Interposta.Info

Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür

Ölkə
 29-06-2017, 12:58     712

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən yaşıllıq zonası məhv edilir

Ağacları gecə ikən kəsərək yerində yerində kafe və çayxanalar tikirlər.

Bu şikayətlə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, illər öncə əkilmiş iri gövdəli ağaclara qarşı soyqırım bir neçə ildir başlayıb. Təxminən 2 il ərzində yavaş-yavaş, nəzərə çarpdırmadan, əsasən gecələrburadakı yaşıllıq zolağında 100-ə yaxın ağac kəsilib.

Sakinlərin şikayətini araşdırmaq üçün həmin ünvana yollandıq. Artıq ikinci ildir ki, yaşı 40-50 ili ötmüş ağaclar hasara alınıb və ərazidə təmir işləri aparılır. Fəhlələr indi də hasarların üzərinə aqlay çəkməklə məşğul idilər. İllərdir təmir gedən bu ünvanda ilk baxışdan ağac kəsilmə faktı gözə dəymirdi.

Əvəzində isə bu ərazini zəbt edib müxtlif kommersiya obyektləri tikənlər, yaxud onların rayon İcra Hakimiyyətində oturan himayədarları park tikintisi görüntüsü yaratmağa çalışıblar. Yaşıllıq zolağının yola yaxın hissəsində qoyulmuş lövhədə “yeni parkın salınması ilə əlaqədar yaranmış müvəqqəti narahatçılığa görə” sakinlərdən üzr istənilir. Əslində yeni park dedikdə nə nəzərdə tutulurdu, o da aydın deyildi. Parkdakı ağaclar hissə-hissə kəsilərək yeri betonlanmışdı. Bu gələcəkdə həmin yerlərdə müxtəlif iaşə obyektlərin tikiləcəyindənxəbər verirdi. Parkda tikilən obyektlərin bəzilərinin təyinatı artıq bəlli idi. Məsələn, burada əvvəllər rast gəlmədiyimiz xeyli çayxana, kafe və avtomobil yuma məntəqəsinə rast gəldik.

Ağaclara qarşı soyqırımı yaxınlıqdakı binalarda yaşayan sakinlər də təsdiqləyirlər. Onların sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən hasarlanaraq yeni park salındığı iddia edilən bu yaşıllıq zonası hazırki ölçüsündən xeyli böyük olub. Sakinlər deyirlər ki, dəfələrlə ağacların kəsilməs ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə şikayət etsələr də, nə problemi araşdıran, nə ağac kəsilməsinin qarşısını alan olub.

Rayon sakini Sveta Məmmədova deyir ki, parkda ağacların salınmasında onun həyat yoldaşının da əməyi olub. İndi bu ağacların qırılması və yaşıllığın məhvinə biganə münasibət ona çox pis təsir edir:“Mən əlli ildir bu yaxınlıqdakı 9 mərtəbəli binada yaşayıram. Yoldaşım Botanika İnstitutunda işləyirdi, bu ərazidə yaşıllıq zolağının salınmasında onun çox böyük əməyi olub. İndi bu ağacları qırırlar. Bunların hamısı gecələr qırılıb, səhər durub görürük ki, bir təzə kafe peyda olub. Neçə dəfə yığışıb şikayət eləmişik, heç xeyri olmayıb. Belə nəhəng ağacların yetişməsi üçün illər lazımdır. Bu bizim sərvətimizdir, ağacları kəsməklə bizim ömrümüzdən kəsirlər. Necə zəhmətlə burada yaşıllıqlar salıblar, indi necə insafsızcasına qırırlar, baxanda üəyim ağrıyır”, - deyə S. Məmmədova bildirir.

Həmsöhbətimiz deyir ki, Nizami Rayon İcra Hakimiyyətinə edilən şikayətlər məşhur xalq mahnısını xatırladır: “Səndən yar, sənə yar, şikayətim var...”

Digər bir şikayətçi Qulu Cəbrayılov isə deyir ki, bu illər ərzində ümumilikdə yüzdən çox ağac məhv edilib: “Neçəildir burada guya təmir gedir. Yavaş-yavaş öz işlərini görürlər. Bu illər ərzində parkda yüzdən çox iri şam ağacı kəsilib. Yalandan yazıb vurublar ki, guya park salınır. Fəhlələri də öyrədiblər, yaxınlaşana lövhəni göstərirlər. Bura hazır parkdır da, yeni park nədir? Yaxşı park salırsan, bəs bu kafeləri, “moyka”nı niyə tikmisən?”, - deyə şikayətçi sual edir.

Ərazidə çəkiliş apardığımızı görən fəhlələrin bir hissəsi yoxa çıxdı. Qalanlardan da suallarımıza cavab ala bilmədik: “Biz burada park salırıq, sakinlərin rahat aşağı enə bilməsi üçün əlavə pilləkənlər çəkirik. Biz ağac kəsmirik”, - deyə fəhlələrdən biri dodaqaltı mızıldanır.

Avtomobil yuma məntəqəsinin arxa tərəfində buldozelə qazılmış dərin quyu da diqqətimizdən yayınmır. 5-6 iri gövdəli şam ağacının ortasında qazılan quyu ağacların köklərini kəsib doğramışdı. Yəqin ki, yaxın günlərdə onlar da bu yolla sıradan çıxarılacaqdı.

Xatırladaq ki, hələ bir il öncə həmin ərazidə ağac qırılma faktının olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Nazirliyin araşdırmasına əsasən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Vərməziyar kənd sakini - sahibkar Əhmədov Mayis Ənvər oğlunun bu ərazidə sərv və eldar şamı ağaclarını qırdığı və obyekt tikdirdiyi məlum olub. Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona fiziki şəxs qismində cərimə tətbiq edilib.

Nizami rayonu son illər Bakıda yaşıllıqların ən çox məhv edildiyi rayonudur. Ötən əsrin 70-ci illərində paytaxtın sakit yaşayış rayonu olan Nizami rayonunda son illər yaşıllıqların kökü demək olar ki, kəsilib. Əvəzində metronun Qara Qarayev stansiyasından başlayaraq üzü Əhmədli stansiyasına qədər bütün yol boyu hər iki tərəfdə yaşıllıqlar böyük ölçüdə məhv edilib, onların yerini çoxsaylı bazarlar, ticarət obyektləri və çoxmərtəbəli yaşayış binaları tutub. Habelə rayonun digər ərazilərdində yaşıllıqların məhv edilməsi barədə dəfələrlə faktlar mətbuatda əksini tapıb.

interposta.info
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür
Bakıda daha bir ağac qətliamı: vandalizmin sonu görünmür

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26