Interposta.Info

Nazir Yavər Camalovun biznesmen qardaşı şərikini 18 minə görə məhkəməyə vedi: “Etibarımı qazandı…”

Ölkə
 17-06-2017, 15:28     607

Nazir qardaşı pul qazanmaq istəyərkən dələduzluqla üzləşdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şərik tərəfindən aldadıldığını deyən iddiaçı 18 min dollar və 2500 dollarının ələ keçirildiyini bildirir.

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalov bir müddət şəriklik etdiyi Samir Nəbiyevdən şikayətçi olub. Onun Nərimanov Rayon Polis İdarəsinə müraciəti araşdırıldıqdan sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.
Cinayət işi araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Şəkər Məmmədovanın icraatında olan prosesin ilkin hazırlıq iclası baş tutub və məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.

Musavat.com nazir qardaşının dələduzluğa məruz qalmasının təfərrüatlarını əldə edib. Şəriklərin hər ikisinin istintaqa ifadəsindən narazılığın və şikayətin səbəbi aydın olub.

İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş...

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib.

Şəriklər niyə düşmən olub?


İttihama görə, nazir qardaşı bu işdə ümumi olaraq 21993 manat zərər görüb. Cəmi bir neçə aylıq nazir qardaşının şəriki olmuş S.Nəbiyev istintaqa ifadəsində özünü qismən təqsirli bilib.

O deyib ki, 2013-cü ildən sözügedən mağazanı işlədib. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından tanımağa başlayıb.
“Əlikram Camalov mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Bir gün Əlikram Camalovun ofisinə gedərək onunla görüşdüm. Mağazanı genişləndirmək üçün pula ehiyac olduğunu dedim. Dedim ki, 18 min manat lazımdır, əgər bu məbləği versə, hər ay qazandığım puldan 2 min manat ona verəcəm. Razılaşdı və öz ofisində mənə 18 min manat verdi. İşə başlayandan sonra ilk ayda qazanc olaraq ona 1500 manat verdim”- deyə S.Nəbiyev qeyd edib.

Nazir qardaşının şəriki deyir ki, həmin il manatın devalivasiyaya uğramasından sonra maddi vəziyyəti pisləşib:
“Anaq 2015-ci ilin dekabrında devalivasiya oldu. İşlə bağlı çətinliklər, problem yarandı, alış-veriş çox zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün o mənə təklif etdi ki, manat günü-gündən zəifləyir və verdiyi pulu dollarla hesablayaq. Mən də razılaşdım. Hesabladıq ki, 11613 dollar edir və bundan sonra ona hər yay qazanc olaraq 1250 dollar verəcəkdim. Sonra formal müqavilə tərtib etdik. Əlikram Camalov yaşlı adam olduğu üçün müqavilənin oğlunun adına bağlanmasını istədi. Bunun əhəmiyyətli bir şey olmadığını düşünüb razılaşdım”.

Daha sonra yenə də pula ehtiyacı olan Nəbiyev nazir qardaşına müraciət edib və ondan 2500 dollar istəyib. Qarşılığınmda isə şərikinə əlavə qazanc təklif edib:
“Hər 10 gündən bir 700 dollar qazanc verəcəyimi dedim. O da bununla razılaşdı. 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Aldığım 18 min manata görə, Əlikram Camalova 5 min manat, 2500 dollara görə isə 1500 dollar xeyir vermişəm.
2016-ci ilin fevral ayınından isə tamamilə iflasa uğradım. Məcbur olub, mağazada qalan malları hissə-hissə sataraq borclu olduğum şəxslərin borcunu bağladım. Topdansatış mağazalarına da borcum var idi”.
S.Nəbiyev ifadəsində onu da deyib ki, nazir qardaşının pulunu qaytarmağa çalışıb. Bunun üçün də ona elektrik malları verməyi təklif edib. Amma Əlikram Camalov nağd şəkildə pulunu tələb edib: “2016-cı ilin sonlarında mağazada təxminən 50 min manatlıq mal qalmışdı. Mən Əlikram Camalova təklif etdim ki, borcumu elektrik avadanlıqları ilə qaytarım. Amma o, nağd şəkildə pulu tələb etdi. Mən də malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini də dəyər-dəyməzinə satdım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim”.

S.Nəbiyev bidlirib ki, nazir qardaşına qarşı dələduzluq etmək fikri olmayıb.

Nazir qardaşının dedikləri…


Ancaq Əlikram Camalov belə düşünmür. O, istintaqa ifadəsində deyib ki, S.Nəbiyev bilərəkdən onun etibarını qazanaraq ona qarşı dələduzluq edib.

Nazir qardaşı deyib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, Samir Nəbiyevin mağazasından alış-veriş etdiyi zaman sonuncu onun etibarını qazanıb: “O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borcunun olmadığını söylədi. Yaxşı müştərilərinin olduğunu, yeni mallar almaq üçün pul lazım olduğunu bildirdi. Qazanca da şərik olacağımızı dedi.
18 min lazım idi. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi.
İfadəsinin davamında təqsirləndirilən şəriki ilə eyni məzmunlu ifadə verən nazir qardaşı verdiyi pulun sonradan dollarla hesablandığını, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlandığı danışıb.

Nazir qardaşı əlavə olaraq bildirib ki, şəriki vəd edilən gəliri vermədikdən sonra onun zənglərinə də cavab verməyib:

“Artıq gizlənməyə, zənglərə cavab verməməyə başladı. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq 20 gün keçsə də yenə zənglərə cavab vermədi. Oğlumla mağzasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, o məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”.

Qeyd edək ki, təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Amma nazir qardaşı vəsatət verərək şərikinin həbs edilməsini istəyib. Bu vəsatət təmin edilməyib.

Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26