Interposta.Info

“Yaşı 90-ı adlamış qocaman bir nəhəng...”-

Ölkə
 9-06-2017, 07:28     406

Böyük ziyalı Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimatı keçirilib; Fazil Mustafa: “Şirməmməd Hüseynovun gördüyü bu təkrarolunmaz işi ancaq səmimi və namuslu adamlar illər boyu yorulmadan, usanmadan edə bilərlər”

İyunun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində nəşr olunan “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimat mərasimi keçirilib.

Müvafiq qurumların nümayəndələrinin, alimlərin və mütəxəssislərin iştirak etdikləri mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının önəmindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu vurğulayan Ə.Amaşov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd olunub ki, kitab müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamanı - Məclisi-Məbusanının fəaliyyətinə dair “Azərbaycan” qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir.

“Azərbaycan” qəzeti 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin salnaməsi olub. Qəzetdə parlament həyatına aid dəyərli hesabatlar və şərhlər var. Nəşr tariximizin bu mötəbər mənbəyini öyrənmək istəyən hər bir oxucu üçün faydalıdır. AZƏRTAC xəbər verir ki, kitabdakı materialları araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

Ə.Amaşov professor Şirməmməd Hüseynovun dərin elmi araşdırmalarının nəticəsi olan bu kitabın dəyərli tarixi mənbə olduğunu vurğulayıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən bəhs edib.

Bildirilib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul olunub. Bu tarixi hadisə heç zaman unudulmayacaq. Azərbaycan Xalq Cümhuriyyəti böyük mübarizələrin bəhrəsidir, onu yaradanlar daim sonsuz sevgi və məhəbbətlə anılacaqlar. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının tariximiz, elmimiz, mədəniyyətimiz üçün dəyərli töhfə olduğunu vurğulayan R.Hüseynov bu böyük salnamənin professor Şirməmməd Hüseynovun əvəzsiz xidmətlərinin bəhrəsi olduğunu diqqətə çatdırıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının keçdikləri çətin və şərəfli mübarizə yollarından danışıb.

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabı haqqında fikirlərini bölüşən B.Sadıqov bu nəşrin tariximiz üçün dəyərli mənbə olduğunu bildirib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, deputat Fazil Mustafa, professor Cahangir Məmmədli və digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, təqdim olunan kitabın əhəmiyyətindən bəhs ediblər.

Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin çox əlamətdar, unudulmaz hadisəsi olduğunu vurğulayıb, müasir müstəqil dövlətimizin uğurlarından danışıb. Alim, eyni zamanda, tariximizin daha dərindən araşdırılmasının, tədqiq olunmasının, öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən deputat Fazil Mustafa şəxsi facebook səhifəsində böyük ziyalımız, fenomen insan-ziyalı Şirməmməd müəllimlə bağlı düşüncələrini bölüşüb: “Uzun illərin zəhməti bahasına ərsəyə gəlmiş bu kitabı yaşı 90-ı adlamış qocaman bir dev adam millətimizə ərməğan etməklə bəlkə də ən böyük vətənsevərlik nümunəsi ortaya qoymuşdur. Bu həqiqətən də ictimai-siyasi həyatımızda ən əhəmiyyətli hadisə sayıla bilər. Bir-birindən maraqlı çıxışlar oldu. Söz alaraq bildirdim ki, Şirməmməd müəllim alim və ziyalının vəhdətini öz obrazında yaşadan çox az sayda şəxsiyyətlərimizdən biridir. Fikrimcə, alim - elm qarşısında məsuliyyət daşıyan seçkin şəxsdir. Ziyalı isə - cəmiyyət qarşısında məsuliyyət daşıyan seçkin şəxsdir. Alim elmə vicdanla xidmət edə bilər, ancaq cəmiyyətə biganəlik göstərməsi də normal bir təzahürdür”. F.Mustafa əlavə edib ki, ziyalının elmi bilgiləri yetərli olmaya bilər, ancaq cəmiyyətin tərəqqisi üçün hər cür fədakarlıq etməkdən çəkinməz: “Şirməmməd müəllimdə hər ikisinin tamlığını görürsən, bu səbəbdən də onun şəxsiyyətinə xüsusi dəyər verməyi bacarmalıyıq. Dini, elmi, sosial, siyasi titullar bolluğunda böyük çoxluğun həci, məşədi, kərbəlayi, professor, akademik və başqa adları adının qarşısına qoşaraq faydalı və qalıcı dəyər yarada bilmədiyi bir Azərbaycan mühitində, ada, titula, orden-medala aludə olmadan millətin şərəfli tarixini araşdırmaq, yazmaq, müdafiə etmək yalnız peşəkarlıq kimi qiymətləndirilə bilməz, bu ilk növbədə bir namuslu davranış məsələsidir. Elə namuslu davranış ki, bəhrəsini görmədiyi müstəqillik üçün canını, ailəsini fəda etmiş Rəsulzadələrin, Yusifbəylilərin, Topçubaşilərin və yüzlərlə şəhid Vətən övladının üzərimizdə olan haqqının qorunması, onların irsinin yaşanması üçün boynumuzda bir borc olaraq qalmış və qalacaqdır. Şirməmməd Hüseynovun gördüyü bu təkrarolunmaz işi ancaq səmimi və namuslu adamlar illər boyu yorulmadan, usanmadan edə bilərlər. O həm də böyük müəllimdir”. Deputat maraqlı bir xatırlatma da edib: “İllər öncəsi mürtəce görüşlərinə görə tənqid etdiyim müəllimlərdən biri mənə incik formada dedi ki; “axı mən sənin müəllimin olmuşam, niyə belə sərt tənqid edirsən?” Cavabım qısa və lakonik oldu: “Siz mənə dərs demisiniz, bu hələ müəllim olmaq mənasına gəlməz! Xudu Məmmədov mənə dərs deməyib, ancaq müəllimimdir, Azad Mirzəcanzadə dərs deməyib, ancaq müəllimimdir! Şirməmməd Hüseynov dərs deməyib, ancaq müəllimimdir!” Allah Şirməmməd müəllim kimi alim-ziyalılarımızı qorusun, Cumhuriyyətimizin 100 illiyini birlikdə qutlamağı bizlərə nəsib etsin! Sonda mesajım budur ki, bu kitabın üç cildini də alıb diqqətlə oxuyun, yerdən göbələk kimi çıxmadığımızı görəcəksiniz, üstəlik də o kişilərin etdiyinin cüzi bir hissəsini etməyə qabiliyyətimiz olmadığını görüb hərəmiz öz sahəmizdə daha ciddi çalışmalara qərar verəcəyik”.

Qeyd edək ki, Ş.Hüseynov bir neçə gün əvvəl “Yeni Müsavat”a verdiyi geniş müsahibədə Xalq Cümhuriyyəti dövrümüzü əhatə edən araşdırmaları barədə ətraflı danışmışdı və yazdığı 3 cildliyin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hədiyyə olduğunu demişdi. Dəyərli ziyalımız əməkdaşımıza onu da demişdi ki, bu kitabları dövlətin ona ayırdığı prezident təqaüdü hesabına nəşr etdirib…

interposta.info
“Yaşı 90-ı adlamış qocaman bir nəhəng...”-
“Yaşı 90-ı adlamış qocaman bir nəhəng...”-
“Yaşı 90-ı adlamış qocaman bir nəhəng...”-
“Yaşı 90-ı adlamış qocaman bir nəhəng...”-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26