Interposta.Info

Abbas Abbasovun Danaçı kənd sakinlərinin başına açdığı oyun...

Ölkə
 16-07-2017, 22:51     640

Təbii fəlakətdən əziyyət çəkən, evləri qəzalı vəziyyətə düşən vətəndaşlar bir də dələduzun qurbanı olublar. Özünü vəkil kimi təqdim edən şəxs kənd sakinlərindən evlərini təmir etdirmək adı ilə pul alıb. Amma nə vədinə əməl edib, nə də sonradan vətəndaşalrın pulunu qaytarıb. Dələduzluq edən şəxs həm də FHN-in yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olduğunu deyirmiş.

Musavat.com xəbər verir ki, 1948-ci il təvəllüdlü Abbasov Abbas Məhəmməd oğlu Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli hökmü ilə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Abbasov cəzasından narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

Əvvəlcə Abbas Abbasovun əməlləri barədə...

A.Abbasov məhkum olunub ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Fövqəladə Hallar Nazirliyində (FHN) yüksək vəzifələrdə işləyən tanışları olan vəkil kimi təqdim edib. A.Abbasov bir neçə nəfərin zəlzələdən zərər görmüş evlərini təmir etdirmək adı ilə onların pulunu ələ keçirib.

Bu məqsədlə İsmayıl Adiyevdən Zaqatala rayonunun Danaçı kəndində olan evini sökdürərək yenisini tikdirəcəyini vəd edərək 2 min manat alıb. A.Abbasov eyni vədlə Danaçı kəndinin sakinləri Uneyzət Kamalovanın 2600, Ramazan Madliyevin 3500, Mikayıl Kahayev və Raziyyət Mahmudovanın isə 3000 manatını ələ keçirib.

Aldığı cəzadan narazı qalan A.Abbasov apellyasiya şikayətində bildirib ki, işə yenidən başqa tərkibdə baxılmasını istəyir.

Təqsirləndirilən şəxs həmçinin, hökmün dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 3000-4000 manat cərimə cəzası ilə əvəz edilməsini xahiş edib.

A.Abbasov ifadəsində özünü təqsirli bilmədiyini deyib.

O, bildirib ki, Zaqatala rayon Danaçı kənd sakini olan Xanım adlı qadınla 1989-cu ildə Bakı Apellyasiya Məhkəməsində tanış olub. Kəndin digər sakinlərini də həmin qadın vasitəsi ilə tanıyıb: “Həmin vaxt Xanım özü mənə yaxınlaşıb Zaqatala Rayon Məhkəməsində torpaqla bağlı probleminin olduğunu dedi. Mən də Xanımın qanuni nümayəndəsi oldum. Həmin işlə bağlı qətnaməni ləğv etdirib, apellyasiya məhkəməsində Xanımın xeyrinə qətnamə qəbul etdirdik. Bundan sonra, onunla ailəvi gediş-gəlişmiz başladı.

2012-ci ildə Zaqatala-Balakəndə baş verən zəlzələdən bir neçə ay sonra Xanım mənə zəng elədi. Danaçı kənd sakininin evini qəzalı kimi qeydiyyata aldırmaq lazım olduğunu bildirdi. Məni ora dəvət etdi. Orada Danaçı kənd sakinləri Uneyzət və onun bacısı Raziyyətlə tanış etdi. Onların yaşadığı evlərin zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirdi. Həmin şəxslər mənə etibarnamə verdi ki, onları təmsil edim. Ərizə yazılması üçün hər birindən 150 manat pul istədim. İmkanları olmadığından 200 manat pul göndərəcəklərini bildirdilər. Onların adından müvafiq qurumlara müraciət etdim. Ərizələrə hələ də cavab verilməyib.

Sonra digər sakinlər də müraciət etdi. Onların ad soyadını Xanım mənə telefonda dedi. Onların adından da FHN-ə müraciət etdim. Zərərçəkmiş şəxslərdən qeyd edilən məbləği almamışam”.

Bununla belə A.Abbasov həbsdən azad edilərsə, üç ay müddətində zərəçəkmiş şəxslərə dəymiş zərəri ödəməyə söz verib.

Bu işdə adı keçən Xanım Adiyeva da şahid qismində dindirilib. Zaqatala rayonu Danaçı kəndində yerləşən 3 nömrəli orta məktəbdə riyaziyyat müəlliməsi işləyən X.Adİyeva həbsdə olan A. Abbasovla tanışlığını eyni məzmunda ifadə edib.

X.Adİyeva bildirib ki, 2012-ci ildə zəlzələ nəticəsində yaşadığı ev yararsız vəziyyətə düşüb. Həmin vaxtlarda FHN-in komissiyası yaşadığı evə baxış keçirərək evinin qəzalı olması barədə rəy verib. Evi sökülərək ona dövlət tərəfindən 5 otaqlı ev tikilib.

X.Adİyeva deyib ki, həmin ərəfədə vəkil tanışı Abbas onlarda olarkən bəzi kənd sakinləri ilə görüşüb, qəzalı vəziyyətdə olan evlərinin təmirinə kömək edəcəyini deyib. Amma zərərçəkmiş şəxslərin Abbas Abbasova pul verməsindən xəbəri olmayıb. Məhkəmədə zərərçəkmiş şəxslər də iştirak edib. Onlar Abbas Abbasovdan şikayətçi olduqlarını bildirərək, dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, həmçinin onun şikayətinin təmin edilməməsini istəyiblər.

Dövlət ittihamçısı da şikayətin təmin edilməməsini istəyib.

Məhkəmə kollegiyası A.Abbasovun apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.

Qeyd eədk ki, A.Ababsov daha əvvəl də dələduzluğa görə həbs edilib. O, 2006-cı ildə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib. 2011-ci ildə cəzası dəyişdirilib şərti azadlığa buraxılan A.Abbasov eyni cinayət əməlini təkrar törədib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26