Interposta.Info

Milli Qurtuluş Günü qeyd olunub -

Ölkə
 12-06-2017, 21:03     633

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub ulu öndərin xatirəsini yad ediblər.
interposta.info xəbər verir ki, Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib, bu günü xalqın tarixinə yazan ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, 24 il bundan öncə xalqın tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.

“Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi”. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən G.Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.
Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov 90-cı illərin əvvəllərinə tarixi ekskurs edərək Azərbaycanda ulu öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb. O qeyd edib ki, müstəqilliyini yenicə elan edən Azərbaycanda vətəndaş müharibəsi, ağır sosial iqtisadi vəziyyət ölkədə gərgin durumun yaranmasına gətirib çıxarmışdı. “Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördu. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu”. F.Heydərov həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi.
“İnşaat sektorunun inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edən AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev də öz çıxışında ulu öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən danışıb, Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan süöz açıb.
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev respublikada meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və misilsiz xidmətlərindən danışıb. Çıxışında müstəqillik dövründə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən böyük infrastruktur layihələrə toxunan dekan geniş quruculuq işlərinin aparıldığını, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemlərinin tikilib istifadəyə verildiyini bildirib. Bunun nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ümumi məhsul istehsalının bir neçə dəfə artdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
“Heydər Əliyevin gənclər siyasəti etibarlı əllərdədir” adlı məruzə ilə çıxış edən AzMİU-nun İnşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova bünövrəsi ulu öndər tərəfindən qoyulan dövlət siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Öz çıxışında ölkənin inkişafı, dövlətçiliyin yeksəldilməsində Heydər Əliyev dəsti-xəttinin olduğunu, ümummilli liderin hakimuiyytədə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, onun milli kadrların yetişməsindəki müstəsna rolunu qeyd edib.

interposta.info
Milli Qurtuluş Günü qeyd olunub -
Milli Qurtuluş Günü qeyd olunub - Milli Qurtuluş Günü qeyd olunub - Milli Qurtuluş Günü qeyd olunub -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26