralarında 15 yaşlı uşaq da olub, 60-65 yaşlı ağsaqqal da. Birinin məktəbdə oxumaq, birinin isə nəvə ilə oynamaq vaxtıdır. Biz fəhlələr üçün konkret iş yerləri olsa, sevinərik”.


Bəzi usta və fəhlələr işsizliyi tikinti nəzarətçilərinin bu sahədə yaratdıqları monopoliya ilə əlaqələndirdilər: “Hazırda bir neçə yerdə tikinti işləri gedir. Hansı tikintiyə iş üçün müraciət edirsən, işə götürmürlər. Bunun səbəbkarları "prorab"lardır. Onlar inşa olunacaq binalara öz adamlarını götürürlər. Yaşlı, cavan söhbəti edirlər. Onlar imkan versə, bizim də yaxşı qazancımız olar. Məşədi İbad demişkən, bizə nə olub, min cavana dəyərik” (gülürlər).


Masallı rayonundan oğlu ilə birlikdə Bakıya iş üçün gələn İsfəndiyar Mərziyev günorta saatları olmasına baxmayaraq işsiz qaldığını bildirdi:
“Saat 7-dən bazardayam. İndiyə qədər bu qədər adamdan təxminən 15-20-si iş üçün gedib. İş az, adam çox. Bu bazarda fəhlənin az qazancı olur. Əlimizdən ustalıq da gəlmir ki, iş götürək, ata-bala işləyək. İş olanda da gündəlik 10-15 manat qazancımız olur. Burada iki-üç binanın tikintisində işləyəcək qədər adam var. Aylıq işimiz olsa, yaxşı olar. Bilərik ki, ay sonunda maaş alacağıq”.

interposta.info
“Qul bazarı”nın yay mənzərəsi:
“Qul bazarı”nın yay mənzərəsi:
“Qul bazarı”nın yay mənzərəsi:
“Qul bazarı”nın yay mənzərəsi:
“Qul bazarı”nın yay mənzərəsi:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26