Interposta.Info

"Şeytan məni yoldan çıxardı, xəcalət çəkirəm..."- Bakıda müəlliməni şikəst edən şəxs

Ölkə
 5-06-2017, 18:22     605

Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəb müəlliminə qarşı quldurluq etməkdə təqsirləndirilən Əziz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, ötən ilin sentyabrın 26-da Yasamal rayonunda 173 saylı orta məktəbin qarşısında Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nazilə Quliyeva quldurluqla üzləşib.

Naməlum şəxs Nazilə Quliyevaya hücum edərək onun əlindəki çantanı almaq istəyib. Amma Nazilə Quliyeva çantasını ona verməyib və müqavimət göstərib.

Bu zaman həmin şəxs Nazilə Quliyevanı yerə yıxaraq əlindəki çantanı alaraq qaçıb. Çantada Nazilə Quliyevaya məxsus telefon, pul və plastik bank kartı olub.

Nazilə Quliyeva həmin vaxt aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

“Təhlükəsizlik Şəhər” kamerasına baxış keçirən polislər cinayəti törədən şəxsi müəyyən ediblər.

Müəyyən edilib ki, Nazilə Quliyevaya qarşı dələduzluq edən Əziz Səmədovdur və onun Yevlax rayonunda bacısının evində olması müəyyən edilib.

Onu da əlavə edək ki, hadisə baş verən vaxtı Nazilə Quliyeva orta məktəbdə müəllimə işləyib.

İttihama münasibət bildirən Əziz Səmədov özünü qismən təqsirli bilib.

O, bildirib ki, quldurluq cinayəti törətməyib: “Mən özümü soyğunçuluqda təqsirli bilirəm. Çünki quldurluq etməmişəm, qadını yerə yıxmamışam və yerdə sürüməmişəm. Mən qadının əlindən çantanı alanda özünü yerə atdı”.

Əziz Səmədov bildirib ki, hadisədən bir gün əvvəl paytaxta qohumunun yas mərasiminə gəlib. Amma geri qayıtmağa pulu olmayıb.

"Özümü ora-bura vursam da, pul qazanmaq üçün işləməyə yerdə tapmadım. Hadisə baş verən günü səhər saatlarında dayanacaqda dayanmışdım. Bir qadın, onun çiynində də çanta gördüm. Şeytan məni yoldan çıxardı, qadının əlindən çantanı almaq qərarına gəldim. Mən heç vaxt oğurluq edən adam deyiləm. Belə hadisə bilmədən oldu. Şeytana lənət olsun”- deyən Əziz Səmədov ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirib.

Daha sonra şahid qismində ifadə verən Nazilə Quliyevanın oğlu Anar Quliyev ifadə verib. Onun sözlərinə görə, məlum hadisələrdən sonra anası yeriyə bilmir.

Anar Quliyev bildirib ki, hadisədən sonra Əziz Səmədovun yaxınları onlarla əlaqə saxlamayıb, xəstəxana xərclərini ödəməyiblər.

Bu zaman söz alan Əziz Səmədov Nazilə Quliyevaya qarşı etdiyi hərəkətə görə üzr istədiyini bildirib: “Bu hadisənin baş verməsinə görə xəcalət çəkirəm. Üç övladım var, zərərçəkmiş məni bağışlasın”.

Növbəti proses iyunun 12-də davam edəcək.

Əziz Səmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26