Interposta.Info

Millət vəkilləri bu qanuna etiraz etdi, spiker razılaşdı

Ölkə
 1-06-2017, 07:30     1 237

Bu gün Milli Məclisdə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva dəyişikliyin daha çox qeyri-müəyyənlik yaradacağını deyib və dəyişikliyin bu şəkildə qəbul edilməsinin əleyhinə çıxıb.

Axar.az xəbər verir ki, qanunun 46-cı maddəsinin 2-1-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “ictimai çimərliklər” sözləri ilə əvəz edilib. Q.Paşayeva deyib ki, bu dəyişikliyə əsasən əvvəllər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, digər obyektlərə qadağalar vardısa, bu dəyişikliklə ictimai çimərliklərdən başqa digər qurumlara, şəxslərə, özəl çimərliklərə bu qadağa olmayacaq və bu, dəniz sahillərinin hasarlanması ilə bağlı onsuz da yaxşı olmayan vəziyyəti daha da pisləşdirə bilər:

“Dəniz sahillərinin hasarlanmasının artması hamımızı ciddi narahat edir, amma bu dəyişikliklə bu proses daha da surətlənə bilər. Bundan başqa, millət vəkilləri həmkarlarımın da söylədiyi kimi, “ictimai çimərlik” anlayışı qanunda yoxdur. Azərbaycanda çimərliklərin böyük əksəriyyəti özəldir. Bu dəyişiklik qəbul edilərsə, onda belə çıxacaq ki, qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər. Bu dəyişiklikdə ziddiyyət var. Onsuz da qanunun bu maddəsinin həyata keçməsində ciddi problemlər var, istər hasarlarla bağlı məsələdə, istərsə də dəniz sahilində 200 metrdən bir insanların və avtomobillərin keçməsi üçün yolların olmasında. Biz vəziyyətin yaxşılaşması, qanunun tələblərinin reallaşması üçün mübürizəni gücləndirməliyik. Bu dəyişiklik isə vəziyyəti daha da ağırlaşdıra bilər. Yay aylarında özəlliklə insanlarımızın dəniz sahillərindən rahat istifadə edə bilmə imkanlarının daha da genişlənməsinə böyük ehtiyac var. Hər kəsin imkanından asılı olmayaraq dənizdən, dəniz sahilindən istifadə edə bilmək imkanları genişləndirilməlidir. Ölkə başçısının da tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır. Qanunsuz hasarlar sökülməli, dənizə gedən yolda olan maneələr aradan qaldırılmalıdır. Ona görə də bu məsələyə təkrar baxılması, sonra müzakirəsi daha yaxşı olar”.

Bir sıra millət vəkillərinin bu məsələ ilə bağlı çıxışlarından sonra spiker Oqtay Əsədov qeyd edib ki, həqiqətən də qanunda müəyyən boşluqlar var:
“Eldar Quliyev bunu izah edə bilməyəcək. Ona görə də qanuna təklif edən dəyişikliyi saxlayırıq. Gələn dəfə müzakirə edərik” .

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26