Interposta.Info

Hökumət “balaca padşah”ların siyahısını hazırlayıb: Hansı başçılar hədəfdədir? - ADLAR

Ölkə
 5-07-2017, 13:52     1 809

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin "Sovetski”dəki məscidi özbaşına sökdüyü üçün cəzalandırılması mərkəzi hakimiyyətin əsas qolu olan icra hakimiyyəti strukturunda ciddi təşviş yaradıb.

interposta.info
"Yeni Müsavat”a istinadən xəbər verir ki, çoxları belə hesab edir ki, uzun illərdir ki, icra başçısı işləmiş İ.Mehdiyevin işdən qovulması əslində bütün icra başçılarına ciddi xəbərdarlıqdır və bu, özünü "balaca padşah” hesab edənlərlə bağlı prosesin hələ başlanığıcıdır.

Qəzetə hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, iqtidar işinin öhdəsindən gələ bilməyən, yerli əhalini narazı salan icra başçıları haqda sərt qərarlar verməyə hazırlaşır. Belə ki, bir neçə rayondan mütəmadi olaraq Prezident Administrasiyasına göndərilən şikayətlərdən sonra icra başçılarına xəbərdarlıq edilsə də, onlar işlərində dönüş yarada bilməyiblər. Yada salaq ki, dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində və aprelində keçirdiyi müşavirədə yerli icra başçılarına sərt xəbərdarlıq etmişdi. Prezident icra başçılarına rəhbərlik etdikləri rayonlara investisiya cəlb edilməsini şərt kimi qoymuşdu. "Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyə, prezident qeyd etmişdi. Ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması fonunda dövlət başçısının bu tələbi icra başçıları üçün ciddi sınaq sayılırdı.

Məlumatlara görə, iki-üç rayon istisna olmaqla əksər icra başçısı bu tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Bu sırada Gəncə və İmişli rayonlarının icra başçıları fərqləniblər. Onlar şəxsi təşəbbüsləri ilə bir sıra ölkələrə səfər edərək, oradakı iş adamları ilə görüşlər keçirib, rayona investisya yatırmağa çalışıblar. Digər icra başçıları isə ənənəvi "kabinet siyasətindən” əl çəkməyiblər.

Bildirilir ki, rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırlanıb. Mərkəzi hakimiyyətin ümidi doğrultmayanlar əsasən, aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər. Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir.

Aydındır ki, seçki ilində sosial-iqtisadi gərginlikdən istifadə edənlər ortaya çıxır ki, əyalətlərdə mümkün narazılıqlar belə qüvvələrin marağına xidmət edə bilər. Bu səbəbdən də yaxın vaxtlarda İbrahim Vəliyev kimi işsiz qalacaq icra başçılarının sayı artacaq.

Mənbənin iddiasına ilk növbədə sakinlərin daha çox narazılıq etdiyi icra başçıları dəyişdiriləcək. Həmin icra başçılarının adı müəyyənləşdirilib və prezidentə təqdim edilmək üçün hazırdır. Yevlax, Balakən, Ağcabədi, Beyləqan, Ağdam, Ağstafa, Bərdə, Biləsuvar, Göyçay, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir və Astara rayonlarının icra başçılarının adının ilk sırada olduğu deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26